Keçid linkləri

2026, 24 Sentyabr, cümə axşamı, Bakı vaxtı 16:19
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.

Danışıqlar bərpa olunsa da, İran-ABŞ ziddiyyətləri qalır

ABŞ və İsrail fevralın 28-də səhər İrandakı hədəflərə zərbələr endirməyə başlayıb. İran buna İsrail və regiondakı digər ölkələrdə ABŞ bazalarına raket, həmçinin dron hücumları ilə cavab verib. Aprelin 8-də Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında iki həftəlik atəşkəs elan olunub, danışıqlara start verilib.

Netanyahu: İranla diplomatik razılaşma əldə etmək mümkün deyil

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-nin İrana qarşı yeni iqtisadi təzyiq kampaniyasını alqışlayıb. O, Tehranla diplomatik razılaşmanın mümkünlüyünə şübhəsini bildirib.

Netanyahu avqustun 25-də etdiyi çıxışında ABŞ prezidenti Donald Trampla iyulun 28-də keçirdiyi görüşü xatırladıb. Onun sözlərinə görə, görüşdə İranla bağlı üç variantı müzakirə ediblər: razılaşma, hərbi əməliyyat və Tehrana qarşı “mühasirənin sərtləşdirilməsi”.

Netanyahunun sözlərinə görə, Trampa belə deyib: “Oradakı dəstə ilə, o vəhşilərlə razılığa gələ biləcəyinə şübhə edirəm. Sizə deyirəm: onlarla razılaşmaq mümkün deyil”.

Baş nazir ABŞ-nin İrana qarşı genişləndirdiyi sanksiyaları alqışlayıb. Onun sözlərinə görə, bu tədbirlər birbaşa İrana deyil, onun “o dəhşətli diktatura” adlandırdığı rejimə yardım edənlərə qarşı mühasirəni sərtləşdirmək deməkdir.

Britaniya ABŞ-nin İrana qarşı addımlarını dəstəkləyir

Böyük Britaniya ABŞ-nin İranla münaqişəni diplomatik yolla həll etmək səylərini dəstəkləyir, Tehrana təzyiqin artırılması üçün addımları alqışlayır. Bunu Britaniyanın maliyyə naziri Con Hili bildirib.

Hili avqustun 25-də deyib ki, buna ABŞ-nin maliyyə naziri Skot Bessentin bir gün əvvəl elan etdiyi yeni sanksiyalar da daxildir.

Hili İranı Hörmüz boğazında və Yaxın Şərqdə “sabitliyi pozan fəaliyyətini” dayandırmağa çağırıb.

Bessent bir gün əvvəl bildirib ki, Birləşmiş Ştatlar “Tehran tək qalanadək bu zalım rejimi ayaqda saxlayan bütün iqtisadi həyat xətlərini kəsmək” kampaniyasına başlayır. Onun sözlərinə görə, ölkələrə İran rejimini ayaqda saxlayan fəaliyyəti “kəsmək” üçün konkret müddətlər veriləcək.

Tramp: İran etirazçıları 'hətta etiraz etməyəndə də' öldürür

ABŞ prezidenti Donald Tramp bildirib ki, İranda “süqut edən” rejim etirazçıları “hətta etiraz etməyəndə də” görünməmiş miqyasda öldürür.

Tramp avqustun 25-də “Truth Social”da yazıb:

“İranın süqut edən İslam Respublikası ordusunun böyük hissəsinə maaş vermir, eyni zamanda etirazçıları, hətta onlar etiraz etməyəndə də görünməmiş miqyasda öldürür. Bu, nəhəng humanitar böhrandır, İNDİ dayandırılmalıdır”.

Tramp iddiası ilə bağlı əlavə detal və ya sübut təqdim etməyib. Prezidentin ilin əvvəlindəki etirazlarda öldürülənləri, yoxsa indiyədək haqqında məlumat verilməmiş yeni qətlləri nəzərdə tutduğu aydın deyil.

Etirazlar 2025-ci il dekabrın 28-də başlayıb, yanvarda davam edib. Güc strukturları aksiyaları zorakılıqla yatırıb, xeyli insan həlak olub.

İran o vaxtdan etirazlarla bağlı ölüm hökmləri icra edib. BMT-nin insan hüquqları üzrə ali komissarı bu ayın əvvəlində bildirib ki, İran martın 19-dan bəri milli təhlükəsizlik ittihamları ilə azı 56 nəfəri edam edib. Onlardan 27-si sözügedən etirazlarla əlaqəli olub.

Son məlumatlara görə, İran bu il ümumilikdə 494 nəfəri edam edib.

Vaşinqtonun 10 milyon dollarlıq siyahısındakı SEPAH komandiri apreldə öldürülüb

ABŞ Dövlət Departamentinin “Ədalət naminə mükafat” proqramı SEPAH-ın beş yüksək rütbəli komandiri barədə məlumat üçün 10 milyon dollaradək mükafat təklif edir. İran İslam İnqilabı Keşikçiləri Korpusunun həmin komandirlərinin amerikalı hərbçilərə və infrastruktura hücumlara görə məsuliyyət daşıdıqları bildirilir.

AzadlıqRadiosunun məlumatına görə, fotosu yayımlanan şəxslərdən azı biri bir neçə aydır ölüb.

Proqram avqustun 24-də X sosial şəbəkəsində müraciət yayıb. Fotosu çıxan beş nəfər SEPAH komandirləri kimi təqdim olunub, ABŞ personalına hücumlarda, zərərli kiberəməliyyatlarda iştirak edən bölmələrə rəhbərlik etdikləri bildirilib.

SEPAH-ın adı qalmaqallarda hallanan Kəşfiyyat Təşkilatının keçmiş rəhbəri Məcid Xadəmi onların arasındadır. Xadəmi ABŞ və İsrailin İrana qarşı müharibəsi zamanı, İsrailin Tehrana 6 aprel hava zərbəsi nəticəsində öldürülüb. Həm SEPAH, həm də İsrail onun ölümünü təsdiqləyib.

Fotosu yayılan digər şəxs, SEPAH-ın Aerokosmik Qüvvələrinin dron bölməsinin komandiri Səid Ağacaninin isə martın 21-də İsrailin İranın şimalına zərbəsindən öldürülməsi xəbəri yayılmışdı. Amma İran onun ölümünü təsdiqləməyib.

Siyahıda yer alan digər şəxslərə gəlincə, onlar SEPAH-ın hazırkı komandanı Əhməd Vahidi, bu yaxınlarda İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin edilmiş Əli Abdullahi və SEPAH-ın kiber-elektron komandanlığına rəhbərlik edən Həmidrza Ləşgəriandır.

Davamı

XS
SM
MD
LG