İran Dubay yaxınlığında xam neftlə dolu tankerə hücum edib
Martın 30-da İranın Dubayda Küveytin böyük neft tankerinə hücum etdiyi bildirilib. Bundan öncə ABŞ prezidenti Donald Tramp xəbərdarlıq etmişdi ki, Tehran Hörmüz boğazını açmasa, İranın enerji zavodları və neft quyuları məhv ediləcək.
ABŞ və İsrail fevralın 28-də İrana zərbələrə başlayandan İran Hörmüz boğazını faktiki bağlayıb, bu boğazda və Fars körfəzində ticarət gəmilərinə raketlər, dronlarla hücumlar gerçəkləşdirib.
Küveytin bayrağı ilə üzən "Əl-Salmi" tankerinə hücumdan sonra xam neftin qiyməti qısa müddətə yüksəlib. Bu tankerdə indiki qiymətlə azı 200 milyon dollarlıq 2 milyon barel neft olduğu güman edilir.
Gəminin sahibi "Kuwait Petroleum Corp" bildirib ki, hücum martın 31-nə keçən gecə baş verib, yanğın nəticəsində gəminin korpusuna ziyan dəyib, amma xəsarət alan olmayıb.
Dubay hakimiyyəti yanğının nəzarətə alındığını açıqlayıb. Tankerdən neft sızmasının baş vermədiyi bildirilir.
İsrail: İrana növbəti zərbə dalğası tamamlanıb
İsrail ordusu İrana növbəti zərbə dalğasının tamamlandığını bildirir. Tehranda hərbi infrastruktura raket zərbələri endirildiyi açıqlanıb.
Tehranın şərqində və qərbində partlayış səsləri eşidilib. Bundan öncə isə İsrail şəhərə zərbələrlə bağlı xəbərdarlıq etmişdi.
"Tasnim" xəbər agentliyi şərqi Piruzi rayonunda partlayışlardan sonra elektrikin kəsildiyini, bərpa işləri getdiyini xəbər verir.
İsrail ordusu martın 31-i səhər bildirib ki, Livanın cənubunda dörd əsgəri öldürülüb. Son günlər bu ərazidə İndoneziyadan olan üç BMT sülhməramlısı qətlə yetirilib.
İran ordusunun sözçüsü isə Tehranın son raket və dron hücumlarında regiondakı beş bazada və İsraildə ABŞ hərbçilərinin gizləndiyi yerlərin hədəfə alındığını deyib.
Bu arada ABŞ ordusunun 82-ci Hava-Desant Diviziyasından minlərlə əsgər Yaxın Şərqə çatıb. Bunu iki ABŞ rəsmisi "Reuters"ə deyib.
Çinin konteyner gəmiləri Hörmüzdən keçirlər
Yaxınlarda Çinin üç gəmisi Hörmüz boğazından keçib və Çin tərəflərin yardımını yüksək qiymətləndirir. "Reuters"in xəbərinə görə, bunu Çin Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü martın 31-də deyib.
Daha öncə izləmə məlumatları martın 30-da Çinin COSCO şirkətinə məxsus iki böyük konteyner gəmisinin boğazdan uğurla keçərək Fars körfəzindən çıxdığını göstərib.
ABŞ və İsrailin İrana hücumlarından sonra Tehran Hörmüz boğazını bağlayıb. Nəticədə bu strateji su yolu ilə nəqliyyat xeyli azalıb.
İran rəsmiləri "düşmən olmayan gəmilər" üçün boğazdan keçidin açıq qaldığını bildiriblər. Çin İranın əsas strateji tərəfdaşlarından sayılır.
İran müxalifət qrupuna bağlı daha iki nəfəri edam edib
İran ədliyyəsi martın 31-də bildirib ki, Xalq Mücahidləri Təşkilatına (MEK) üzvlük ittihamı ilə daha iki nəfər edam edilib.
Onların Babək Əlipur və Puya Qubadi olduqları bildirilir. Bu şəxslər "silahlı üsyan" və "terror əməliyyatları" həyata keçirməkdə ittiham olunurlar.
Martın 30-da oxşar ittihamla iki nəfər edam edilmişdi.
MEK 1960-cı illərdə yaradılıb, həm şaha, həm də İslam Respublikasına qarşı çıxıb. ABŞ vaxtilə onu xarici terror təşkilatı kimi tanıyıb, 2012-ci ildə bu siyahıdan çıxarıb.
2025-ci ilin noyabrında BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi Mai Sato xəbərdarlıq edib ki, bu iki kişinin və daha dörd nəfərin işlərində məhkəmə prosesi sarıdan ciddi narahatlıqlar var, onlar vəkillə gec təmin olunublar, işgəncə iddiaları səslənib. Məruzəçinin sözlərinə görə, bu cür işlərdə ölüm hökmünün tətbiqi beynəlxalq hüququn pozulması olar.