ABŞ İranın 5 tankerini vurub, Tehran cavab zərbələri endirib
Birləşmiş Ştatlarla İranın qarşıdurması kəskinləşib. Vaşinqton İranın beş neft tankerini məhv edib, Tehran isə buna İordaniyadakı ABŞ qüvvələrinə raket hücumları ilə cavab verib, Amerika hərbi gəmiləri və digər gəmilərə zərbələr endirdiyini bildirib.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) sentyabrın 9-da bəyan edib ki, qüvvələri Oman körfəzində "Kaviz", "Çarminar", "Horayzon-1" və "Riesko", İranın Xark adası yaxınlığında isə "Dərya" tankerlərini məhv edib.
Məlumata görə, həmin tankerlər milyardlarla dollarlıq İran neft şəbəkəsinin bir hissəsi olub. Bu şəbəkənin İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) və onun bölgədəki müttəfiqlərini maliyyələşdirdiyi iddia olunur. Zərbələrdən əvvəl ekipajlara gəmiləri tərk etmək göstərişi verilib.
CENTCOM bildirib ki, zərbələr İran ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmisini ballistik raketlərlə iki dəfə vurmağa çalışandan sonra endirilib. Bundan bir neçə gün əvvəl ABŞ İranın daha üç neft tankerini məhv etdiyini bildirmişdi.
İran isə gecə saatlarında İordaniyaya doğru 20 ballistik raket atmaqla cavab zərbəsi endirib. Xəbəri İordaniya rəsmi orqanları yayıb. Ölkənin hava hücumundan müdafiə qüvvələri raketlərdən 18-ni zərərsizləşdirib, ikisi yaşayış olmayan ərazilərə düşüb. Tələfat barədə məlumat verilməyib.
SEPAH ABŞ-nin daha iki hərbi gəmisinə və səkkiz tankerə hücum edərək onlara ciddi ziyan vurduğunu iddia edib. Bu iddialar müstəqil şəkildə təsdiqlənməyib.
SEPAH Küveyt və Bəhreyndə lövbər salan tankerlərin ekipajına gəmiləri dərhal tərk etmək barədə xəbərdarlıq göndərib.
Baş verənlər strateji əhəmiyyətli Hörmüz boğazı ətrafında gəmiçiliyin daha ciddi pozula biləcəyi ilə bağlı narahatlığı artırıb. Eskalasiya artıq təsirini göstərib. "Kpler" şirkətinin məlumatına görə, sentyabrın 8-də Hörmüz boğazından cəmi altı kommersiya gəmisi keçib ki, bu da son dövrün orta göstəricisindən xeyli aşağıdır.
Rubio: 'İran gəmilərimizə hər hücumunda tankerlərini itirəcək'
Sentyabrın 8-də ABŞ rəsmiləri İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli neft tankerlərinə zərbələr endirildiyini təsdiqləyib. İranın ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinə yeni raket hücumları cəhdindən sonra Vaşinqtonla Tehran arasında gərginlik daha da artıb.
Xark adası və Cask limanında tankerlərə zərbələrdən əvvəl ABŞ İranın bir neçə xam neft tankerini hədəf götürmüşdü. CENTCOM sentyabrın 8-də bildirib ki, SEPAH son iki gündə ABŞ Hərbi Dəniz Qüvvələrinin döyüş gəmisini iki dəfə ballistik raketlərlə hədəfə aldıqdan sonra İranın beş gəmisini sıradan çıxarıb. Komandanlığın açıqlamasında heç bir amerikalı hərbçinin xəsarət almadığı, hər hansı zərərin qeydə alınmadığı bildirilib.
Dövlət katibi Marko Rubio həmin gün jurnalistlər son 24 saat ərzində tərəflər arasında baş verən qarşılıqlı hücumlar barədə sualı cavablandırıb.
"Qarşılıqlı addımların mahiyyəti olduqca sadədir. İran davamlı olaraq ABŞ hərbi gəmilərini vurmağa çalışır və hər dəfə bunu etdikdə və ya etməyə çalışdıqda tankerlərini itirəcək. Düşünürəm ki, bu gün də bunun şahidi olacaqsınız", – Rubio bildirib.
Bu arada Vaşinqton İranın neft gəlirlərini məhdudlaşdırmağa çalışır. ABŞ sentyabrın 8-də İranın aviasiya sektorunu, Tehrana təyyarə və həssas texnologiyalar əldə etməkdə yardım göstərməkdə ittiham olunan şirkətlərə qarşı yeni sanksiyaları açıqlayıb.
ABŞ neft tankerini vurub — İran mediası
İran mediası ölkənin əsas neft ixracı mərkəzi olan Xark adası yaxınlığında bir tankerə ABŞ-nin zərbə endirdiyini bildirib.
Sentyabrın 8-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli "Tasnim" xəbər agentliyi ABŞ mərmisinin kiçik tankeri hədəfə aldığını bildirib.
"Tasnim" ölən və yaralanan olmadığını, tankerin heyətinin təxliyə edildiyini yazır.
İran mediası Hörmüz boğazı yaxınlığındakı Cask liman şəhərində də partlayışların baş verdiyini bildirib.
ABŞ hadisə ilə bağlı dərhal açıqlama verməyib.
Sentyabrın 7-də İran neft tankerlərinə ABŞ-nin hər hansı yeni hücumuna cavab verəcəyi ilə hədələmiş, Fars körfəzindəki Amerika neft və qaz obyektlərinin hədəfə alına biləcəyini bildirmişdi.
ABŞ Mərkəzi Komandanlığının məlumatına görə, ABŞ qüvvələri sentyabrın 5-də biri Xark adası yaxınlığında olmaqla, İranın üç neft tankerinə zərbə endirib. Hücumlar İranın regiondakı ABŞ hərbi gəmilərinə zərbə endirməsindən sonra gerçəkləşdirilib.
Britaniya İrana sanksiyaları sərtləşdirir
Böyük Britaniya sentyabrın 8-də İrana qarşı sanksiyaları sərtləşdirən qanunvericilik aktını dərc edib. Sənəd Tehrana ticarət məhdudiyyətlərini, gəmilərə qarşı tədbir görmək səlahiyyətlərini genişləndirir. Məqsəd İranın nüvə proqramını və Birləşmiş Krallığın düşmən fəaliyyəti saydığı digər addımları məhdudlaşdırmaqdır.
Hökumət bildirib ki, yeni tədbirlər İranın Britaniyanın maliyyə sisteminə çıxışını daha da məhdudlaşdıracaq, əlavə mallara, texnologiyalara və xidmətlərə ticarət qadağaları tətbiq edəcək. İstisna hallar xaricində İran təyyarələrinin Böyük Britaniya ərazisinə enməsi də qadağan olunacaq.
Yeni qanunvericilik Britaniyanın İrana bağlı gəmilərə qarşı tədbir görmək imkanlarını da genişləndirir. İrana qarşı mövcud sanksiya rejiminə maliyyə, ticarət və nəqliyyat məhdudiyyətləri, sanksiya siyahısındakı gəmilərlə bağlı tədbir görmək səlahiyyətləri daxildir.
Dövlət naziri Stiven Dauti yazılı bəyanatında bildirib ki, qanunvericilik İranın nüvə ambisiyalarını məhdudlaşdırmaq yönündə tədbirləri gücləndirir, "İranın heç vaxt nüvə silahı əldə edə bilməməsinə kömək edəcək".
Tehranın nüvə proqramı və regional siyasəti Qərblə münasibətlərdə gərginliyi getdikcə gücləndirir.