Yaponiya gəmisi Hörmüz boğazından təhlükəsiz keçib
Fars körfəzində qalan Yaponiya gəmisi aprelin 29-da Hörmüz boğazından təhlükəsiz keçib və üç yaponiyalı ekipaj üzvü ilə birlikdə vətənə doğru istiqamət alıb. Bu barədə Yaponiyanın baş naziri Sanae Takaiçi aprelin 29-da "X" sosial şəbəkəsində məlumat paylaşıb.
Baş nazir bildirib ki, bütün ölkələrin gəmiləri üçün boğazda azad və təhlükəsiz naviqasiyanın tezliklə bərpası vacibdir. O, bu mövqeyini İran prezidenti Məsud Pezeşkiana çatdırdığını da əlavə edib.
İran Hörmüz boğazından kommersiya gəmilərinin keçidini məhdudlaşdırıb, ABŞ isə İran limanlarına daxil olan və ya oradan çıxan bütün gəmilərə dəniz blokadası tətbiq edir. Bu gərginlik dəniz nəqliyyatının kəskin azalmasına və qlobal neft daşımalarında pozuntulara səbəb olub.
Tramp: İran 'yaxşı olar, tezliklə ağıllansın'
ABŞ prezidenti Donald Tramp İranın nüvə silahından azad razılaşma əldə etmək gücündə olmadığını bildirib. O, aprelin 29-da "Truth Social" platformasında yazdığı paylaşımda deyib: "İran özünü toparlaya bilmir. Onlar nüvə silahı olmayan bir razılaşmanı necə imzalamağı bilmirlər. Yaxşı olar ki, tezliklə ağıllarını başlarına yığsınlar!".
Tramp belə bir razılaşmanın konkret hansı maddələri əhatə edəcəyini izah etməyib. Paylaşımda həmçinin süni intellektlə düzəldilmiş bir şəkil də yer alıb: Trampın əlində pulemyot, gözündə aviator gün eynəyi, arxa planda isə alovlar əks olunub.
Bu arada, İranla ABŞ arasında atəşkəs fonunda aparılan danışıqlar dalana dirənib. İslamabadda keçirilən son görüşdə müsbət nəticə əldə olunmayıb.
Bu həftənin əvvəlində yayılan xəbərlərə görə, İran Hörmüz boğazını açmaq müqabilində ABŞ hərbi qüvvələrinin dəniz blokadasının ləğvini təklif edib. ABŞ rəsmilərinin bu təklifi qəbul etmədiyi bildirilir. ABŞ dövlət katibi Marko Rubio isə təklifi açıq şəkildə "qəbuledilməz" adlandırıb.
İran rəsmiləri bu məsələyə münasibət bildirməyiblər. Lakin İran mediasında dəniz blokadasının qaldırılması ABŞ ilə hər hansı razılaşma üzrə danışıqların başlanması üçün ilkin şərt kimi qeyd edilir. Tehranın nüvə proqramını dayandırmaqdan imtina etməsi isə İran-ABŞ danışıqlarının uğursuzluğa uğramasının əsas səbəblərindən biri kimi göstərilir.
Tramp Netanyahudan Livanda müharibəni tam bərpa etməməyi istəyib
ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Binyamin Netanyahuya bildirib ki, İsrail Livanda yalnız "cərrahi dəqiqliklə" planlaşdırılmış zərbələr endirməli və müharibəni yenidən başlatmamalıdır. Prezident bunu "Axios"a verdiyi müsahibədə deyib.
"Netanyahuya dedim ki, bunu daha cərrahi şəkildə etməlidir. Binaları dağıtmaq olmaz. O bunu edə bilməz. Bu, çox dəhşətlidir və İsraili pis göstərir", – Tramp aprelin 29-da dərc olunan müsahibədə vurğulayıb.
O əlavə edib ki, Livanın rəhbərliyini bəyənir və Yaxın Şərqin çətin vəziyyətdə olan bu ölkəsinin yenidən dirçələ biləcəyini düşünür.
"Livanı İran məhv edib. Onların proksisi olan "Hizbullah" da Livanı məhv edib. İran sıradan çıxarılanda "Hizbullah" avtomatik olaraq sıradan çıxacaq", – prezident bildirib.
Həm silahlı qruplaşma, həm də siyasi partiya olan "Hizbullah" Livanın cənubuna böyük ölçüdə nəzarət edir. ABŞ bu qruplaşmanı terror təşkilatı hesab edir. Avropa İttifaqı isə təşkilatın yalnız silahlı qanadını qara siyahıya alıb, siyasi qanadını isə yox.
İsrail, əsasən, Livanın cənubunda və Beyrut yaxınlığında "Hizbullah"la əlaqəli olduğu güman edilən hədəflərə dağıdıcı hava zərbələri endirir. "Hizbullah" isə buna cavab olaraq İsrail ərazisinə raketlər və dronlar göndərir.
Livan və İsrail liderlərinin razılaşdırdığı və Trampın elan etdiyi atəşkəsə baxmayaraq, döyüşlər hələ də davam edir.
Heqset Konqresdə İranla müharibəni müdafiə edib
ABŞ-nin müdafiə naziri Pit Heqset aprelin 29-da Konqresdəki çıxışında İranla müharibəni müdafiə edib və münaqişəni tənqid edən demokrat konqresmenləri hədəfə alıb.
Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsindəki dinləmədə o, deyib: "Buna "bataqlıq" deyirsiniz, bununla düşmənlərimizə təbliğat yemi verirsiniz? Belə danışdığınıza görə utanmalısınız".
Heqset Konqresdəki demokratları "məsuliyyətsiz, səmərəsiz və məğlubiyyətçi" adlandırıb.
Aprelin 22-də ABŞ Senatı demokratların prezident Donald Trampın İrana qarşı hərbi gücdən istifadə səlahiyyətini məhdudlaşdırmaq təşəbbüsünü 51-46 səs fərqi ilə rədd edib. Səkkiz həftədir davam edən müharibə dövründə demokratlar bununla bağlı artıq beşinci dəfə cəhd göstəriblər.
Təşəbbüsü Viskonsin ştatından senator Temmi Bolduin irəli sürüb. Məqsəd Konqresin icazə vermədiyi hallarda ABŞ qüvvələrinin İranla münaqişədən çıxarılması olub.
Demokratlar müharibə səlahiyyətləri ilə bağlı yenə də səsvermə təşəbbüsləri irəli sürəcəklərini bildirirlər.