İranda son bir həftədə ikinci sünni ruhani öldürülüb
Sentyabrın 14-də naməlum şəxslər sünni bəluc ruhani Yusif Qorqici İranın cənub-şərqindəki Sistan-Bəlucistan ostanının inzibati mərkəzi Zahidan şəhərində, evinin qarşısında güllələyərək öldürüblər.
Bu, İranda bir həftədən də az müddətdə öldürülən ikinci sünni ruhanidir.
Sentyabrın 9-da sünni kürd din xadimi Məhəmməd Nəzhəti İranın şimal-qərbindəki Qərbi Azərbaycan ostanında öldürülüb.
İranın dövlət mediasına görə, iyulun 20-də Sistan və Bəlucistanda digər bir sünni ruhani - Məhəmməd Ənvər Riqi də naməlum silahlılar tərəfindən qətlə yetirilib.
Hər üç din xadiminin İran hökumətinin tərəfdarı olduğu bildirilir. Qətllərə görə məsuliyyəti heç bir qrup öz üzərinə götürməyib.
Dövlətə məxsus "Mehr" xəbər agentliyi Qorqici "hökumətyönlü sünni ruhani" kimi təqdim edib, heç bir sübut və ya detal vermədən onun qətlində "sionist muzdluları" günahlandırıb.
İran İslam İnqilabı Keşikçiləri Korpusu – SEPAH isə yaydığı bəyanatda Nəzhətinin Qərbi Azərbaycan ostanındakı qətlinə görə "sionist-amerikayönümlü kürd separatçı qrupları" ittiham edib.
Pakistan və Əfqanıstanla həmsərhəd Sistan və Bəlucistan, eləcə də İranın Türkiyə və İraqla sərhədləri yaxınlığında yerləşən Qərbi Azərbaycan ostanında çoxsaylı etnik və dini azlıqlar yaşayır.
Hər iki bölgədə uzun illərdir silahlı qiyamlar baş verir, İran dövləti ilə əlaqəli şəxslər hədəfə alınır.
Pentaqonun baş müfəttişindən sursat çatışmazlığı xəbərdarlığı
İranla müharibə nəticəsində Birləşmiş Ştatlar sursat çatışmazlığı ilə üzləşib. Bunu Pentaqonun baş müfəttişi münaqişənin indiyədək ən əhatəli xərclər hesabatında bildirir: "Əməliyyat zamanı sursat sərfi strateji ehtiyatlarda çatışmazlıq yaradıb və hərbi sənaye bazasının bu ehtiyatları bərpa etmək imkanlarının məhdud olduğunu üzə çıxarıb".
Sentyabrın 14-də ABŞ Konqresinə təqdim olunan sənəd ilk belə icbari hesabatdır. Baş müfəttiş bildirib ki, fevralın 28-dən iyunun 30-dək ABŞ-nin İrana qarşı hərbi əməliyyatları 33.4 milyard dollara başa gəlib. Bu məbləğin 22.3 milyard dolları yalnız sursata xərclənib.
Pentaqon sursat çatışmazlığı ilə bağlı xəbərləri dəfələrlə təkzib edib, ABŞ ordusunun istənilən münaqişədə döyüşməyə bütün silahları olduğunu bildirib.
Prezident Donald Tramp sentyabrın 14-də "Truth Social" platformasında yazıb ki, "Birləşmiş Ştatlar hazırda öz tarixinin heç bir dövründə olmadığı qədər yüksəktexnoloji və elit silahlar istehsal edir".
"Bu silahlar hər gün Yaxın Şərqdə və digər bölgələrdəki qüvvələrimizə çatdırılır", – o əlavə edib.
Baş müfəttişin hesabatına əsasən, "münaqişə dövründə İranın endirdiyi zərbələr ABŞ-nin Küveyt, Bəhreyn, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İraq, Oman və İordaniyadakı bazalarında yüzlərlə bina və qurğunu sıradan çıxarıb və ya tamamilə dağıdıb".
"Bundan əlavə, "Epik Qəzəb" əməliyyatı zamanı Birləşmiş Ştatlara məxsus onlarla təyyarə məhv edilib və ya zədələnib", – sənəddə vurğulanır.
Tramp: ABŞ İranla razılaşmaya açıqdır
ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton altı aydır sürən müharibəyə son qoymaq üçün İranla razılaşma əldə etməyə açıqdır.
Tramp sentyabrın 14-də "Truth Social" platformasında Tehranın "tezliklə və çox ciddi şəkildə" razılaşma əldə etmək istədiyini yazıb.
"ABŞ-nin danışıqlara qoşulub-qoşulmayacağına mən qərar verəcəyəm. Biz belə bir ehtimala açığıq", – Tramp əlavə edib.
İyunda Tehran və Vaşinqton hərbi əməliyyatlara son qoymaq üçün anlaşma memorandumu imzalasa da, razılaşma bir neçə həftə ərzində pozulub.
O vaxtdan tərəflər arabir qarşılıqlı zərbələr endiriblər.
İyunun sonlarında İsveçrədə keçirilən görüşdən bəri ABŞ və İran arasında rəsmi danışıqlar olmayıb.
Trampın sosial şəbəkədəki paylaşımından bir neçə saat sonra İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi ölkəsinin şərtləri yerinə yetirilməyənədək ABŞ ilə hər hansı danışıqların bərpasını istisna etdiklərini açıqlayıb.
"ABŞ prezidentinin qarışıq siqnalları sizi aldatmasın, gah "danışıqlar olmayacaq" deyir, gah da "danışmağa hazırıq"", – Rzayi sentyabrın 14-də "X" platformasında yazıb.
İran nüvə rəsmisinin BMT-nin tədbirinə buraxılmamasına etiraz edir
İranın nüvə enerjisi üzrə rəhbərinin Vyanada BMT-nin atom enerjisi agentliyinin illik konfransında iştirakına icazə verilməyib. Tehranın Avstriyaya rəsmi etirazını bildirib. Xəbəri sentyabrın 14-də İran dövlət televiziyası yayıb.
Məlumata görə, Məhəmməd İslami və onun nümayəndə heyəti sentyabrın 12-də Vyanaya uçub, ancaq Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) toplantısında iştirak edə bilməyib və Tehrana qayıdıb.
Vyanada anonim diplomatik mənbə AFP-yə bildirib ki, İslamiyə Avstriyaya giriş icazəsi ABŞ-nin təzyiqi ilə verilməyib.
İran Xarici İşlər Nazirliyi (XİN) qərarı müzakirə etmək üçün Avstriyanın müvəqqəti işlər vəkilini çağırıb. Nazirliyin sözçüsü İsmayıl Bəqai Vaşinqtonu Vyanaya təzyiq göstərməkdə günahlandırıb.
ABŞ bu iddianı cavablandırmayıb.
İranın atom enerjisi üzrə rəsmisi Bəhruz Kamalvandi AFP-yə bildirib ki, nümayəndə heyətinin girişinə qoyulan qadağa digər ölkələrə də təsir edəcək bir presedent yaradıb.
Qərb dövlətləri İranın nüvə silahı hazırlamağa çalışdığından şübhələnir, Tehran isə bu iddiaları rədd edir.