Tramp: İranlılar danışıq aparırlar, bunu deməyə qorxurlar
ABŞ prezidenti Donald Tramp martın 25-də Tehranın sülh danışıqlarında iştirak etdiyini bildirib. O, İran təmsilçilərinin "öz adamları" tərəfindən öldürülməkdən qorxduqlarını söyləyib. Tehran isə danışıq apardığını rəsmən təkzib edir.
"Onlar danışıq aparırlar, razılaşma əldə etməyi çox istəyirlər. Amma bunu deməyə qorxurlar, çünki öz adamlarının onları öldürəcəyini düşünürlər", – Tramp Konqresin respublikaçı üzvləri ilə şam yeməyində deyib.
"Onlar həmçinin bizim onları öldürəcəyimizdən qorxurlar", – prezident vurğulayıb.
Tramp bir daha artıq bir aya yaxındır gedən müharibədə ABŞ və İsrail qüvvələrinin İranı məhv etdiyini bildirib. Ağ evin bildirdiyinə görə, Tehran məğlubiyyətini boynuna almasa, Vaşinqtonun sülh təklifinin şərtlərini qəbul etməsə, Tramp "cəhənnəmi başlatmağa hazırdır".
İranın xarici işlər naziri Abbas Əraqçi daha öncə deyib ki, "danışıq aparmaq niyyətləri yoxdur", amma Tehranın Pakistanın ötürdüyü ABŞ təklifini nəzərdən keçirdiyini etiraf edib: "Gərəkərsə, onlar mövqe bildirəcəklər".
Nazir İranın məğlub olması fikrini rədd edib, ABŞ administrasiyasının müharibədə məqsədlərinə çatmadığını bildirib.
"Hazırda siyasətimiz müqavimətin davam etdirilməsidir. Danışıq aparmaq niyyətimiz yoxdur", – Əraqçi vurğulayıb.
FT: Rusiya İrana dron, mülki yardım göndərir
"The Financial Times" yazır ki, Rusiya İrana mərhələli şəkildə dron, dərman və qida göndərilməsini başa çatdırmaq üzrədir. FT Qərbin kəşfiyyat hesabatlarına istinad edir.
Çatdırılmalara bu ayın əvvəlində başlandığı, bir neçə günə tamamlanacağı gözlənilir.
Yaxın Şərqdə Amerika qüvvələrinə cavabdeh Mərkəzi Komandanlığın rəhbəri admiral Bred Kuperin dediyinə görə, ABŞ-nin hava zərbələri İranın raket və dron istehsalı müəssisələrinin üçdə ikisini, donanma istehsalının da təxminən o qədərini vurub.
O, X-də paylaşılan videoda deyib ki, İran donanmasının ən böyük gəmilərinin təxminən 92 faizi zədələnib, yaxud məhv edilib.
"Mənim qiymətləndirməmə görə, onlar artıq regionda və dünyada donanma gücünü və təsirini göstərmək qabiliyyətini itiriblər", – Kuper vurğulayıb.
Ərəb ölkələri İranın hücumlarını pisləyir
Altı ərəb dövləti İranın birbaşa və proksi hücumlarını qətiyyətlə pisləyib, suverenliyin, beynəlxalq hüququn və BMT Nizamnaməsinin pozulması adlandırıb.
Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Səudiyyə Ərəbistanı və İordaniya martın 25-də birgə bəyanatda İranın dəstəklədiyi İraq qruplaşmalarının region ölkələri və infrastrukturunu hədəf alan hücumlarını pisləyiblər. Onlar İraq hökumətini öz ərazisindən silahlıların fəaliyyətini qarşısını almağa, eskalasiyanı önləmək üçün gərəkən tədbirlər görməyə çağırıblar.
Bəyanatda İrana bağlı "gizli" qruplar, "Hizbullah"la əlaqəli qruplaşmalar pislənilir, suverenlik, təhlükəsizlik və sabitliyi qorumaq üçün özünümüdafiə hüququ vurğulanır.
Tramp: İran razılaşma üçün 'yalvarır'
İranı danışıqlarda təmsil edənlər çox fərqli və "qəribədirlər". Bunu ABŞ prezidenti Donald Tramp "Truth Sosial" şəbəkəsində yazıb. O, İranın razılaşma üçün yalvardığını deyir.
"Amma açıq şəkildə dedikləri odur ki, təklifimizi nəzərdən keçirirlər. SƏHVDİR! Yaxşı olar, nə qədər gec deyil ciddiləşsinlər, çünki gec olsa, GERİYƏ DÖNÜŞ OLMAYACAQ, bu da yaxşı olmayacaq!", – Tramp yazıb.
O, NATO üzvlərini də tənqid edib, onların "hərbi baxımdan məhv edilmiş" İranla bağlı kömək göstərmədiyini deyib. "ABŞ-yə NATO-dan heç nə lazım deyil, amma bu çox vacib dönəmi heç vaxt unutmayın!", – Tramp yazıb.