Keçid linkləri

2026, 24 Sentyabr, cümə axşamı, Bakı vaxtı 14:45
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.

Danışıqlar bərpa olunsa da, İran-ABŞ ziddiyyətləri qalır

ABŞ və İsrail fevralın 28-də səhər İrandakı hədəflərə zərbələr endirməyə başlayıb. İran buna İsrail və regiondakı digər ölkələrdə ABŞ bazalarına raket, həmçinin dron hücumları ilə cavab verib. Aprelin 8-də Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında iki həftəlik atəşkəs elan olunub, danışıqlara start verilib.

SEPAH-dan xəbərdarlıq: İranda yeni etirazlar başlaya bilər

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat bölməsi avqustun 27-də bəyanat yayaraq ölkədə sosial narazılığın artdığı, küçə etirazlarının yenidən başlaya biləcəyi barədə xəbərdarlıq edib.

SEPAH-ın iddiasına görə, ABŞ və İsrail daxil İranın rəqibləri hərbi zərbələrlə hakimiyyət dəyişikliyinə nail ola bilməyəndən sonra ölkəyə daxildən təzyiqə başlayıblar.

Qurum bildirir ki, İranın rəqib saydığı qüvvələr böhran mərkəzlərini, psixoloji müharibəni aktivləşdirir, valyuta və maliyyə bazarlarında qarışıqlıq yaradır, təhlükəsizliyə qarşı əməliyyatlar aparırlar. SEPAH onları ölkə daxilindəki çatışmazlıqlardan faydalanmaqda, ictimai narazılığın küçələrə daşınmasını təşviq etməkdə suçlayıb.

SEPAH bildirir ki, ictimai asayişə, milli həmrəyliyə və birliyə təhlükə saydığı fəaliyyətlərlə mübarizə prioritetdir.

Son günlər İranda dollar bahalanıb, benzin qıtlığı yaranıb. Ölkədə yeni etirazların başlaya biləcəyi ilə bağlı narahatlıqlar da artıb.

Əraqçi: Qətərin baş naziri ilə “kreativ müzakirələr” aparılıb

İranın xarici işlər naziri Abbas Əraqçi Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman əl- Tani ilə “kreativ müzakirələr” apardığını bildirib. Bu görüş İran-ABŞ müharibəsinin həllinə yönəlik diplomatik prosesin dalana dirəndiyi bir vaxtda keçirilib.

“Diplomatiyanı yenidən cığıra salmaq mümkündür”, - Əraqçi avqustun 28-də X səhifəsində yazıb. O qeyd edib ki, diplomatik səylərin uğuru “ABŞ-nin sadə bir həqiqəti anlamasından asılıdır: təzyiq işləmir”.

Əraqçi onu da deyib ki, Tehran Vaşinqtondan “etimad yaratmasını, hörmətlə danışmasını, hüquqlarımızı tanımasını, öhdəliklərə əməl etməsini” istəyir.

Əraqçinin açıqlamaları ABŞ-İran danışıqlarının son aylar faktiki dayandığı vaxta təsadüf edir. İki ölkənin mövqeləri münaqişə ilə bağlı əsas məsələlərdə ciddi fərqlənir.

İran bir gün əvvəl bildirib ki, müharibə başlayandan hərbi hücumların zədələdiyi nüvə obyektlərinə BMT-nin atom enerjisi üzrə nəzarət qurumunun müfəttişlərini buraxmayacaq, bundan ötrü yeni yoxlama prosedurları müəyyənləşməlidir.

Pakistan Küveytlə müdafiə sazişi imzalayıb

Pakistan Küveytlə hərbi əməkdaşlığın “əhəmiyyətli dərəcədə” genişləndirilməsini nəzərdə tutan müdafiə əməkdaşlığı protokolu imzalayıb. Bu barədə avqustun 27-də Pakistan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, razılaşma çərçivəsində Pakistan ordusu ABŞ-nin çoxdankı müttəfiqi Küveytə hərbi təlim, potensialın gücləndirilməsi, sərhədlərin idarə olunması, digər sahələrdə dəstək göstərəcək.

Pakistan avqustun 7-də digər sünni müsəlman ölkələri Səudiyyə Ərəbistanı və Türkiyə ilə Məkkə Müdafiə Sazişi imzalayıb. Razılaşmanın məqsədi “istənilən təcavüz aktına qarşı kollektiv çəkindirmə imkanlarını gücləndirmək”dir.

Sazişin iştirakçıları vurğulayıblar ki, razılaşma şiə İranına qarşı yönəlməyib. Tehran onilliklər boyu regionda ər-Riyad ilə hərbi, siyasi və dini nüfuz uğrunda rəqabət aparır.

Pakistan bildirib ki, Misir və Banqladeş daxil digər ölkələr də qarşılıqlı müdafiə sazişinə qoşula bilərlər.

Sazişi imzalayan ölkələrdən birinə silahlı hücum bütün üzvlərə hücum sayılacaq.

ABŞ Prezidenti Donald Tramp Məkkə Müdafiə Sazişinin imzalanmasından məmnunluğunu bildirib. Amma bəzi ekspertlərin fikrincə, saziş həmin ölkələrin təhlükəsizlik məsələlərində Vaşinqtondan asılılığını azalda bilər.

Hörmüz boğazında hərəkət orta göstəricidən də aşağı düşüb

Avqustun 27-də Hörmüz boğazından cəmi beş yük gəmisi keçib. Bu, son dövrün gündəlik orta göstəricisindən üç dəfə azdır.

Gəmilərin hərəkətini izləyən Kpler xidməti avqustun 28-də bildirib ki, boğazdan keçən beş gəmi arasında iki orta ölçülü tanker və bir çox böyük qazdaşıyan gəmi olub. Son 10 gündə Hörmüz boğazından gündə orta hesabla 15 gəmi keçib.

Monitorinq mənbələrinin rəqəmləri dəyişə də bilər, çünki bəzi gəmilər səfər zamanı adətən transponderlərini söndürürlər.

Hörmüzdən vaxtilə dünyada neft ticarətinin beşdə biri keçirdi. Fevralın sonunda ABŞ və İsrail İrana zərbələrə başlayandan Tehran Hörmüzü faktiki bağlayıb. Hazırda boğaz Yaxın Şərqdə münaqişənin həllində əsas məsələlərdən birinə çevrilib.

Hörmüz münaqişənin danışıqlar yolu ilə həllinə əsas maneələrdən biri olaraq qalır. Boğaza nəzarətin şərtləri ilə bağlı Tehran və Vaşinqtonun mövqeləri bir-birindən xeyli fərqlənir.

Davamı

XS
SM
MD
LG