Pentaqon: ABŞ-nin İranla müharibəsi 25 milyard dollara başa gəlib
ABŞ Müdafiə Nazirliyinin yüksəkvəzifəli rəsmisi bildirib ki, ölkənin İranla müharibəsinin dəyəri 25 milyard dollar təşkil edib. Bu rəqəm münaqişənin xərclərinə dair ilk rəsmi qiymətləndirmə sayılır.
Pentaqonun baş maliyyə direktoru Culs Herst aprelin 29-da Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində bildirib ki, xərclərin əsas hissəsi sursatlara sərf olunub.
ABŞ-nin İrana qarşı hücumları fevralın 28-də başlayıb. Hal-hazırda tərəflər arasında kövrək atəşkəs qüvvədədir.
CENTCOM: ABŞ dəniz blokadasında vacib mərhələyə çatıb
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran limanlarına tətbiq etdiyi dəniz blokadasının aprelin 29-da vacib mərhələyə çatdığını açıqlayıb.
CENTCOM-un komandiri admiral Bred Kuper "X" platformasında yazıb: "ABŞ qüvvələri blokadanı pozmağa çalışan 42 kommersiya gəmisini istiqamətini dəyişməyə məcbur edib".
"Hazırda 41 tankerdə olan 69 milyon barel nefti İran rejimi sata bilmir. Bu, 6 milyard dollardan çox vəsait deməkdir. İran rəhbərliyi bundan maliyyə baxımından faydalana bilməz", - o vurğulayıb.
Admiral Kuper aprelin 13-dən qüvvədə olan blokadanı "çox effektiv" adlandırıb.
Tramp BƏƏ-nin OPEC-dən çıxmaq qərarını alqışlayıb
ABŞ prezidenti Donald Tramp Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Neft İxrac Edən Ölkələr Təşkilatından (OPEC) çıxmaq qərarını alqışlayıb.
"Məncə, bu əladır", – Tramp mətbuat konfransında deyib. O, BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl-Nəhyanı "çox ağıllı" adlandıraraq bildirib ki, "o, ola bilsin, öz yolu ilə getmək istəyir".
OPEC əsas neft istehsalçısı ölkələrin birliyidir və qlobal neft qiymətlərinə təsir göstərmək məqsədilə hasilat səviyyələrini koordinasiya edir.
Tramp BƏƏ-nin qərarını "benzinin qiymətini aşağı salmaq üçün yaxşı addım" adlandırıb.
Aprelin 28-də BƏƏ mayın 1-dən etibarən OPEC və OPEC+ formatından çıxacağını açıqlayıb. Bu qərar ekspertlər üçün gözlənilməz olmayıb, çünki BƏƏ-nin neft hasilat gücü OPEC-in müəyyən etdiyi kvotadan daha yüksəkdir.
Tramp eyham vurub ki, BƏƏ-nin bu addımı OPEC-ə problem yarada bilər.
BƏƏ qərarını elan etdikdən sonra neft qiymətləri qısa müddətə düşüb. Lakin İran-ABŞ danışıqlarında yaranan çıxılmaz vəziyyət və Trampın ABŞ-nin İran limanlarına qarşı blokadanı davam etdirəcəyini açıqlaması neft qiymətlərində yeni sıçrayışa səbəb olub.
İran prezidenti: ABŞ-nin dəniz blokadası 'uğursuzluğa düçar olacaq'
İran prezidenti Məsud Pezeşkian aprelin 30-da bildirib ki, ABŞ-nin İran limanlarına qarşı tətbiq etdiyi dəniz blokadası region ölkələrinin maraqlarına ziddir və nəticədə uğursuz olacaq.
Fars Körfəzi Milli Günü münasibətilə keçirilən tədbirdə Pezeşkianın yazılı müraciətini hökumətin sözçüsü Fatimə Mühacirani oxuyub. Pezeşkian deyib ki, regionun təhlükəsizliyi "yalnız kollektiv əməkdaşlıq və sahilyanı dövlətlərin suverenliyinə qarşılıqlı hörmət çərçivəsində məna kəsb edir".
"Bu regiona blokada və dəniz məhdudiyyətləri tətbiq etmək cəhdləri beynəlxalq hüquqa ziddir, region xalqlarının maraqlarına, qlobal sülh, sabitliyə qarşıdır və uğursuzluğa məhkumdur", – o bildirib.
İslamabadda ABŞ-İran danışıqları dalana dirəndikdən sonra, aprelin 13-də ABŞ ordusu prezident Donald Trampın göstərişi ilə İrana qarşı dəniz blokadasına başlayıb. Fevralın 28-də ABŞ və İsrail İranla müharibəyə başladıqdan sonra Tehran Hörmüz boğazını faktiki olaraq bağlayıb və bu strateji su yoluna ciddi nəzarət edir.
Tramp aprelin 29-da bildirib ki, dəniz blokadası İran hökuməti nüvə proqramı ilə bağlı Vaşinqtonun narahatlıqlarını aradan qaldıracaq sazişə razılıq verənədək qüvvədə qalacaq.
Trampın bu açıqlamasından sonra xam neftin bir barelinin qiyməti 126 dollara yüksəlib.