Tramp atəşkəsi uzatmaq istəmədiyini deyir
ABŞ prezidenti Donald Tramp rəsmi Tehranla mövcud atəşkəs rejiminin müddətini uzatmaq niyyətində olmadığını bəyan edib. "Bu qədər vaxtımız yoxdur", – o, aprelin 21-də CNBC-yə açıqlamasında bildirib.
Prezident ABŞ-nin danışıqlarda güclü mövqedə olduğunu vurğulayıb.
Vaşinqton yaxın vaxtlarda Pakistanda sülh danışıqlarının yeni raundunun keçirilə biləcəyini elan edib. İran rəsmisi isə Tehranın bu danışıqlara qoşulmağı nəzərdən keçirdiyini deyib.
Tramp xəbərdarlıq edib ki, yaxın zamanda razılaşma əldə olunmasa, ABŞ hücumları bərpa edəcək. Onun sözlərinə görə, hərbi qüvvələr dərhal əməliyyata başlamağa tam hazırdır və diplomatiya yenidən uğursuzluğa düçar olarsa, bombardmandan gələcək danışıqlarda təzyiq vasitəsi kimi istifadə olunacaq.
Pakistan: Hələ də İranın cavabını gözləyirik
İslamabad İrandan ABŞ ilə sülh danışıqlarında iştirakını rəsmən təsdiqləməsini gözləyir, Tehranla daimi əlaqə saxlayır. Bunu Pakistanın informasiya naziri Attaullah Tarar bildirib.
Tarar aprelin 21-də X platformasında yazıb ki, atəşkəs aprelin 22-si Bakı vaxtı ilə gecə saat 3:50-də başa çatır və İranın qərarı "kritik əhəmiyyət" daşıyır.
ABŞ prezidenti Donald Tramp isə bildirib ki, atəşkəs aprelin 22-də bitəcək və onun uzadılmasını istəmir.
Tramp İranla atəşkəs müddətini uzatdı
ABŞ prezidenti Donald Tramp aprelin 21-i axşam saatlarında İranla mövcud atəşkəs rejiminin müddətini uzatdığını elan edib. Bu qərar ikihəftəlik müvəqqəti barışığın başa çatmasına cəmi bir sutka qalmış verilib.
Tramp özünün "Truth Social" hesabında paylaşdığı bəyanatda atəşkəsin Pakistan rəhbərliyinin xahişi ilə uzadıldığını bildirib.
Ağ ev rəhbəri yeni bir son tarix açıqlamasa da, Vaşinqtonun Tehran tərəfindən "vahid və konkret" sülh təklifi gələnə qədər gözləyəcəyini vurğulayıb. Trampın fikrincə, hazırda İranın siyasi rəhbərliyində ciddi parçalanma müşahidə olunur.
Rəsmi Tehran hələlik Trampın bu bəyanatına reaksiya verməyib.
Bundan əvvəl İran rəsmiləri indiki şərtlər daxilində İslamabad danışıqlarının ikinci raunduna qatılmayacaqlarını açıqlamışdılar. Bir sıra KİV-lərin məlumatına görə, vitse-prezident Cey Di Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti də Pakistana planlaşdırılan səfərini hələlik təxirə salıb.
Qalibafın sözçüsü: Atəşkəsin uzadılması 'vaxt qazanmaq üçün hiylədir'
ABŞ prezidenti Donald Trampın atəşkəsin uzadılması ilə bağlı açıqlaması qəfil zərbə üçün "vaxt qazanmaqdan ötrü hiylədir". Bunu İran parlamenti spikerinin sözçüsü aprelin 21-də gecə deyib.
İranın danışıqlarda əsas təmsilçisi Məhəmməd Baqer Qalibafın sözçüsü sosial şəbəkədə yazıb ki, ABŞ-nin İran limanlarına blokadanı saxlaması "bombardmandan fərqlənmir və buna hərbi cavab verilməlidir".
Bu açıqlamalar Vaşinqton və Tehranın razılaşdırdığı ikihəftəlik atəşkəsin bitməsinə saatlar qalmış səslənib. Atəşkəs aprelin 22-də başa çatmalı idi. Prezident Tramp onun müddətini uzatdığını bildirib, amma konkret son tarix açıqlamayıb.