İran İraqda kürd müxalif qrupunu vurmaqda ittiham olunur
Aprelin 22-də İraqın Kürdüstan muxtar regionuna dron zərbələri İran kürd üsyançı qrupunun üç üzvünü yaralayıb. Kürdüstan Azadlıq Partiyası (PAK) hücuma görə İranı günahlandırıb.
Qrup bildirib ki, Ərbil vilayətinin Xabat rayonundakı bazalarına dörd dron hücum edib, yüngül xəsarətlər qeydə alınıb.
Bu hücumun ABŞ və İsrailin İrana müharibəsində aprelin 8-dən qüvvədə olan həssas atəşkəs dövründə baş verdiyi bildirilir.
Tehran İraq Kürdüstanındakı İran kürd qruplarını dəfələrlə hədəfə alıb. İran bu qrupları "terror təşkilatları" adlandırır, onları Qərb və ya İsrailin maraqlarına xidmət etməkdə suçlayır.
Fevralın 28-də müharibə başlamazdan bir neçə gün əvvəl PAK mühacirətdə olan dörd qrupla birlikdə İranda İslam Respublikasını devirmək, kürdlərin öz müqəddəratını təyin etməsini təmin etmək məqsədilə koalisiya yaradıb.
Kürdlər İranın ən böyük etnik azlıqlarından biridir. Bəzi hesablamalara görə əhalinin 10 faizə qədərini təşkil edir. Onlar əsasən ölkənin qərbində, İraq və Türkiyə sərhədləri boyunca məskunlaşıblar.
SEPAH Hörmüzdə iki gəmini ələ keçirdiyini bildirir
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazından "gizli şəkildə" çıxmağa çalışan iki gəmini ələ keçirdiyini bildirib.
SEPAH-ın dəniz qüvvələri bu gün – aprelin 22-də "pozuntuya yol verən" gəmilərin saxlandığı barədə bəyanat yayıb.
Gəmilərdən birinin İsrailə məxsus "MSC Francesca", digərinin "Epaminodes" olduğu açıqlanıb.
İran tərəfi gəmilərin yüklərinin və sənədlərinin yoxlanılması məqsədilə ölkənin ərazi sularına aparıldığını qeyd edib.
Elə bu gün İranın dövlət mediası yazıb ki, silahlı qüvvələr ölkə sahilləri yaxınlığında üç yük gəmisinə hücum edərək onları sıradan çıxarıb.
SEPAH fevralın 28-dən etibarən Hörmüz boğazını ticarət gəmiləri və neft tankerləri üçün bağlayıb. ABŞ və İsraillə müharibədə aprelin 8-də atəşkəs elan olunanda boğaz cəmi bir gün açıq qalıb. Tərəflər arasında danışıqlar alınmayandan və ABŞ İran limanlarına qarşı dəniz blokadasına başlayandan sonra boğaz yenidən bağlanıb.
ABŞ müharibəni bitirmək üçün İrandan 'vahid' təklif istəyir
ABŞ prezidenti Donald Tramp Vaşinqtonun müharibəni dayandırmaq təkliflərinə Tehrandan "vahid" cavab gözləyir və hələlik konkret bir son tarix (ultimatum) müəyyən etməyib. Ağ evin bu açıqlaması Trampın aprelin 22-də başa çatmalı olan atəşkəs rejimini birtərəfli qaydada uzatmasından bir gün sonra yayılıb.
Ağ evin mətbuat katibi Kerolayn Livitt jurnalistlərə açıqlamasında bildirib ki, prezident Tramp İran rejiminə öz mövqeyini dəqiqləşdirməsi üçün zaman və manevr imkanı verir. O, hazırda Tehranda ciddi daxili fikir ayrılıqlarının yaşandığını iddia edib: "Hazırda İranda praqmatiklər ilə sərt xətt tərəfdarları arasında mübarizə gedir. Prezident isə vahid mövqe və cavab gözləyir. Bu cavabı gözlədiyimiz müddətdə hərbi və kinetik zərbələr üzrə atəşkəs qüvvədə qalacaq. İqtisadi təzyiq və dəniz blokadası davam edir".
Livitt həmçinin 'Fox News' telekanalına müsahibəsində vurğulayıb ki, danışıqlar çərçivəsində İran özünün zənginləşdirilmiş uran ehtiyatını ABŞ-yə təhvil verməyə razılaşmalıdır.
Müharibə fevralın 28-də ABŞ və İsrailin İrana hava zərbələri ilə başlayıb. Aprelin 11-12-də İslamabadda keçirilən danışıqlar nəticəsiz qalıb. Bu həftə planlaşdırılan yeni raund hələlik baş tutmayıb: Tehran iştirakını təsdiqləməyib, ABŞ nümayəndə heyəti isə Pakistana yola düşməyib.
İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibaf, öz növbəsində, ABŞ-nin dəniz blokadasını kəskin tənqid edib. O, aprelin 13-dən tətbiq edilən blokadanın atəşkəsin kobud şəkildə pozulması olduğunu bildirib. Qalibaf 'X' platformasında yazıb: "Atəşkəs bu cür açıq şəkildə pozulduğu bir şəraitdə Hörmüz boğazının yenidən açılması mümkün deyil".
İran müharibə başlayandan az sonra Hörmüz boğazını faktiki olaraq bağlayıb. Qlobal neft və mayeləşdirilmiş təbii qaz tədarükünün 1/5-i buradan keçir.
Senat Trampın İranla bağlı hərbi səlahiyyətlərini məhdudlaşdırmaqdan yenə imtina etdi
Aprelin 22-də ABŞ Senatı 51-46 səs fərqi ilə demokratların prezident Donald Trampın İrana qarşı hərbi gücdən istifadə səlahiyyətlərini məhdudlaşdırmaq cəhdini rədd edib.
Bu, artıq səkkiz həftədir davam edən münaqişə dövründə analoji məqsədlə irəli sürülən beşinci uğursuz təşəbbüsdür. Viskonsin ştatından senator Temmi Bolduinin müəllifi olduğu təklifə görə, ABŞ Silahlı Qüvvələri İran daxilində və ya ona qarşı hərbi əməliyyatlar keçirməsi üçün Konqresin xüsusi icazəsini almalı, əks halda qoşunlar geri çəkilməlidir.
Demokrat Con Fetterman respublikaçı çoxluqla birlikdə təşəbbüsün əleyhinə səs verib. Respublikaçı Rend Pol isə partiya xəttindən kənara çıxaraq demokratlara qoşulub və təklifi dəstəkləyib.
Demokratlar bildiriblər ki, müharibə səlahiyyətlərinin məhdudlaşdırılması istiqamətində yeni səsvermələrin keçirilməsinə çalışacaqlar.