Qalibaf: ABŞ-nin hücumlarına 'daha ağır' cavab veriləcək
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf deyir ki, ölkəsinin maraqlarına və təhlükəsizliyinə hər hansı yeni hücuma daha sərt cavab veriləcək, "mütənasib cavablar" dövrü başa çatıb.
"İranın maraqlarına və təhlükəsizliyinə istənilən təcavüzə daha sürətli, daha ağır və daha ağrılı cavab veriləcək", – Qalibaf sentyabrın 6-da parlamentin açıq iclasında bildirib.
Bundan bir gün əvvəl isə ABŞ ordusu Xark və Cask adaları yaxınlığında, eləcə də Oman körfəzində üç İran neft tankerini hədəfə alaraq məhv etdiyini açıqlayıb.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, zərbələr İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ABŞ-nin iki hərbi gəmisinə ballistik raketlərlə hücumuna cavab olaraq endirilib. Həmin hücumlarda amerikalılar arasında itki olmayıb.
CENTCOM komandanı Bred Kuper xəbərdarlıq edib ki, İran ABŞ gəmilərinə hücumları dayandırmasa, bunun iqtisadi nəticələri daha ağır olacaq, İranın neft tankerləri sıradan çıxarılacaq.
İran Xarici İşlər Nazirliyi ABŞ zərbələrini "qanunsuz və təcavüzkar" adlandırıb. İranın mərkəzi hərbi komandanlığı olan "Xatəmül-Ənbiya" Mərkəzi Qərargahının sözçüsü bildirib edib ki, dəniz blokadası davam edərsə, ABŞ qüvvələrinə hücumlar daha da şiddətlənə və genişlənə bilər.
ABŞ SEPAH komandirinin yerini deyənə 10 milyon dollar vəd edir
ABŞ İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Kiber-Elektron Komandanlığının rəsmisi Əmir Yaryabın kimliyi və ya yeri barədə məlumata görə 10 milyon dollaradək mükafat elan edib. Mükafatı Dövlət Departamentinin "Ədalət naminə mükafat" proqramı təyin edib.
Yaryab qurumun Kiberəməliyyatlar Komandanlığına rəhbərlik edir.
Dövlət Departamenti bildirir ki, Yaryab SEPAH-ın Kiber-Elektron Komandanlığının "Şəhid Hemmət" və "Şəhid Şüştəri" daxil, bir neçə strukturuna da rəhbərlik edir. Məlumata görə, bu qruplar ABŞ, Avropa və Yaxın Şərqdə mühüm infrastruktur sahələrinə qarşı kiberəməliyyatlar həyata keçiriblər.
Açıqlamada deyilir ki, Yaryab SEPAH-ın Kiber-Elektron Komandanlığına bağlı "CyberAv3ngers", "Dadeh Afzar Arman" (DAA) və "Mehrsam Andişeh Saz Nik" (MASN) qruplarının əməliyyatlarına da nəzarət edir, onları idarə edir. Dövlət Departamentinin məlumatına görə, bu qruplar dünyanın müxtəlif yerlərində mülki infrastruktura qarşı zərərli proqramlardan istifadə ediblər.
"Ədalət naminə mükafat" proqramı bildirib ki, xarici hökumətin göstərişi və ya nəzarəti altında ABŞ-nin kritik infrastrukturuna qarşı zərərli kiberfəaliyyətlərdə iştirak edən istənilən şəxs barədə məlumata görə 10 milyon dollaradək mükafat təklif olunur.
Netanyahu: 'İranda rejim dəyişikliyi əsas vəzifədir və bu, əlçatandır'
İsrailin baş naziri Binyamin Netanyahu deyir ki, İranla müharibə başlayandan altı ay sonra ölkəsinin qarşısında duran əsas vəzifə İran rəhbərliyini devirməkdir və bu məqsəd əlçatandır.
"Bu rejim hazırda sarsılır. O, heç vaxt belə zəif olmayıb, sağ qalmağa çalışır", – Netanyahu sentyabrın 3-də İsrail ordusunun rəhbərliyi ilə keçirilən tədbirdə deyib.
"Əminəm ki, bu təhlükəni birdəfəlik aradan qaldıra, bu rejimi devirə bilərik. Bu, qarşıda duran əsas vəzifədir və ona yaxınıq. Bu, qeyri-mümkün deyil, əlçatandır", – o bildirib.
"Bizi məhv etməyə çalışan və bizi yox etmək üçün nüvə bombaları ilə silahlanmaq istəyən bir rejimin yaratdığı təhlükə ilə üz-üzə idik. Bu təhlükəni, digər təhdidləri geri oturtduq", – Netanyahu vurğulayıb.
Baş nazir bildirib ki, Tehrandakı rejimin zəifliyi İranın artıq İsrailə hücum etməməsinin əsas səbəbidir.
İranın ali rəhbəri Əli Xamenei fevralın 28-də ABŞ və İsrailin İrana hava zərbələrinin ilk günündə öldürülüb. Sonradan rejimin və ordunun onlarla digər rəhbər şəxsi də hücumlar nəticəsində öldürülüb.
ABŞ prezidenti Donald Tramp bildirib ki, İranın nüvə silahı əldə etməsinin qarşısını almaq müharibənin əsas məqsədidir. Amma o, son vaxtlar Hörmüz boğazının yenidən açılmasını da əsas hədəflərdən biri kimi göstərib.
İran Küveyt və BƏƏ-dəki ABŞ bazalarına hücum edib
İran ordusu sentyabrın 3-də səhər saatlarında Küveyt və Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) ABŞ bazalarına raket və dron hücumları həyata keçirdiyini açıqlayıb.
Ordu bildirir ki, Küveytdəki "Əhməd əl-Cabir" bazasında ABŞ ordusunun peyk rabitəsi sistemləri, avadanlıq anbarları, döyüş təyyarəsi anqarları raket və dronlarla vurulub.
Rəsmi məlumatlara görə, BƏƏ-dəki "Əl-Minhad" hərbi bazasında isə ABŞ qüvvələrinin yerləşdiyi ərazi və radar sistemlərinə raket və dron zərbələri endirilib.
Küveyt ordusu sentyabrın 3-də İranın raket və dron hücumlarına məruz qaldığını təsdiqləsə də, BƏƏ ölkəyə edilən yeni zərbələr barədə hələlik rəsmi açıqlama verməyib.
Küveytin Xarici İşlər Nazirliyi İranın yeni hücumlarını kəskin pisləyib. Nazirlik hücumları "Küveytin təhlükəsizliyinə və sabitliyinə, eləcə də ölkə vətəndaşları və sakinlərinin təhlükəsizliyinə birbaşa təhdid", "beynəlxalq hüququn kobud şəkildə pozulması" adlandırıb.
Qətər də İranın Küveytə son hücumlarını pisləyib, onları beynəlxalq hüququn pozulması və regionda "təhlükəli eskalasiya" adlandırıb.