Heqset: İran müharibəsində növbəti bir neçə gün 'həlledici' olacaq
ABŞ müdafiə naziri Pit Heqset bildirib ki, İrana qarşı hərbi əməliyyatları müşahidə etmək üçün martın 28-də Yaxın Şərqdə yerləşən Amerika qüvvələrinə baş çəkib.
Heqset martın 31-də mətbuat konfransında danışıb, amma hansı ölkəyə səfər etdiyini açıqlamayıb.
O, ABŞ-nin son hücumlarının İranın hərbi imkanlarını xeyli dərəcədə zəiflətdiyini, son 24 saat ərzində İranın raket hücumlarının azaldığını deyib.
Heqset qarşıdakı bir neçə günün münaqişədə "həlledici" olacağını əlavə edib.
Müdafiə naziri kəşfiyyat məlumatlarına istinadla İran qüvvələrinin zəiflədiyini, əhval-ruhiyyənin düşdüyünü, şəxsi qüvvənin çatışmadığını, ABŞ-nin davamlı hücumlarından sonra fərarilik haqda məlumatlar yayıldığını deyib.
O, ABŞ-nin hazırda hərbi üstünlüyə malik olduğunu, İranın seçimlərinin getdikcə məhdudlaşdığını bildirib.
Heqsetin dediyinə görə, prezident Donald Tramp danışıqlar yolu ilə razılaşmaya açıqdır, amma razılaşma əldə olunmasa, hərbi əməliyyatların davam edəcəyi haqda xəbərdarlıq edib.
Netanyahu: İsrailin İrana hücumları davam edəcək
İsrailin baş naziri Binyamin Netanyahu Tehrana qarşı hərbi əməliyyatların İranın "terrorçu" rejimi məhv edilənədək davam edəcəyini deyib.
"Bu kampaniya hələ başa çatmayıb. Terrorçu rejimi məhv edənədək davam edəcəyik", – Netanyahu televiziya ilə çıxışında bildirib.
Bu açıqlamadan az öncə isə İran prezidenti Məsud Pezeşkian deyib ki, ölkəsi İsrail və ABŞ-la müharibəni dayandırmaq üçün zəruri iradəyə malikdir, bundan ötrü Tehrana hücumların təkrarlanmayacağına dair zəmanət verilməlidir.
"Biz hərəkətə keçməli idik və bunu etdik", – Netanyahu yəhudilərin Pesah bayramı ərəfəsində çıxışında vurğulayıb.
Baş nazir onu da deyib ki, müharibənin davam etməsinə baxmayaraq, İsrail "regional güc" mövqeyini ortaya qoyub: "Məqsədlərimizi qətiyyətlə irəli apardıq, Yaxın Şərqin simasını dəyişdik".
Qətərin qaz mərkəzində gəmi vurulub
Qətərin qaz habında bir gəminin vurulduğu bildirilir. İnsident mayeləşdirilmiş təbii qaz istehsalının əsas mərkəzi olan Ras-Laffan yaxınlığında baş verib. Xəbəri aprelin 1-də Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Xidməti (UKMTO) yayıb.
"UKMTO gəminin iki mərmi ilə vurulduğunu təsdiqləyir", – qurum X platformasında bildirib.
Mərmilərin mənbəyi hələ müəyyən edilməyib, araşdırma davam edir, ekipaj salamatdır.
Azərbaycan nefti 3 il sonra 130 dollar həddini ötüb
Dünya bazarında Azərbaycan neftinin bahalaşması davam edir.
Martın 31-də "Azeri Light" markalı neftin bir barelinin qiyməti 4.3 dollar və ya 3.36 faiz artaraq 132.35 dollar olub.
Azərbaycanın 2026-cı il üzrə dövlət büdcəsində neftin bir barelinin orta ixrac qiyməti 65 dollar götürülüb. Son qiymət artımı bu həddin iki dəfədən çıx keçdiyi anlamına gəlir.
Azərbaycan nefti sonuncu dəfə 3 il öncə bu həddə qədər bahalaşmışdı.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15.81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149.66 ABŞ dolları) qeydə alınıb.