İran Səudiyyədə boru kəmərinə hücumda əli olmadığını bildirir
İran Səudiyyə Ərəbistanının strateji "Şərq-Qərb" neft boru kəmərinə hücumdan öncədən xəbərdar olduğu, hücumda hansısa rol oynadığı barədə iddiaları "yalan" adlandırıb.
Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai sentyabrın 14-də ABŞ rəsmilərinin boru kəmərinə hücumla bağlı şərhlərinə cavab olaraq bildirib ki, "amerikalılar heç bir xərc çəkmədən saxta xəbərlər yayırlar".
Bəqai əlavə edib ki, Tehranın fikrincə, Yaxın Şərqdən kənar aktorlar bu cür xəbərləri yaymaqla region dövlətləri arasında gərginliyi artırmağa çalışırlar. O, Tehranın bu iddiaları qətiyyətlə rədd etdiyini bildirib.
Boru kəməri sentyabrın 10-da dron zərbəsinə tuş gəlib. Səudiyyə Ərəbistanı ertəsi gün marşrutu müvəqqəti olaraq bağladığını elan edib.
ABŞ prezidenti Donald Tramp sentyabrın 12-də İranın bu hücuma görə məsuliyyət daşıdığını bildirib.
"Düşünürəm ki, məsuliyyət daşıyırlar, yəqin ki, daşıyırlar", – o, Dublində jurnalistlərin İranın insidentdəki rolu barədə sualına belə cavab verib.
Ər-Riyad hücumun İraq ərazisindən buraxılan dronla həyata keçirildiyini bildirib. Hələlik heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.
"Şərq-Qərb" boru kəməri Səudiyyə Ərəbistanının Hörmüz boğazından keçmədən Qırmızı dənizə neft nəql edən ən vacib marşrutlarından biridir.
Tramp Çin barədə: Onlar bizi, biz də onları güdürük
ABŞ prezidenti Donald Tramp Tehranın iyulda üç ABŞ hərbçisinin ölümü ilə nəticələnən hücumdan əvvəl İordaniyadakı hərbi bazanın peyk görüntülərini Çindən alması barədə xəbəri rədd edib.
Xəbəri "The Wall Street Journal" qəzeti adları açıqlanmayan ABŞ rəsmilərinə istinadla yayıb.
Xəbərdə deyilir ki, ABŞ rəsmiləri Tehrana peyk görüntülərini ötürən Çin qurumlarının adlarını açıqlamaqdan imtina ediblər. Bununla belə, rəsmi şəxslər bu prosesdə Çin hökumətinin birbaşa iştirakının olduğunu iddia etməyiblər.
Sentyabrın 13-də jurnalistlər Trampdan soruşublar ki, Çin prezidenti Si Cinpinlə qarşıdakı görüşündə bu məsələni qaldıracaqmı. O, suala birbaşa cavab verməyib. Ancaq Tramp ABŞ-nin də Çin kimi kəşfiyyat fəaliyyəti apardığını bildirib.
"Onlar, əsasən, bizim etdiyimizi edirlər. Çinin bizi izləməsi barədə onu deyə bilərəm ki, haqlısınız, biz də onları güdürük", –Tramp prezident təyyarəsində jurnalistlərə bildirib.
Tramp və Cinpinin sentyabrın 24-də ABŞ-də görüşəcəyi gözlənilir. Pekin görüşün tarixini və yerini hələ təsdiqləməyib.
FT: Körfəz ölkələri və İran Hörmüzlə bağlı danışıqlar planlaşdırır
Fars körfəzinin ərəb dövlətlərinin xarici işlər nazirlərinin gələn həftə Omanda İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşü gözlənilir. "The Financial Times" qəzetinin yazdığına görə, region ölkələri Hörmüz boğazından kommersiya gəmiçiliyinin bərpası üzrə müvəqqəti razılaşmaya dəstək qazanmaq istəyirlər.
FT məsələdən agah iki mənbəyə istinadla xəbər verir ki, Omanın təşəbbüsü ilə görüşün sentyabrın 14-də Salala sahil şəhərində keçirilməsi planlaşdırılıb. Mənbələrdən biri detalların hələ dəqiqləşdirildiyini, amma bir sıra dövlətlərin iştirakının artıq təsdiqləndiyini bildirib.
Oman və İranın müzakirə etdiyi müvəqqəti razılaşma gəmilərin boğaza İran su ilə daxil olmasını, əsasən Oman suları vasitəsilə çıxmasını nəzərdə tutur. Diplomatlar su yolunun tam açılması üçün ABŞ ilə İran arasında razılaşmanın vacibliyini vurğulayırlar.
Danışıqlar barədə informasiyalı mənbələrdən biri FT-yə deyib ki, İran və Oman Körfəz Əməkdaşlıq Şurasının dəstəyini almağa ümid edir. Məqsəd bundan Vaşinqtona təzyiq göstərmək və İran limanlarının blokadasını aradan qaldırmasına nail olmaqdır. Körfəz ölkələrinin niyyəti isə müvəqqəti razılaşma əldə etmək, gəmilərin boğaza həm daxil olmasına, həm də oradan çıxmasına imkan yaratmaqdır.
ABŞ və İran iyunda qısamüddətli anlaşma memorandumu imzalamışdı. Ancaq Hörmüz boğazından gəmiçiliklə bağlı fikir ayrılıqları bu sənədi qüvvədən salıb.
FT-nin məlumatına görə, Vaşinqton vasitəçilərə bildirib ki, istənilən yeni razılaşma İranın nüvə proqramını da əhatə etməlidir. Tehran isə blokadanın aradan qaldırılması, neft ixracının bərpasına icazə verilməsi də daxil, güzəştlər tələb edir.
Hazırda ABŞ ilə İran arasında birbaşa danışıqlar aparılmır. Regional vasitəçilər diplomatik təmasları qeyri-rəsmi kanallarla davam etdirirlər.
Tramp İranla müharibəyə görə peşman olmadığını deyir
İranla müharibənin ABŞ-də noyabr aralıq seçkilərinə mümkün təsirinə baxmayaraq, prezident Donald Tramp bu qərarından peşman olmadığını, yenidən seçim etməli olsaydı, eyni addımı atacağını bildirib.
""Peşmanlıq" sözünə inanmıram. İnsan həmişə öz qərarlarını müəyyən qədər sorğulaya bilər. Yenidən qərar verməli olsaydım, eyni addımı atardım", – Tramp "Fox News" telekanalına sentyabrın 10-da yayımlanan müsahibəsində deyib.
Tramp bəzi tərəfdarlarının müharibəyə görə ruhdan düşdüyünə dair fikirləri rədd edib. Onun sözlərinə görə, tərəfdarları İranın nüvə silahına sahib olmasına imkan vermədiyi üçün onunla qürur duyurlar.
Prezident İranla münaqişənin aralıq seçkilərindən sonra başa çatacağına dair proqnozunu təkrarlayıb. "Müharibə seçkidən dərhal sonra başa çatacaq", – Tramp deyib. O, bir gün əvvəl Tehranı seçkilərə təsir göstərməyə çalışmaqda ittiham etmişdi.
Münaqişə səbəbindən neft və benzinin bahalanması seçkilər ərəfəsində respublikaçılar üçün problemə çevrilib.