İranın İordaniyadakı bazaya zərbələri ABŞ hərbi təyyarələrini zədələyib
İranın İordaniyada ABŞ hərbçilərinin yerləşdiyi bazaya raket zərbələri nəticəsində bir neçə Amerika hərbi təyyarəsinin zədələndiyi xəbərləri yayılıb.
İordaniya bildirib ki, İran sentyabrın 9-da Müvəffəq əs-Səlti aviabazasına 20 ballistik raket atıb və onlardan 18-i vurulub. Tehran hücumun ABŞ ordusunun bundan əvvəl beş İran tankerini məhv etməsinə cavab olduğunu bildirib.
ABŞ-nin "CBS News" telekanalı məsələdən məlumatlı mənbələrə istinadla xəbər verib ki, A-10 "Thunderbolt" təyyarəsi zərbəyə məruz qalıb və bir qanadını itirib.
Bundan əlavə, səkkizə yaxın F-15 qırıcısına yüngül ziyan dəyib. "CBS News"un məlumatına görə, həmin təyyarələr yenidən istismara qaytarılıb.
"Reuters" anonimlik şərti ilə danışan ABŞ rəsmisinə istinadla eyni ziyan barədə yazıb.
İordaniyaya zərbələrin itkiyə səbəb olmadığı bildirilir.
Konqresin Araşdırmalar Xidmətinin mayda yaydığı hesabatda deyilirdi ki, fevralda İranla müharibə başlayandan bəri ABŞ-yə məxsus 42 hərbi təyyarə məhv edilib və ya zədələnib.
İranda sünni din xadimi öldürülüb: SEPAH separatçıları ittiham edir
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin şimal-qərbində sünni din xadiminin öldürüldüyünü bildirib.
Dövlət mediası SEPAH-ın 9 sentyabr tarixli açıqlamasını yayıb. Qurumun məlumatına görə, Məhəmməd Nüzhati "sionist-Amerika separatçı qruplaşmalarının törətdiyi amansız terror cinayəti" nəticəsində həlak olub.
Nüzhatinin nə vaxt öldürüldüyü açıqlanmayıb.
SEPAH Nüzhatinin könüllülərdən ibarət "Bəsic" yarımhərbi qüvvəsinin üzvü olduğunu bildirib. Təxminən bir milyon üzvünün olduğu güman edilən bu qüvvə SEPAH-ın komandanlığı altındadır.
İraq Kürdüstanı bölgəsində yerləşən müxalif iranlı kürd qrupları İranın şimal-qərbində, sərhədin o tayında fəaldırlar. Tehran uzun müddətdir bu qrupları ABŞ və İsraillə əlaqələrdə ittiham edir.
SEPAH bildirib ki, hücum İranda şiə və sünni müsəlmanlar arasındakı birliyi sarsıtmaq məqsədi daşıyıb. Əhalisinin əksəriyyəti şiə olan İranda ölkənin qərb və cənub-şərq bölgələrində çoxsaylı sünni icmaları yaşayır.
Tramp: ABŞ-də aralıq seçkilərdən sonra İranla müharibə 'dərhal' bitəcək
ABŞ prezidenti Donald Tramp deyir ki, İranla altı aydan çoxdur gedən müharibənin noyabrda aralıq seçkilərdən sonra "dərhal" başa çatacağına inanır.
"Məncə, müharibə seçkilərdən dərhal sonra bitəcək", – Tramp sentyabrın 9-da jurnalistlərə deyib. O, bunu İranın artıq müqavimət göstərə bilməməsi ilə izah edib.
Tramp Tehranı seçkilərin nəticələrinə "ümidsizcəsinə" təsir göstərməyə çalışmaqda ittiham edib.
İranla müharibənin seçki kampaniyasının əsas mövzularından birinə çevriləcəyi gözlənilir. Bir çox amerikalı münaqişədən narazıdır. Müharibə ilə bağlı benzinin bahalanması isə seçicilərin üzləşdiyi iqtisadi təzyiqləri daha da gücləndirir.
Tramp jurnalistlərə onu da bildirib ki, Birləşmiş Ştatlar İranla müharibəni bitirmək üçün razılaşma əldə etməyə çalışmır. O, danışıqların mümkün olduğunu da qeyd edib.
Tehran və Vaşinqton iyunda hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıblar. Razılaşma tezliklə pozulub.
Son həftələr tərəflər qarşılıqlı zərbələr endirirlər. Müşahidəçilərin fikrincə, bu eskalasiya tərəflərin yenidən genişmiqyaslı münaqişəyə qayıtmasına səbəb ola bilər.
İran rialı dollar qarşısında yeni minimuma düşüb
Sentyabrın 8-də İran rialı əsas xarici valyutalar qarşısında yeni minimuma düşüb. Bu, ABŞ-nin Tehrana hərbi və iqtisadi təzyiqi artırması fonunda baş verir.
Valyuta bazarını izləyən saytların məlumatına görə, günün ikinci yarısında 1 ABŞ dolları 2.4 milyon riala yüksəlib. Avronun məzənnəsi 2.7 milyon rialı keçib, Britaniya funt sterlinqi isə 3.1 milyon riala çatıb.
Bu ucuzlaşma ABŞ qüvvələrinin Fars və Oman körfəzində İranın beş neft tankerini məhv etdiyini açıqlamasından sonra baş verib. Vaşinqtonun bildirdiyinə görə, bundan əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ hərbi gəmisini iki dəfə ballistik raketlərlə hədəfə alıb.
Vaşinqton sentyabrın 8-də İranın aviasiya sektoruna yeni sanksiyalar da elan edib. "İqtisadi təcrid əməliyyatı" çərçivəsində 36 hədəf sanksiya siyahısına salınıb. İranın indiyədək sanksiyalardan kənarda qalan bütün aviaşirkətlərinə məhdudiyyətlər tətbiq olunub.
ABŞ maliyyə naziri Skot Bessent İran aviaşirkətləri ilə əlaqələri kəsməyən şirkətlərin qlobal maliyyə sistemindən kənarlaşdırıla biləcəyi barədə xəbərdarlıq edib.
İranda inflyasiya yüksək həddə qalır. İran Statistika Mərkəzinin məlumatına görə, avqustda illik inflyasiya 89 faizə çatıb, ərzaq və içkilərin qiyməti isə ötən ilin eyni dövrü ilə müqayisədə 127.5 faiz artıb.
İranlı deputatlar avqustun 31-də valyuta, qızıl və sikkə bazarlarındakı dəyişkənliyin iqtisadi qeyri-müəyyənliyi artırdığını bildiriblər.