İran raketləri İsraili vurur, husilər üçüncü raketi buraxır
Aprelin 1-i səhər saatlarında İsrailə yeni raket hücumları nəticəsində 11-yaşlı qız daxil, 14 nəfər yaralanıb. İsrail polisi ölkənin mərkəzində bir neçə məkana ziyan dəydiyini açıqlayıb.
İsrail ordusu daha öncə bildirib ki, təxminən 20 saatdan sonra ilk dəfə İran ərazisindən İsrailə doğru raketlər atılıb, ölkənin mərkəzi bölgələrində hava həyəcan siqnalları verilib.
İsrail mediası hücumda kaset sursatlardan istifadə olunduğunu bildirib. Bu tip sursatlar havada partlayır və geniş əraziyə çoxsaylı kiçik bombalar səpir.
Beynəlxalq insan haqları qurumlar bu cür sursatların mülki və yaşayış ərazilərində istifadəsi ilə bağlı xəbərdarlıq ediblər.
Yəməndə İranın dəstəklədiyi husilər isə aprelin 1-də İsrailə raket hücumu gerçəkləşdirdiklərini bildiriblər. Bu hücum İran və Livandakı "Hizbullah" qruplaşmasının hücumları ilə eyni vaxta salınıb. İsrail və ABŞ "Hizbullah"ı terror təşkilatı kimi tanıyır.
Bu, husilərin Yaxın Şərq müharibəsinə qoşulduqdan sonra üçüncü belə hücumudur.
Husilərin sözçüsü Yəhya Səri videoaçıqlamasında bildirib ki, həssas hədəflərə ballistik raketlərlə zərbələr endirilib.
Tramp 'iki-üç həftə' deyir, İran danışıqları inkar edir
ABŞ prezidenti Donald Tramp İranla müharibənin iki-üç həftəyə başa çatacağını gözlədiyini deyib.
O, martın 31-də Ağ evdə sərəncam imzalayarkən danışıb. Tramp bildirib ki, Hörmüz boğazından keçməyə çalışan Fransa və Çin kimi digər ölkələr "öz başlarının çarəsinə baxmalı olacaqlar".
Fevralın 28-də ABŞ və İsrailin hücumları başlayandan İran boğazı faktiki bağlayıb.
"Onlara ağır zərbə endirdik. Boğaz boyunca radikallaşmış çoxlu sayda dəlidən canımız qurtardı", – deyən Tramp əlavə edib ki, "iki həftə, bəlkə, üç həftəyə... regionu tərk edəcəyik".
"Hazırda onlarla danışıqlar aparırıq" deyən prezident vurğulayıb ki, "rejim dəyişikliyinin şahidi olduq, baxmayaraq ki, bu, məqsədlərimdən biri deyildi".
Tehran və Vaşinqton münaqişəni dayandırmaqla bağlı ziddiyyətli açıqlamalar verirlər.
İranın xarici işlər naziri Abbas Əraqçi "Əl-Cəzirə"nin aprelin 1-də yayımladığı müsahibəsində deyib ki, ABŞ ilə heç bir danışıq getmir, Tehran Vaşinqtonun müharibəni bitirmək üçün irəli sürdüyü 15-bəndlik plana cavab verməyib.
"Amerikalılardan mesajlar alırıq, bəziləri birbaşa, bəziləri regiondakı dostlarımız vasitəsilə çatdırılır, lazım bildikdə bu mesajlara cavab veririk", – o bildirib.
"ABŞ ilə danışıqlar üçün heç bir əsas yoxdur", – Əraqçi söyləyib. O, ABŞ-nin xüsusi elçisi Stiv Uitkoff ilə birbaşa mesaj mübadiləsi apardığını vurğulayıb.
Starmer: İranla münaqişə 'bizim müharibəmiz deyil'
Böyük Britaniyanın baş naziri Kir Starmer Yaxın Şərqdəki münaqişə ilə bağlı xalqa müraciət edib.
"Bu, bizim müharibəmiz deyil. Biz bu münaqişəyə cəlb olunmayacağıq", – o deyib.
Baş nazir bu müharibənin Britaniyanın milli maraqlarına uyğun olmadığını bildirib: "Böyük Britaniyada yaşayış xərclərini dəstəkləməyin ən effektiv yolu Yaxın Şərqdə gərginliyin azaldılmasına, enerji üçün həyati əhəmiyyətli Hörmüz boğazının yenidən açılmasına çalışmaqdır".
"Aydındır ki, bu müharibə ölkəmizin gələcəyinə təsir edəcək", – Starmer əlavə edib.
"Ona görə də bu gün Britaniya xalqını əmin etmək istəyirəm ki, bu fırtına nə qədər güclü olursa-olsun, onu dəf edə biləcəyik, bundan daha güclü, daha təhlükəsiz bir ölkə kimi çıxmaq üçün uzunmüddətli planımız var", – baş nazir vurğulayıb.
İran müharibəsinin Avstraliya üçün iqtisadi şokları
Avstraliyanın baş naziri Entoni Albaneze aprelin 1-də Yaxın Şərqdəki müharibə ilə bağlı xalqa nadir müraciət edib. Bir aydır gedən İran müharibəsi regionu bürüyüb, enerji təchizatı pozulub, qlobal iqtisadiyyatın xaosa sürüklənə biləcəyi riski yaranıb.
Albaneze avstraliyalılara xəbərdarlıq edib ki, ABŞ və İsrailin İranla müharibəsi səbəbindən "qarşıdakı aylar asan keçməyəcək". Fevralın 28-də müharibə başlayandan İran cavab tədbiri olaraq Hörmüz boğazını faktiki bağlayıb. Dünyada neft və mayeləşdirilmiş təbii qazın 20 faizi bu boğazdan keçir.
"Reallıq budur ki, bu müharibənin yaratdığı iqtisadi şoklar aylarla çəkəcək", – o bildirib.
"Yaxın Şərqdəki müharibə benzin və dizel qiymətlərində tarixən ən böyük artıma səbəb olub. Avstraliya bu müharibənin birbaşa iştirakçısı deyil. Amma bütün avstraliyalılar buna görə daha yüksək bədəl ödəyir", – baş nazir əlavə edib.
Albaneze martın 31-də bildirib ki, hökumət benzin və dizelə xüsusi vergini iki dəfə azaldacaq. Məqsəd müharibənin yaratdığı bahalaşmanın təsirini azaltmaqdır.
Avstraliya son 15 ilin ən yüksək yanacaq ehtiyatlarına malikdir. Ancaq bu göstərici Beynəlxalq Enerji Agentliyinin tövsiyə etdiyi 90 günlük səviyyədən xeyli aşağıdır.