İran: ABŞ şərtlərimizi yerinə yetirənədək Hörmüz bağlı qalacaq
Vasitəçilər Tehranın strateji əhəmiyyətli Hörmüz boğazının blokadasına son qoymaq üçün şərtlərini Vaşinqtona çatdırıb. Bunu İranın parlament sədri Məhəmməd Baqer Qalibaf sentyabrın 20-də bildirib. Onun sözlərinə görə, Tehranın tələbləri ABŞ-yə aydın şəkildə bəyan edilib.
Dövlət televiziyasının məlumatına görə, Qalibaf əlavə edib ki, İranın şərtləri təmin olunmadan və Vaşinqton öz öhdəliklərinə əməl etmədən Hörmüz boğazında vəziyyət danışıqlardan əvvəlki halına qayıda bilməz.
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi bir gün əvvəl demişdi ki, Tehran öz şərtlərini Qətər vasitəsilə Vaşinqtona çatdırıb.
"Şərtlərimiz bütün cəbhələrdə müharibənin dayandırılması, dondurulmuş vəsaitlərimizin geri qaytarılması və dəniz blokadasına son qoyulmasıdır", – Rzayi sentyabrın 19-da "Əl-Cəzirə"yə müsahibəsində deyib.
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) veteran komandirlərindən olan Rzayi xəbərdarlıq edib ki, İran ABŞ-nin hər hansı yeni hərbi addımına münaqişənin əvvəlində olduğundan daha güclü reaksiya verəcək. O əlavə edib ki, ABŞ-nin istənilən zərbəsinə cavab olaraq regiondakı Amerika bazaları və kommersiya maraqları hədəfə alına bilər.
"Həlledici müharibəyə hazırıq", – Rzayi vurğulayıb.
Bu arada, Pakistanın daxili işlər naziri Möhsün Nəqvinin İran rəhbərliyi və rəsmiləri ilə danışıqlar aparmaq üçün sentyabrın 20-də Tehrana səfər etməli idi.
Fevralın sonlarında müharibə başlayandan Pakistan Qətərlə yanaşı, İran və ABŞ arasında əsas vasitəçilərdən birinə çevrilib, Tehranla Vaşinqton arasında danışıqların təşkilinə yardım təklif edib.
Tramp: 'Husilər zəng etdilər, bizimlə döyüşmək istəmirlər'
ABŞ prezidenti Donald Tramp sentyabrın 20-də bildirib ki, Yəməndəki husi üsyançıları ABŞ ilə əlaqəli obyektlərə hücum etməməyə razılaşıblar. Bu barədə "Fox News"un müxbiri prezidentə istinadən məlumat verib. Bu arada, İranın dəstəklədiyi silahlı qruplaşma Birləşmiş Ştatların müttəfiqi Səudiyyə Ərəbistanına hücumlarını gücləndirməkdədir.
Trampla tez-tez söhbət edən "Fox News" müxbiri Trey Yinqst prezidentdən sitat gətirərək bildirib ki, "Vaşinqton husilərlə daim təmasdadır və onlar Birləşmiş Ştatlarla döyüşməməyə razılaşıblar".
Tramp bundan əvvəl də husi üsyançıları ilə bağlı oxşar açıqlama vermişdi.
"Husilər bizə zəng etdilər və bizimlə döyüşmək istəmirlər. Bizim onlara hücum etməyimizi istəmirlər", – Tramp sentyabrın 12-də İrlandiyaya səfəri zamanı deyib.
Husilər son həftələr Yəmənin beynəlxalq səviyyədə tanınan və Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumətinə hücumlar edirlər. Onlar Səudiyyə Ərəbistanına raket və dron zərbələrini də intensivləşdiriblər.
Bu arada "Fox News" Trampın İranla bağlı yekun qərar vermək mərhələsində olduğunu bildirib. Yinqstin sözlərinə görə, prezident ona "çox da uzaq olmayan gələcəkdə" böyük hadisələrin baş verəcəyini söyləyib.
Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda Tramp Kemp-Deviddəki istirahətini gözlənilmədən yarımçıq qoyaraq sentyabrın 19-da Ağ evə qayıdıb.
SEPAH Hörmüz boğazında daha bir neft tankerini vurduğunu bildirir
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri sentyabrın 18-də Hörmüz boğazında daha bir neft tankerini vurduğunu bildirib.
SEPAH açıqlamasında gəminin Toqo bayrağı altında üzən "Trend" tankeri olduğunu açıqlayıb. Qurumun məlumatına görə, gəmi sentyabrın 17-nə keçən gecə bu mühüm su yolundan "qanunsuz" keçməyə çalışarkən vurulub.
SEPAH tankerdə yanğın başladığını və gəminin dayandırıldığını bildirib. Gəminin heyəti, yükü, mümkün itkilər, hazırkı vəziyyəti barədə məlumat verilməyib.
Zərbə və yanğınla bağlı məlumatı müstəqil mənbələrdən dərhal təsdiqləmək mümkün olmayıb.
Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Təşkilatı (UKMTO) son 24 saat ərzində Hörmüz boğazından keçən gəmilərlə bağlı üç təhlükəsizlik insidenti barədə məlumat yayıb. Hadisələrdən birində tanker naməlum mərmi ilə vurulub, nəticədə göyərtədə yanğın başlayıb, lakin sonradan söndürülüb. Heyət üzvlərinin təhlükəsizlikdə olduğu bildirilir.
SEPAH-ın Hərbi Dəniz Qüvvələri Hörmüz boğazını tam nəzarətdə saxladıqlarını açıqlayıb. Qeyd olunub ki, Tehranın qanunsuz saydığı üsullarla bu su yolundan keçməyə cəhd göstərən gəmilər məhv ediləcək.
Birləşmiş Ştatlar İranın Hörmüzə nəzarət iddialarını rədd edir, boğazdan keçən kommersiya gəmilərinə təhlükəsizlik yardımı göstərir.
Tramp: 'İran rejimini məhv edib-etməmək barədə mühüm qərar verməliyəm'
ABŞ prezidenti Donald Tramp sentyabrın 17-də bildirib ki, Birləşmiş Ştatların İrana qarşı genişmiqyaslı hücumları bərpa edib-etməyəcəyi ilə bağlı mühüm qərar verməyə hazırlaşır.
"Mühüm bir qərar verməliyəm. İrana girib onları (İran rejimini) tamamilə məhv etmək istəyirəm, ya yox? Bu, çox böyük bir qərardır", – Tramp "Axios"a müsahibəsində deyib.
Sentyabrın 22-də Nyu-Yorkda, BMT Baş Assambleyasının sessiyası çərçivəsində Trampın altı Körfəz ölkəsinin – Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Bəhreyn, Küveyt və Omanın liderləri ilə görüşü planlaşdırılıb.
"Axios" yazır ki, bu görüş müharibənin növbəti mərhələsini müəyyənləşdirməyə – diplomatik danışıqların bərpa olunacağını, yoxsa hərbi əməliyyatların genişlənəcəyini dəqiqləşdirməyə kömək edə bilər. Tramp növbəti addımlarla bağlı region liderlərinin fikirlərini eşitmək istədiyini deyib: "Onların vəziyyətini, işlərinin necə getdiyini bilmək istəyirəm. Biz onları böyük dəstək və müdafiə ilə təmin etmişik".
O, ABŞ dəniz blokadasının İranın neft ixracının qarşısını almasından məmnun olduğunu da bildirib. "Biz başlayandan bəri İrana bircə gəmi də getməyib. Getməyə cəhd etdilər, biz də onları partlatdıq", – "Axios" Trampın sözlərindən sitat gətirir.
ABŞ lideri İranın onun administrasiyası ilə birbaşa əlaqə saxladığını və ortaq məxrəcə gəlməyi çox istədiyini bildirərək, müharibənin tezliklə yekunlaşacağına ümid etdiyini söyləyib.
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi isə sentyabrın 15-də danışıqları rədd edib. O, "İranın şərtləri yerinə yetirilməyənədək heç bir danışıq olmayacaq. Vəssalam!" – deyə vurğulayıb.