Tramp İranla sülh sazişinin noyabr seçkilərindən sonra bağlanacağını gözləyir
ABŞ prezidenti Donald Tramp bildirib ki, noyabrda Konqresə aralıq seçkilərindən sonra İranla sülh sazişinin bağlanacağını gözləyir.
Tramp sentyabrın 22-də BMT Baş Assambleyasında çıxış edib. O, razılıq əldə olunmasa, İslam Respublikasını "məhv edə" biləcəyi barədə xəbərdarlıq edib. Bununla belə, o, razılaşmanın əldə olunacağına inandığını deyib.
"Mühüm qərar verməliyəm. İranla ona özünü bərpa etməyə, əvvəlkindən qat-qat qüdrətli ölkə qurmağa imkan verəcək saziş bağlanacaqmı? Yoxsa İslam Respublikasını sürətlə məhv edim ki, ona bir daha insanları öldürmək, ölkələri dağıtmaq imkanı verilməsin? Onları sağ qalmaq şansı, gələcək nəsillərə ümid yeri qoymadan cəhənnəməmi göndərim?", – Tramp bildirib.
"Amma inanıram ki, seçkidən dərhal sonra saziş bağlayacağıq", – o əlavə edib.
Tramp dəfələrlə İranı genişmiqyaslı hücumlarla hədələyib, sonra isə Vaşinqtonla Tehran arasında razılaşmanın yaxın olduğunu deyərək bu hücumlardan vaz keçib. İndiyədək davamlı sülh sazişi əldə olunmayıb, tərəflər qarşılıqlı zərbələri bərpa ediblər.
İyunda tərəflərə geniş sülh sazişini müzakirə etmək üçün 60 gün verilməsini nəzərdə tutan anlaşma memorandumu imzalanmışdı. Razılaşma tezliklə pozuldu və Hörmüz boğazı ətrafında hərbi əməliyyatlar yenidən başladı.
İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırılır
Azərbaycana uçuşlar həyata keçirən İran İslam Respublikasına məxsus aviaşirkətlərin reysləri dayandırılır.
Bu barədə ölkənin yerli saytları Heydər Əliyev Beynəlxalq Aeroportuna və "Azərbaycan Hava Yolları" (AZAL) QSC-yə istinadla məlumat yayıblar.
"AZAL ABŞ-nin İran İslam Respublikasına qarşı tətbiq etdiyi yeni sanksiya paketi, xüsusilə aviasiya sektoruna qarşı məhdudiyyətlərlə əlaqədar Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinin reyslərinin 2026-cı il 22 sentyabr tarixindən etibarən dayandırılması barədə qərar qəbul etməli olub", - məlumatda bildirilib.
Bessent: Sentyabrın 23-dən İranın bütün aviaşirkətlərinin fəaliyyəti dayandırılacaq
ABŞ maliyyə naziri Skot Bessent deyib ki, sentyabrın 23-dən başlayaraq İranın bütün aviaşirkətlərinin dünya üzrə fəaliyyəti faktiki olaraq dayandırılacaq.
Bessent sentyabrın 21-də CNBC telekanalına müsahibəsində bu ayın əvvəlində İran aviaşirkətlərinə tətbiq edilmiş sanksiyalarla bağlı tədbirlərdən danışıb. Onun dediyinə görə, sanksiyaya məruz qalan İran aviaşirkətlərinə xidmət göstərməyə davam edən hava limanları və şirkətlər ABŞ dolları ilə əməliyyatların aparıldığı maliyyə sistemindən kənarlaşdırıla bilər.
"Onların təyyarələri enərsə, siz onları yanacaqla təmin edə, yerüstü xidmət göstərə və ya biletlərini sata bilməzsiniz. Əks halda, dollar sistemindən kənarlaşdırılacaqsınız", – Bessent CNBC-yə söyləyib.
Bessent onu da bildirib ki, ABŞ hökuməti İran hakimiyyətinə milyardlarla dollar ötürməkdə ittiham olunan bankları hədəfə alır. Onun sözlərinə görə, artıq üç banka qarşı sanksiya tətbiq edilib, onların müvafiq əməliyyatları tamamilə dayandırılacaq.
"İndiyədək üç banka sanksiya tətbiq etmişik. Misirin ikinci ən böyük bankının Dubay filialı rejimə 1 milyard 800 milyon dollardan çox vəsait ötürüb. Onların fəaliyyəti dayandırılacaq. Türkiyənin böyüklüyünə görə 30-cu bankı da eyni işi görüb. Onun da fəaliyyəti dayandırılacaq. Rusiyanın ikinci ən böyük bankının xarici filialları da eyni işi görür", – o bildirib.
"Bunun bir həftə, bir ay, yoxsa altı ay çəkəcəyini deyə bilmərəm. Amma sizi əmin edə bilərəm ki, biz onlara indiyədək görünməmiş təzyiq göstəririk", – Bessent vurğulayıb.
Vens: İran nə sabah, nə də bir ilə nüvə silahı hazırlaya bilər
ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib ki, İran cəhd göstərsə belə, nə sabah, nə altı aydan sonra, nə də bir ilə nüvə silahı hazırlaya bilər.
Vens "Newsmax" telekanalına müsahibəsində deyib ki, ABŞ qüvvələri "heyrətamiz taktiki zərbə" ilə İranın üç nüvə obyektini məhv edib. Vitse-prezident detalları açıqlamayıb.
Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramını bərpa edə bilməməsi üçün onun resurs və infrastruktur imkanlarını məhdudlaşdırmağa çalışır ki, "bu ölkə iki, üç, hətta 10 il sonra da nüvə silahı düzəldə bilməsin".
Vens deyib ki, ABŞ İranın nüvə proqramını hədəf aldıqdan sonra Tehran buna "beynəlxalq gəmiçiliyə qarşı terror" ilə cavab verib.
İranın nüvə proqramı 20 ildən artıqdır ki, bu ölkənin ABŞ və onun müttəfiqləri ilə qarşıdurmasının mərkəzində dayanır. Qərb bildirir ki, Tehran mülki enerji proqramından gizli şəkildə nüvə silahı hazırlamaq üçün istifadə edib. İran isə nüvə bombası yaratmağa çalışmadığını, dinc məqsədlərlə uranı zənginləşdirmək hüququna sahib olduğunu bildirir.