Tramp: İsrail və Livan 10 günlük atəşkəsə razılaşıb
ABŞ prezidenti Donald Tramp İsrail və Livanın müvəqqəti atəşkəs barədə razılığa gəldiyini açıqlayıb. Bu barədə o, özünün "Truth Social" platformasında məlumat yayıb.
Tramp Livan prezidenti Jozef Aun və İsrailin baş naziri Binyamin Netanyahu ilə "məhsuldar" müzakirələr apardığını bildirib: "Hər iki lider ölkələri arasında sülh prosesinə dəstək olaraq 10 günlük rəsmi atəşkəs elan etməyə razılaşıb. İnanıram ki, sülh çox yaxında bərqərar olacaq".
Razılaşmaya əsasən, atəşkəs aprelin 17-si gecəyarı qüvvəyə minir. Tramp hər iki lideri danışıqlar üçün Vaşinqtona dəvət edib.
İsrail daxilində bəzi nazirlər atəşkəslə bağlı kabinetdə səsvermə keçirilməsini tələb etsələr də, baş nazir Netanyahu hələlik buna ehtiyac görməyib. O, ordunun atəşkəs dövründə strateji nöqtələrdə qalacağını vurğulayıb.
Bundan əvvəl, 1993-cü ildən bəri ilk dəfə olaraq Vaşinqtonda İsrail və Livan nümayəndələri arasında birbaşa danışıqlar keçirilib. Tərəflər sərhəd demarkasiyası və humanitar məsələlərin müzakirəsi də daxil olmaqla, dialoqu qarşıdakı həftələrdə davam etdirmək barədə razılığa gəliblər.
İsrail və Livan 1948-ci ildə İsrail dövlətinin yaranmasından bəri rəsmi olaraq müharibə vəziyyətindədir.
İran builki Ordu Günü paradını ləğv edib
İran ordusunun sözçüsü, briqada generalı Məhəmməd Əkrəminiya bildirib ki, bu il ənənəvi Ordu Günü paradının keçirilməsi mümkün deyil. "Mövcud atəşkəs müharibə vəziyyətindən faktiki fərqlənmir", – o əlavə edib.
İlk dəfə 1979-cu ildə, İslam inqilabından sonra keçirilən Ordu Günü aprelin 18-nə düşür. Ruhulla Xomeyni onu İran ordusunun yeni İslam Respublikasına sədaqətini nümayiş etdirmək məqsədilə təsis edib. İlk dəfə Tehranda keçirilib, 1980-88-ci illər İran-İraq müharibəsi dövründə digər şəhərlərdə də qeyd olunmağa başlayıb.
Əkrəminiya deyib ki, bu il parad əvəzinə hərbi hissələrdə mədəni proqramlar təşkil olunacaq, zabitlər və əsgərlər cümə namazında iştirak edəcəklər.
Neft ucuzlaşır
Aprelin 17-də dünya bazarında neft ucuzlaşıb. Buna ABŞ və İran arasında həftəsonu yeni danışıqlar gözləntisi səbəb olub. Digər səbəb İsrail ilə Livan arasında 10-günlük atəşkəsin investorlarda Yaxın Şərq münaqişəsinin sona yaxınlaşmasına ümid yaratmasıdır.
"Brent" markalı neftin fyuçersləri 1.84 dollar azalaraq bir barel üçün 97.55 dollara düşüb. ABŞ-nin "West Texas Intermediate" (WTI) markalı neft fyuçersləri isə 2.16 dollar ucuzlaşaraq 92.53 dollara enib.
İsrail-Livan atəşkəsinin müvəqqəti xarakter daşıması, İsrailin İran rejimini hədəf alma niyyəti və Hörmüz boğazının yaxın müddətdə açılma ehtimalının az olması qiymətlər üçün "dayaq" rolunu oynayır. Bunu "Reuters"ə PVM analitiki Tamaş Varqa deyib.
ING təhlilçilərinin hesablamalarına görə, Hörmüz boğazının bağlı qalması günə təxminən 13 milyon barel neft nəqlinin pozulması deməkdir.
Fransa: Avropa Hörmüz boğazından təhlükəsiz keçidi təmin edə bilər
Belçika, Niderland və Fransa kimi Avropa ölkələri mina təmizləmə imkanlarına malikdir, bu isə Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidinə kömək edə bilər. Bunu Fransanın müdafiə naziri Katrin Votren aprelin 17-də bildirib.
TF1 televiziyasına müsahibəsində Votren deyib ki, gəmiləri tam müşayiət etmək imkanları var: "Bu müşayiət heç bir şəkildə aqressiv xarakter daşımır, boğazdan təhlükəsiz keçidi təmin etməyə yönəlib. Məsələ bu gün Parisdə müzakirə olunacaq".
Aprelin 17-də Fransa və Böyük Britaniyanın birgə təşkilatçılığı ilə Parisdə 40-a yaxın ölkənin nümayəndəsi bir araya gəlir. Məqsəd Hörmüz boğazında gəmilərin hərəkətini bərpa etmək üçün çoxtərəfli, müdafiə xarakterli missiya planlaşdırmaqdır.
Fevralın 28-də müharibə başlayandan İran Hörmüzü faktiki bloklayıb. Bu isə qlobal enerji bazarlarında böyük pozuntuya səbəb olub.
Aprelin 13-dən isə ABŞ İran limanlarını və sahil ərazilərini blokadaya alaraq bu ölkə ilə dəniz ticarətini məhdudlaşdırıb.