İran böhranına görə Avropanı çətin yay gözləyir
İran müharibəsi və Hörmüz boğazının bağlanması nəticəsində yaranan yanacaq qıtlığına görə hətta ən yaxşı halda belə Avropanı qarşıda çətin yay gözləyir. Bu barədə Avropa İttifaqının (Aİ) energetika məsələləri üzrə komissarı Dan Yörqensen bildirib.
Yörqensen Madriddə jurnalistlərə deyib ki, Aİ müharibənin aviasiya yanacağı tədarükünə təsirini azaltmaq üçün tədbirlər hazırlayır: "Gərəkərsə, mövcud aviasiya yanacağı resurslarımızı üzv ölkələr arasında yenidən bölüşdürə və paylaşa bilərik".
Avropa aviaşirkətləri artıq xəbərdarlıq ediblər ki, Hörmüz boğazının bağlanması yaxın həftələrdə ciddi yanacaq qıtlığına səbəb ola bilər.
Avropanın aviasiya yanacağının təxminən 75 faizi Yaxın Şərqdən gəlir.
Müharibə başlayandan İranda azı 3 min 600 nəfər saxlanılıb
İran İnsan Haqları Təşkilatının (IHRNGO) məlumatına görə, ABŞ və İsraillə müharibənin başlanmasından bəri ölkədə azı 3 min 646 nəfər saxlanılıb.
Norveçdə yerləşən hüquq müdafiə təşkilatı bildirir ki, azı 767-si aprelin 8-də İran və ABŞ arasında müvəqqəti atəşkəs qüvvəyə minəndən sonra saxlanılıb. Onların arasında tanınmış hüquq müdafiəçisi Nəsrin Sotudə də daxil olmaqla, azı 111 mülki və siyasi fəal var.
IHRNGO vurğulayır ki, ölkədə internet blokadası səbəbindən həbslərin gerçək sayı qat-qat çox ola bilər. Bir çox hallarda saxlanılan şəxslərin yeri və vəziyyəti barədə məlumat verilmir, bu isə ailələrinin onların taleyi ilə bağlı narahatlığına səbəb olur.
ABŞ İrana 'maddi dəstək' daşıyan daha bir gəmini ələ keçirib
ABŞ Hərbi-Dəniz Qüvvələri aprelin 20-si gecə saatlarında Hind-Sakit okeanı sularında "M/T Tifani" tankeri insidentsiz ələ keçirib.
"Biz qanunsuz şəbəkələri pozmaq, İrana maddi dəstək göstərən sanksiya altındakı gəmiləri saxlamaq üçün qlobal dəniz nəzarəti tədbirlərini davam etdirəcəyik", – Pentaqonun bəyanatında bildirilir.
"Beynəlxalq sular sanksiya altında olan gəmilər üçün sığınacaq deyil", – bəyanatda vurğulanır.
Nazirlik hərbi helikopterlərin neft tankerinin üzərində uçduğunu və göyərtəyə endiyini göstərən görüntüləri yayıb.
Bu, ABŞ-nin aprelin 19-da İrana qarşı dəniz blokadası tətbiq edəndən bəri birbaşa müdaxilə ilə nəzarətə götürdüyü ikinci gəmidir.
İslam Respublikası dəniz blokadasını və gəminin ələ keçirilməsini "atəşkəsin pozulması" kimi qiymətləndirib.
SOCAR: 'İstədikləri vaxt Pakistana maye qaz göndərə bilərik'
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İslamabaddan rəsmi müraciət daxil olan kimi Pakistana mayeləşdirilmiş təbii qaz (LNG) tədarük etməyə hazır olduğunu bildirib. Bu barədə şirkətdən aprelin 21-də "Reuters" agentliyinə məlumat verilib.
Pakistan ciddi enerji çatışmazlığını həll etmək üçün hazırda dünya bazarından dərhal çatdırılma şərti ilə (spot) qaz axtarır.
SOCAR-ın məlumatına görə, 2025-ci ildə "SOCAR Trading" ilə "Pakistan LNG" arasında imzalanmış çərçivə sazişi bu ölkəyə sürətləndirilmiş prosedurla birbaşa mayeləşdirilmiş təbii qaz almaq imkanı verir.
Pakistanın enerji balansı qazdan yüksək dərəcədə asılıdır. Daxili hasilatın azalması, İran-ABŞ-İsrail müharibəsi fonunda təchizatın pozulması, qlobal LNG qiymətlərinin qeyri-sabitliyi İslamabadı çətin iqtisadi vəziyyətlə üz-üzə qoyub.