Azərbaycan neftinin qiyməti tarixi rekorda yaxınlaşır
Dünya bazarında Azərbaycan nefti bahalaşıb.
Aprelin 3-də "Azeri Light" markalı neftin bir barelinin qiyməti 10.89 dollar və ya 8.33 faiz artaraq 141.68 dollar olub.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15.81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149.66 ABŞ dolları) qeydə alınıb.
Ümumilikdə son bir ayda dünyada neftin qiyməti 70 faizdən çox bahalaşıb.
Bu İsrail, ABŞ-İran müharibəsi və İranın Hörmüz boğazını bağlaması ilə izah edilir. Dünyada neft və qazın təxminən 20 faizi Hörmüzdən keçir.
Küveytdə böyük neft emalı zavoduna dron hücumu olub
Aprelin 3-ü səhər saatlarında Küveytdə neft emalı zavoduna dron hücumu edilib. Zavodun bir neçə bölməsində yanğın başlayıb. Məlumatı dövlətə məxsus Küveyt Neft Korporasiyası (KPC) yayıb.
Şirkət X platformasında bildirib ki, Mina əl-Əhmədi neft emalı zavodu "kinli" dron hücumunun hədəfi olub, bir neçə istehsal bölməsində yanğın baş verib.
Yanğını nəzarətə almağa çalışdıqları, xəsarət alan olmadığı bildirilir.
Mina əl-Əhmədi zavodu Küveytin, ümumilikdə Körfəz regionunun ən mühüm neft emalı zavodlarından biridir.
ABŞ və İsrail bir aydan çoxdur İrana zərbələr endirir. Tehran isə qonşu Körfəz ölkələrinə dron və raket hücumlarını davam etdirir, onların enerji obyektlərini hədəfə alır.
ABŞ İrandakı körpünü 'hərbi təchizat marşrutunu dağıtmaq' üçün vurub
ABŞ qüvvələri İranın şimalındakı əsas körpünü İranın ballistik raket və hücum dron qüvvələrinin təminatı üçün planlaşdırılan hərbi təchizat marşrutunu dağıtmaq üçün vurub. Bunu ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) müdafiə rəsmisi AzadlıqRadiosunun fars xidmətinə deyib.
Tehranı Əlburz vilayətindəki Kərəc şəhəri ilə birləşdirən B1 magistral körpüsü aprelin 2-də ABŞ-nin iki hava zərbəsi ilə vurulub, ciddi ziyan görüb. İran mediası onu Yaxın Şərqin ən hündür körpüsü kimi təqdim edir.
İran rəsmiləri hücumlar nəticəsində 8 nəfərin öldüyünü, 95 nəfərin yaralandığını deyirlər. Amma bu məlumat müstəqil şəkildə təsdiqlənməyib. İran rəsmiləri mediaya körpünün hələ tikinti mərhələsində olduğunu deyib, onun hərbi təchizat marşrutu kimi istifadə edildiyini danıblar.
ABŞ prezidenti Donald Tramp son xəbərdarlığında İran rejimini yenidən hədələyib, ölkənin elektrik stansiyalarına və digər körpülərinə əlavə hücumlar olacağını deyib.
Britaniya Küveytə hava hücumundan müdafiə sistemi yerləşdirir
Böyük Britaniya Küveytə hava hücumundan müdafiə sistemi göndərir. Aprelin 3-də baş nazir Kir Starmerin ofisi belə bir açıqlama yayıb. Bundan öncə isə İran gecə saatlarında Küveytdə neft obyektinə dron hücumu edib.
Starmer Küveytin vəliəhdi ilə telefon danışığında Böyük Britaniyanın "Rapid Sentry" hava müdafiə sisteminin Körfəz ölkəsinə yerləşdirilməsini müzakirə edib. Bu danışıq Küveytin və regionun ən mühüm obyektlərindən olan Mina əl-Əhmədi neft emalı zavoduna dron hücumundan bir neçə saat sonra baş tutub.
"Rapid Sentry" bölgədə Küveyt və Böyük Britaniya personalını və maraqlarını qoruyacaq. Baş nazirin ofisinin açıqlamasında belə deyilir. Bu sistem, əsasən, dronları və aşağı hündürlükdə uçan digər hava hədəflərini vurmaq üçün nəzərdə tutulub.
Starmer ötəngecəki dron hücumunu "məsuliyyətsiz" adlandırıb, Britaniyanın Küveytin və Körfəzdəki bütün müttəfiqlərinin yanında olduğunu vurğulayıb.