Keçid linkləri

2026, 24 Sentyabr, cümə axşamı, Bakı vaxtı 13:09
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.

Danışıqlar bərpa olunsa da, İran-ABŞ ziddiyyətləri qalır

ABŞ və İsrail fevralın 28-də səhər İrandakı hədəflərə zərbələr endirməyə başlayıb. İran buna İsrail və regiondakı digər ölkələrdə ABŞ bazalarına raket, həmçinin dron hücumları ilə cavab verib. Aprelin 8-də Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında iki həftəlik atəşkəs elan olunub, danışıqlara start verilib.

Aİ ABŞ-nin İrana təzyiqini dəstəkləyir. Tehran sərt reaksiya verdi

Avropa İttifaqı (Aİ) avqustun 31-də bildirib ki, İrana qarşı təzyiqləri saxlamaq, gərginliyi azaltmaq və regionda sabitliyə töhfə vermək üçün Birləşmiş Ştatlar, G7-nin digər üzvləri və beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlığı davam etdirəcək.

Avqustun 31-i və sentyabrın 1-də ABŞ-nin Şimali Karolina ştatında G20 ölkələri maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin toplantısı keçirilib. Açıqlama da bu iclasla əlaqədar verilib.

"Aİ İranın sabitliyi pozan fəaliyyətlərinə son qoyması, xoş niyyətlə sülh danışıqlarına qoşulmasına yönəlmiş səyləri, ABŞ-nin rəhbərliyi ilə "iqtisadi təcrid" əməliyyatı çərçivəsində əlavə iqtisadi təzyiqi alqışlayır", – Aİ-nin açıqlamasında deyilir.

Qurum onu da bildirib ki, təhlükəsizliyini və maraqlarını qorumaq zərurəti yaranarsa, əlavə tədbirlər görməyə hazırdır.

İran bu açıqlamaya sərt reaksiya verib. Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai blokun İrana iqtisadi təzyiqi dəstəkləməsini tənqid edib.

Bəqai avqustun 31-də X platformasında Aİ-ni öz suverenliyini, qanunlarını, dəyərlərini və etik prinsiplərini ABŞ-nin təzyiqinə təslim etməkdə günahlandırıb. Bəqai deyib ki, Aİ-nin Amerikanın "qanunsuz" iqtisadi müharibəsini dəstəkləməsi beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır. Onun sözlərinə görə, Aİ-yə üzv dövlətlər qanunsuz saydığı bu addıma töhfəyə görə məsuliyyət daşımalıdırlar.

Bəqai hansı nəticələri nəzərdə tutduğunu açıqlamayıb.

Bəqai Aİ-nin "Bloklama Statutu"na diqqət çəkib. Bu sənədə əsasən, Brüssel üçüncü ölkələrin qəbul etdiyi qanunların ərazi hüdudlarından kənarda tətbiqini tanımır və bu cür hüquqi təsirləri beynəlxalq hüquqa zidd sayır.

XİN sözçüsü Aİ-ni ziddiyyətli mövqe tutmaqda ittiham edib. Onun sözlərinə görə, Aİ bir tərəfdən ABŞ-nin İrana iqtisadi təzyiqini dəstəkləyir, digər tərəfdən gərginliyin azaldılmasına və regionda sabitliyə çağırır.

Pezeşkian: ABŞ anlaşma memorandumuna qayıdarsa, İran da oxşar addım atacaq

Məsud Pezeşkian ŞƏT-in Bişkek sammitində
Məsud Pezeşkian ŞƏT-in Bişkek sammitində

ABŞ İslamabad Anlaşma Memorandumu çərçivəsində öhdəliklərinə qayıdarsa, Tehran da "dərhal qarşılıqlı addım atacaq". Bunu İran prezidenti Məsud Pezeşkian sentyabrın 1-də deyib.

Pezeşkian Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində çıxışında Vaşinqtonu razılaşma üzrə öhdəliklərini pozmaqda ittiham edib.

"Amma açıq deyirəm ki, ABŞ sözügedən anlaşma memorandumundakı öhdəliklərinə qayıdarsa, İran İslam Respublikası da dərhal qarşılıqlı addım atacaq", – İran dövlət mediası Pezeşkianın belə dediyini yazır.

Bu ayın əvvəlində İranın Ali Milli Təhlükəsizlik Şurası Hörmüz boğazının yenidən açılması üçün altı şərt irəli sürmüşdü. Şərtləri qurumun katibi Məhəmməd Baqir Zülqədr açıqlayıb. Bunlar müharibənin, İrana, onun regiondakı müttəfiqlərinə hücumların dayandırılması, ABŞ-nin dəniz blokadasının ləğvi, Amerika qüvvələrinin İran ətrafından çıxarılması, müharibənin vurduğu zərərin tam ödənilməsi, sanksiyaların ləğvi və İranın dondurulmuş aktivlərinin qeyd-şərtsiz qaytarılması idi.

Bu açıqlamalar İranla ABŞ arasında hərbi gərginliyin yenidən artdığı bir vaxtda verilir. Avqustun 30-da ABŞ qüvvələri Hörmüz boğazındakı Larak adasında İranın iki raket buraxılış qurğusuna zərbə endirib. Bundan sonra İran İordaniyadakı ABŞ qüvvələrinə raket zərbələri endirib.

ABŞ prezidenti Donald Tramp və Məsud Pezeşkian iyunun 18-də Pakistanın vasitəçiliyi ilə Anlaşma Memorandumu imzalayıblar. Sənəd hərbi əməliyyatların dərhal və həmişəlik dayandırılmasını nəzərdə tutur, sonrakı danışıqlar üçün çərçivə müəyyənləşdirir. Memorandumda Hörmüz boğazının yenidən açılması, sanksiyalar, İranın aktivləri və ABŞ-nin regiondakı hərbi qüvvələri ilə bağlı müddəalar da yer alıb.

UKMTO: Hörmüzdə neft tankeri mərmilərlə vurulub

Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzinin (UKMTO) məlumatına görə, Hörmüz boğazından çıxan tanker üç naməlum mərmi ilə vurulub.

Hadisənin avqustun 31-də Omanın Xəsəb şəhərindən təxminən 17 dəniz mili (31 kilometr) şərqdə baş verdiyi bildirilir.

UKMTO qeyd edir ki, tanker üç naməlum mərminin ona dəydiyi barədə məlumat verib. Ölən və ya yaralanan olmayıb, ətraf mühitə ziyan dəyməyib, araşdırma aparılır.

Mərkəz bölgədə üzən gəmilərə ehtiyatlı olmağı, hər hansı şübhəli fəaliyyət barədə məlumat verməyi tövsiyə edib.

UKMTO avqustun 31-də Hind okeanında tanker və hərbi qüvvələrin iştirakı ilə insident barədə də məlumat aldığını bildirib. Əlavə detal açıqlamayıb, araşdırma getdiyi vurğulanıb.

Bu insidentlər ABŞ və İran arasında gərginliyin artdığı, Hörmüz boğazı ətrafında təhlükəsizliklə bağlı narahatlıqların gücləndiyi bir vaxta təsadüf edir.

BƏƏ-dən təkzib: 'Əl-Minhad aviabazası vurulmayıb'

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Əl-Minhad aviabazasına İranın dronlarla hücum etməsi barədə iddialarını təkzib edib.

BƏƏ Müdafiə Nazirliyi Əl-Minhad aviabazasının hədəfə alınması barədə məlumatların yalan olduğunu bildirib. Nazirlik avqustun 31-də sosial mediada yazıb ki, ölkənin silahlı qüvvələri istənilən təhdidə cavab vermək üçün yüksək döyüş hazırlığı vəziyyətindədir.

Əl-Minhad aviabazasını BƏƏ Hərbi Hava Qüvvələri idarə edir, Dubaydan təxminən 24 kilometr cənubda yerləşir.

BƏƏ Müdafiə Nazirliyi X-də ayrıca qeyd edib ki, ölkənin hərbi hava qüvvələri "İrandan gələn və dövlətin ərazi suları üzərində uçan drona qarşı tədbir görüb". Əlavə detal açıqlanmayıb.

Bundan əvvəl İran ordusu bildirmişdi ki, avqustun 31-də Əl-Minhad aviabazasına onlarla dronla hücum edib. Rəsmi açıqlamada bazanın Hörmüz boğazındakı Larak adasında İran hərbçilərinin və mülki şəxslərin öldürülməsinə cavab olaraq hədəf alındığı vurğulanıb.

Fevralın sonlarında ABŞ və İsrail İranla münaqişəyə başlayandan İran BƏƏ-ni dəfələrlə raket və dronlarla hədəfə alıb.

Davamı

XS
SM
MD
LG