Keçid linkləri

2026, 27 İyun, şənbə, Bakı vaxtı 01:19
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.

Tramp İranı atəşkəsi 'axmaqcasına' pozmaqda günahlandırır

ABŞ və İsrail fevralın 28-də səhər İrandakı hədəflərə zərbələr endirməyə başlayıb. İran buna İsrail və regiondakı digər ölkələrdə ABŞ bazalarına raket, həmçinin dron hücumları ilə cavab verib. Aprelin 8-də Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında iki həftəlik atəşkəs elan olunub, danışıqlara start verilib.

İran üzərində vurulan qırıcının ekipajı axtarılır

F-15
F-15

İran qüvvələri ABŞ-yə məxsus qırıcı təyyarəni İran üzərində vurub, sağ qalanlar axtarılır. Bunu Vaşinqtonda ABŞ rəsmisi AzadlıqRadiosuna deyib. Müharibə başlayandan ilk dəfədir ABŞ hərbi təyyarəsi düşmən atəşi ilə vurulandan sonra axtarılır.

İran isə aprelin 3-də ABŞ təyyarəsini vurduğunu, ekipajın tutulmasına kömək edən iranlılar üçün mükafat təklif etdiyini açıqlayıb.

ABŞ rəsmiləri vurulan təyyarənin iki yerlik F-15E qırıcısı olduğunu deyirlər.

CBS və İsrail mediası mənbələrə istinadla bir ekipaj üzvünün xilas edildiyini, digərinin axtarışının davam etdiyini bildiriblər.

Hərbi qurumlar məsələni etməyib, Ağ ev prezident Donald Trampın məlumatlandırıldığını bildirib.

Ekipaj üzvünü İran qüvvələri ələ keçirərsə, bu, onsuz yüksək olan gərginliyi daha da artırar.

İran mənbələri foto və videolar yayımlayaraq hadisəyə sübut kimi təqdim ediblər.

"Hərbi qüvvələr bu gün vurulan Amerika pilotunu tapmaq üçün axtarış əməliyyatına başlayıb", – İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yaxın "Fars" xəbər agentliyi bildirib.

ABŞ İranda vurulan F-15-in ikinci ekipaj üzvünü də xilas edib

Aprelin 5-i səhər ABŞ hərbçiləri İranda vurulan F-15 qırıcısının ikinci ekipaj üzvünü xilas ediblər.

"F-15E Strike Eagle" qırıcısı aprelin 3-də vurulub. Bu, beş həftəlik münaqişədə İran üzərində vurulan ilk Amerika təyyarəsidir.

Ekipajın birinci üzvü zədələnmiş təyyarədən katapult etdikdən bir neçə saat sonra qurtarılmışdı.

Silah zabiti olan ikinci ekipaj üzvü ABŞ xüsusi təyinatlı qüvvələri və digər hərbi bölmələrin iştirakı ilə mürəkkəb, çoxmərhələli xilasetmə əməliyyatı zamanı xilas edilib.

"Axios" mənbələrə istinadən yazır ki, zabit katapult etdikdən sonra yaralanıb, lakin yenə də yeriyə bilib və 24 saatdan çox dağlarda gizlənib.

Livandakı BMT qüvvələrindən xəbərdarlıq: 'Cavab atəşi açıla bilər'

BMT-nin Livandakı Müvəqqəti Qüvvələri (UNIFIL) aprelin 5-də bildirib ki, İsrail və "Hizbullah"ın onların mövqeləri yaxınlığında hücumları cavab atəşinə səbəb olar.

UNIFIL tərəfləri silahları yerə qoymağa, atəşkəs üçün ciddi işləməyə çağırıb.

UNIFIL onu da bildirib ki, ABŞ və İsrail İranla müharibəyə başlayandan onların üç sülhməramlısı həlak olub.

İsrail Livanla sərhəd boyunca, Livan ərazisində "Hizbullah"a zərbələr endirir. İsrail və ABŞ İranın dəstəklədiyi bu qruplaşmanı terror təşkilatı sayır.

UNIFIL Livanın cənubunda fəaliyyət göstərən sülhməramlı missiyadır, 1978-ci ildə onu BMT Təhlükəsizlik Şurası yaradıb. Missiyanın əsas vəzifələrindən biri hərbi əməliyyatların dayandırılmasına nəzarətdir. UNIFIL 50-yə yaxın ölkədən 8 min 500 sülhməramlısı olduğunu bildirir.

Media: Pakistan təcili atəşkəs planı üzrə vasitəçilik edir

İran və ABŞ müharibəni dayandırmaq və Hörmüz boğazını yenidən açmaq üçün Pakistanın vasitəçiliyi ilə hazırlanmış təklif alıblar. Bu haqda "Reuters"ə danışıqlardan xəbərdar mənbə danışıb. Təklifin dərhal atəşkəs elan olunması, sonradan daha geniş razılaşmanı nəzərdə tutduğu deyilir.

Mənbə aprelin 6-da bildirib ki, "bütün elementlər bu gün razılaşdırılmalıdır". Onun sözlərinə görə, ilkin razılaşma anlaşma memorandumu formatında olacaq, Pakistan vasitəsilə elektron şəkildə yekunlaşdırılacaq. Pakistanın tərəflər arasında yeganə kommunikasiya kanalı kimi çıxış etdiyi bildirilir.

Şərti adı "İslamabad razılaşması" olan təklifə əsasən, atəşkəs qısa müddətdə qüvvəyə minəcək, daha geniş razılaşma üçün 15-20 gün vaxt veriləcək.

"Axios" daha öncə ABŞ, İran və region rəsmilərinin 45 günlük mümkün atəşkəsi müzakirə etdiyini yazmışdı.

"Reuters"in məlumatına görə, Pakistan ordusunun baş komandanı Asim Munir ABŞ və İranın yüksəkvəzifəli rəsmiləri, eləcə də xarici işlər naziri Abbas Əraqçi ilə bütün gecə əlaqə saxlayıb.

ABŞ və İran rəsmiləri hələlik xəbəri şərh etməyiblər.

İran müharibəsini Azərbaycanın müttəfiqləri bitirəcək?
Gözlə

No media source currently available

0:00 0:02:42 0:00


Davamı

XS
SM
MD
LG