ABŞ və İran arasında qarşılıqlı zərbələr: Ölənlər və yaralananlar var
SEPAH Larak adasına zərbə endirildiyini təsdiqləyib, hərbçiləri, həmçinin mülki şəxslər arasında ölən və yaralananların olduğunu bildirib. SEPAH-a yaxın "Tasnim" agentliyi qeyri-rəsmi mənbələrə istinadla iki nəfərin öldüyünü, iki nəfərin yaralandığını yazıb. SEPAH ABŞ hücumuna cavab verəcəyini vəd edib.
Avqustun 31-i səhər İran Birləşmiş Ərəb Əmirliklərində ABŞ hərbçilərinin yerləşdiyi Əl-Minhad aviabazasına zərbə endirdiyini açıqlayıb. İran dövlət televiziyası ölkənin silahlı qüvvələrinə istinadla hücumun Larak adasına zərbəyə cavab olduğunu bəyan edib.
İyulda ABŞ və İran 60 günlük atəşkəs və Hörmüz boğazının açılmasını da nəzərdə tutan memorandum imzalayıblar. Ancaq tərəflər qarşılıqlı zərbələri davam etdiriblər. Avqustda Vaşinqton Tehrana qarşı yeni iqtisadi təzyiq kampaniyasına başladığını elan edib. İran hakimiyyəti bunu "iqtisadi terrorçuluq" adlandırıb.
İran Xark adasına hücumu təkzib edir
İranın Xark adasında neft əməliyyatları dayanmayıb. İran Milli Neft Şirkətinin baş direktoru Həmid Bovard avqustun 31-də "Nournews"a bildirib ki, ölkənin əsas neft mərkəzinin məhv edilməsi barədə məlumat həqiqətəuyğun deyil. ABŞ prezidenti Donald Trampın sosial media postunda Xark adasının dağıdıldığını yazmışdı.
"Trampın paylaşımları gülüncdür, Xarkda vəziyyət sakit və normaldır", – Bovard deyib.
Onun sözlərinə görə, İranın neft ixracının 90 faizinin həyata keçirildiyi adanı ABŞ və İsrail qüvvələri daha əvvəl dəfələrlə bombalasa da, neftçilər əməliyyatların "bir an belə" dayanmasına imkan verməyiblər.
Bovardın dediyinə görə, hazırda podratçı şirkətlər neft çənləri və yanalma körpülərinin yenidən qurulması və modernləşdirilməsi ilə məşğuldurlar.
Tramp İranın Xark adasının 'darmadağın edildiyini' bildirir
ABŞ prezidenti Donald Tramp bazar günü, avqustun 30-da sosial mediada bir cümləlik postda İranın Xark adasının "darmadağın edildiyini" bildirib. Prezident postunda süni intellektlə hazırlanmış video da paylaşıb.
İranın bu mühüm enerji mərkəzinin hücuma məruz qaldığını göstərən başqa sübut yoxdur. Ağ ev və ABŞ Müdafiə Nazirliyi iş saatlarından kənarda "Reuters"in şərh üçün sorğularına cavab verməyib.
İran mediası da Trampın paylaşımına dərhal reaksiya verməyib.
"Xark adası darmadağın edilir!!! Prezident DJT", – Tramp sosial mediada yazıb. O, əlavə detal açıqlamayıb.
"Reuters" xüsusi proqram vasitəsilə Trampın paylaşdığı videonun böyük ehtimalla süni şəkildə yaradıldığını müəyyən edib.
Fevralın 28-də ABŞ və İsrail İrana hücumlara başlayandan neft ixracının 90 faizi Xark adasından həyata keçirilir. Adaya hücum ölkənin enerji ticarətini ciddi şəkildə poza, iqtisadiyyatına böyük təzyiq yarada bilər.
SEPAH İordaniyadakı ABŞ hərbi obyektlərinə cavab hücumu etdiyini bildirir
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazındakı Lark adasına ABŞ-nin zərbəsinə cavab olaraq İordaniyada Amerika qüvvələrinin yerləşdiyi iki bazaya ballistik raketlər atdığını bildirib.
Avqustun 31-də İran dövlət mediasının yaydığı bəyanatda deyilir ki, SEPAH ABŞ-nin yaxın müttəfiqi olan İordaniyadakı Kral Hüseyn və Əl-Əzraq bazalarına hücum edib.
Bəyanata görə, sözügedən aviabazalarda texniki infrastruktur, texniki xidmət obyektləri və düşmən qırıcılarının yerləşdiyi mövqelər hədəfə alınıb və hücum “böyük dağıntılara” səbəb olub.
SEPAH vaxtaşırı belə iddialar səsləndirir, detalları müstəqil şəkildə təsdiqləmək mümkün olmayıb.
İordaniya ordusu avqustun 31-i səhər ölkənin hava məkanına girən səkkiz raketin vurulduğunu bildirib.
ABŞ-nin avqustun 30-da Lark adasına zərbə endirib. Bu, bir aydan artıq müddətdə Amerika qüvvələrinin İran obyektlərinə ilk hücumu olub.
ABŞ rəsmisi AzadlıqRadiosuna deyib ki, SEPAH qüvvələrinin Larak adasındakı obyektdə “dəniz minaları daşıyan raketləri Hörmüz boğazına buraxmağa hazırlaşdığı” müşahidə edilib.
Ötən həftə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Amerika qüvvələrinin Hörmüz boğazındakı beynəlxalq gəmiçilik marşrutlarının dəniz minalarından təmizlənməsini başa çatdırdığını, ərazini diqqətlə izlədiyini bildirmişdi.