Keçid linkləri

2026, 28 İyun, bazar, Bakı vaxtı 05:07
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.

ABŞ İrana zərbələr endirib

ABŞ və İsrail fevralın 28-də səhər İrandakı hədəflərə zərbələr endirməyə başlayıb. İran buna İsrail və regiondakı digər ölkələrdə ABŞ bazalarına raket, həmçinin dron hücumları ilə cavab verib. Aprelin 8-də Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında iki həftəlik atəşkəs elan olunub, danışıqlara start verilib.

Cey Di Vens İranla danışıqlar üçün Pakistana gedib

ABŞ prezidenti Donald Tramp "New York Post"a deyib ki, vitse-prezident Cey Di Vensin başçılıq etdiyi nümayəndə heyəti İranla danışıqlar aparmaq üçün Pakistana yola düşüb.

"Məqsədimiz danışıqlar aparmaqdır... Güman edirəm ki, hazırkı məqamda heç kəs oyun oynamır", – Tramp vurğulayıb. "Post" müsahibəni aprelin 20-si səhər saatlarında aldığını yazır.

Hələlik nə İran, nə də Pakistan tərəfi bu görüşü rəsmən təsdiqləyib. İran Xarici İşlər Nazirliyinin sözçüsü Tehranın danışıqların növbəti raundunda iştirak etmək planının olmadığını bildirib.

Eyni zamanda, "Reuters" İranın yüksəkrütbəli rəsmisinə istinadən xəbər verir ki, Tehran ABŞ ilə potensial sülh danışıqlarına müsbət yanaşır, lakin bu barədə hələlik yekun qərar qəbul olunmayıb.

Tramp: İranla atəşkəsin uzadılması ehtimalı 'çox aşağıdır'

ABŞ prezidenti Donald Tramp "Bloomberg"ə müsahibəsində bildirib ki, sülh sazişi bağlanmasa, İranla atəşkəsin uzadılması ehtimalı "olduqca aşağıdır".

Aprelin 22-də Pakistanın vasitəçiliyi ilə əldə edilmiş ikihəftəlik atəşkəsin müddəti başa çatır.

Qalibaf: 'İranın ABŞ və İsraillə müharibədə yeni kartları var'

İran ABŞ və İsraillə müharibədə "yeni kartlarını açmağa hazırdır". Bunu İran parlamentinin sədri, danışıqlarda ölkənin əsas təmsilçisi Məhəmməd Baqer Qalibaf deyib.

"Donald Tramp blokada tətbiq etməklə və atəşkəsi pozmaqla öz təsəvvüründə danışıqlar masasını "təslim masası"na çevirməyə, yaxud yenidən müharibə ritorikasını əsaslandırmağa çalışır", – Qalibaf aprelin 20-də gecə saatlarında X platformasında yazıb.

"Biz təhdid kölgəsi altında danışıqları qəbul etmirik. Son iki həftə ərzində döyüş meydanında yeni kartlarımızı açmaq üçün bütün hazırlıqları görmüşük", – o bildirib.

Ələ keçirilən İran gəmisinin ikili təyinatlı yük daşıdığı ehtimal olunur

ABŞ qüvvələrinin aprelin 19-da ələ keçirdiyi İran bayraqlı "Touska" konteyner gəmisinin Vaşinqtonun ikili təyinatlı saydığı yük daşıdığı ehtimal olunur. Söhbət həm mülki, həm də hərbi məqsədlər üçün istifadə oluna bilən yükdən gedir. Bu haqda "Reuters" aprelin 20-də dəniz təhlükəsizliyi mənbələrinə istinadla xəbər yayıb.

Sanksiya altında olan IRISL şirkətinə məxsus gəmi Oman körfəzində, İranın Çabahar limanı yaxınlığında saxlanılıb.

ABŞ Mərkəzi Komandanlığı bildirib ki, ekipaj altı saat ərzində xəbərdarlıqlara məhəl qoymayıb, gəmi ABŞ-nin dəniz blokadasını pozub.

Asiya səfərindən qayıdan gəminin göyərtəsindəki yüklərin növü hələlik dəqiqləşdirilməyib. Mənbələrdən biri "Touska"nın əvvəllər də bənzər yüklərin daşınmasında iştirak etdiyini vurğulayıb.

Davamı

XS
SM
MD
LG