Bəhreyn atəşkəs elanından bir neçə saat sonra İranın zərbə endirdiyini bildirir
Bəhreyn Tehran və Vaşinqton arasında atəşkəs elan olunmasından cəmi bir neçə saat sonra İranın zərbə endirdiyini bildirib. Tərəflər hərbi əməliyyatları iki həftəlik dayandırmaq barədə razılığa gəliblər. Atəşkəsin bir şərti də İranın region ölkələrinə hücum etməməsidir.
Bəhreynin Daxili İşlər Nazirliyi hücumdan əvvəl vətəndaşlara xəbərdarlıq edib, onları sakit qalmağa və ən yaxın təhlükəsiz yerə getməyə çağırıb. Az sonra isə qurum X platformasında ölkənin Mülki Müdafiə Xidmətinin İranın hücumu nəticəsində obyektdə başlanan yanğını söndürdüyünü bildirib.
Məlumata görə, iki vətəndaş yüngül xəsarət alıb, İran dronunun zərərsizləşdirilməsi zamanı yerə düşən qəlpələr Sitra bölgəsində bir sıra evə ziyan vurub.
Starmer Körfəz regionuna yollanır
Böyük Britaniyanın baş naziri Kir Starmer aprelin 8-də Körfəz regionuna səfər edəcəyini açıqlayıb. O, ABŞ və İran arasında müvəqqəti atəşkəs elan olunmasının ardından region liderləri ilə görüşəcək.
Baş nazirin ofisi bildirib ki, səfərin məqsədi atəşkəsi qorumaq, onu uzunmüddətli razılaşmaya çevirmək üçün diplomatik səyləri gücləndirməkdir. Onun aprelin 10-da Böyük Britaniyaya qayıdacağı gözlənilir.
Starmer bəyanatında iki həftəlik atəşkəs razılaşmasını alqışladığını bildirib, bunu region və dünya üçün "sakitlik anı" adlandırıb. O vurğulayıb ki, Britaniya tərəfdaşları ilə birlikdə atəşkəsi dəstəkləmək və davam etdirmək üçün çalışacaq.
Bu səfər atəşkəs elanından öncə planlaşdırılmışdı.
ABŞ prezidenti Donald Tramp bundan öncə Britaniya liderini ABŞ və İsrailin İrana hücumlarını dəstəkləmədiyinə görə tənqid etmişdi.
Zelenski Ukraynanın Rusiya ilə atəşkəsə hazır olduğunu deyir
Aprelin 8-də Ukrayna prezidenti Volodimir Zelenski ABŞ və İranın əldə etdiyi atəşkəsi alqışladığını bildirib. O əlavə edib ki, Moskva zərbələri dayandırarsa, Kiyev də eyni şəkildə cavab verməyə hazırdır.
"Ukrayna hər zaman Rusiyanın Avropada dövlətimizə və xalqımıza qarşı apardığı müharibədə atəşkəsə çağırıb. Biz Yaxın Şərqdə və Körfəz regionunda diplomatik səylərə yol açan atəşkəsi dəstəkləyirik", – prezident X platformasında yazıb.
İranda 40 gündür internet kəsilib
ABŞ və İranın müvəqqəti atəşkəs elan etməsinə baxmayaraq, İranda artıq 40-cı gündür internet bloklanır. Bunu vebkəsintiləri izləyən "NetBlocks" qrupu bildirir.
"NetBlocks" aprelin 8-də X platformasında yazıb ki, "ABŞ və İranın hərəsinin özünü qalib elan etdiyi bir vaxtda da müharibə dövrünə aid senzura tədbiri davam edir, bu da İran xalqının qaranlıqda qalması ilə nəticələnib".