SEPAH-ın kəşfiyyat rəhbəri öldürülüb
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bildirib ki, Kəşfiyyat İdarəsinin rəhbəri, briqada generalı Məcid Xadəmi öldürülüb.
SEPAH bu haqda aprelin 6-da açıqlama yayıb, amma onun harada, necə öldürüldüyü bildirilmir.
Xadəmi bu vəzifəyə ötən yay, İsraillə 12 günlük müharibədə Məhəmməd Kazımi qətlə yetiriləndən sonra təyin olunub.
ABŞ Maliyyə Nazirliyi onu yanvarın 30-da sanksiya siyahısına salıb. Xəzinədarlıq bildirib ki, SEPAH-ın Kəşfiyyat İdarəsi "İran təhlükəsizlik qüvvələrinin etiraz hərəkatını boğmaq məqsədi güdən kütləvi zorakılıq, əsassız həbslər və qorxutma kampaniyasını dəstəkləyib".
SEPAH-ın Kəşfiyyat İdarəsi qurum daxilində əks-kəşfiyyata cavabdehdir, sızmaların qarşısını alır, məxfi məlumatları qoruyur, şəxsi heyət üzərində siyasi-təhlükəsizlik nəzarətini həyata keçirir.
Tehranda Şərif Texnologiya Universitetinə hava zərbəsi endirilib
Aprelin 6-sı səhər saatlarında Tehrandakı Şərif Texnologiya Universiteti hava zərbəsi ilə vurulub. Bu haqda AzadlıqRadiosunun fars xidməti məlumat yayıb.
Universitetin rektoru bir neçə saat sonra bildirib ki, universitet daxilindəki elmi müəssisə vurulub, binanın bəzi hissələrinə ziyan dəyib.
İran mediası daha öncə universitet ərazisindəki qaz qurğusunun mərmi ilə vurulduğunu, nəticədə əraziyə qaz verilişinin dayandırıldığını xəbər verib. Sonradan təchizatın bərpa olunduğu bildirilib.
İnternetdə yayılan görüntülər universitetin bəzi hissələrinə, ətraf ərazilərə, məscidinə ciddi ziyan dəydiyini göstərir.
Aprelin 5-i gecə saatlarında İranın bir neçə şəhərdə partlayışlar, hava hücumundan müdafiə sistemlərinin işə düşməsi haqda məlumatlar yayılıb. Tehranda bir neçə partlayış səsi, eyni zamanda paytaxt üzərində qırıcı təyyarələrin səsi eşidilib.
Bu gün, aprelin 6-da ABŞ və İsrailin İrana hava zərbələrinin başlamasının 38-ci günüdür.
İran və İsrailin qarşılıqlı hücumlarında ölənlər var
ABŞ və İsrailin Tehran yaxınlığına hava zərbələri nəticəsində azı 19 nəfər həlak olub, 20 nəfər yaralanıb. Bunu aprelin 6-da İranın dövlət mediası bildirib.
Rəsmi IRNA agentliyinin yerli rəsmilərə istinadla yazdığına görə, Şəhriyar və Baharestan rayonları vurulub, iki yaşayış binası dağıdılıb.
Dağıntılar altından bir neçə meyit çıxarılıb.
İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yaxın "Tasnim" agentliyi xəbər verib ki, ölənlər arasında yaşı 10-dan aşağı altı uşaq da var.
İsrail mediası isə aprelin 6-da bildirib ki, İran həmin gün Tel-Əviv ərazisinə raket hücumunda kaset sursatlardan istifadə edib. "Ynet" agentliyinin məlumatına görə, təxminən 20 nöqtəyə zərbə qeydə alınıb.
Bir neçə nəfər yaralanıb, onlardan biri ağır vəziyyətdədir, bir məktəbə də zərbə dəyib.
Hayfaya zərbələr nəticəsində isə iki nəfər həlak olub, avtomobillər yanıb.
İran vasitəçilərin atəşkəs təklifinə cavab hazırlayıb
Tehran atəşkəs təkliflərinə cavab olaraq öz maraqları əsasında mövqelər və tələblər formalaşdırıb, vasitəçilərin köməyi ilə qarşı tərəfə çatdırıb. Bunu İranın Xarici İşlər Nazirliyi (XİN) bu gün, aprelin 6-da bildirib.
Nazirliyin sözçüsü İsmayıl Bəqainin dediyinə görə, cavabın detalları vaxtı gələndə açıqlanacaq. "Danışıqlar ultimatumlara, müharibə cinayətləri törətmək təhdidlərinə uyğun gəlmir", – o əlavə edib.
"İran özünün legitim tələblərini açıq ifadə etməkdən çəkinmir. Bu, güzəşt əlaməti yox, mövqelərini müdafiə etməkdə özünəinamın göstəricisi sayılmalıdır", – Bəqai mətbuat konfransında deyib. Onun sözlərinə görə, ABŞ-nin öncəki tələbləri, 15-bəndlik planı aşırı olduğu üçün rədd edilib.
Bu açıqlamadan öncə İrandan yüksəkrütbəli rəsmi "Reuters"ə deyib ki, İran müvəqqəti atəşkəs çərçivəsində Hörmüz boğazını açmayacaq, razılaşma əldə etmək üçün möhlət və təzyiqləri qəbul etməyəcək. Rəsminin sözlərinə görə, Vaşinqton hələlik daimi atəşkəsə hazır deyil.
"Axios" aprelin 5-də ilk olaraq yazıb ki, ABŞ, İran və regional vasitəçilər potensial 45 günlük atəşkəsi müzakirə edirlər.
İstənilən razılaşma Hörmüz boğazından keçidin təmin olunmasına zəmanət verməlidir. Bunu isə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) prezidentinin müşaviri Ənvər Qarqaş bildirib. O xəbərdarlıq edib ki, İranın nüvə proqramını, raket və dron imkanlarını məhdudlaşdırmayan razılaşma daha təhlükəli və daha qeyri-sabit Yaxın Şərqə yol aça bilər.