Ukraynanın xarici işlər naziri: Moskvaya qarşı da 'Amerikanın qətiyyəti' lazımdır
Ukraynanın xarici işlər naziri Andriy Sibiqa ABŞ və İran arasında Hörmüz boğazının blokadadan çıxarılması və iki həftəlik atəşkəslə bağlı razılaşmanı alqışlayıb. Nazir bunu "Amerikanın qətiyyətinin işlədiyinin göstəricisi" adlandırıb.
Sibiqa əlavə edib ki, oxşar qətiyyət indi Moskvanı atəşkəsə məcbur etmək və Ukraynaya qarşı müharibəsini dayandırmaq üçün də lazımdır.
Bakı ABŞ-İran atəşkəsini alqışlayır
Rəsmi Bakı Amerika Birləşmiş Ştatları (ABŞ) və İran arasında atəşkəsi alqışlayır.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.
Bakı bu atəşkəsin regionda gərginliyin azaldılmasına, eləcə də davamlı sülh və sabitliyin bərqərar olmasına töhfə verəcəyinə ümid edir. "Tərəfləri mövcud məsələlərin həlli istiqamətində və qarşılıqlı etimadın yaradılmasına yönəlmiş məhsuldar dialoqa çağırırıq", - XİN vurğulayır.
"Azərbaycan hər zaman regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazırdır", - bəyanatın sonunda əlavə edilir.
Qalibaf-Vens görüşü gözlənir
Aprelin 10-da Pakistandakı danışıqlarda İranı parlamentin spikeri Məhəmməd Baqer Qalibaf təmsil edəcək. Bu haqda İranın yarırəsmi ISNA agentliyi məlumat yayıb.
"Axios" isə ABŞ nümayəndə heyətinə vitse-prezident Cey Di Vensin başçılıq edəcəyini yazıb.