Keçid linkləri

2026, 24 Sentyabr, cümə axşamı, Bakı vaxtı 19:21
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.

Danışıqlar bərpa olunsa da, İran-ABŞ ziddiyyətləri qalır

ABŞ və İsrail fevralın 28-də səhər İrandakı hədəflərə zərbələr endirməyə başlayıb. İran buna İsrail və regiondakı digər ölkələrdə ABŞ bazalarına raket, həmçinin dron hücumları ilə cavab verib. Aprelin 8-də Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında iki həftəlik atəşkəs elan olunub, danışıqlara start verilib.

CENTCOM ilk çoxmillətli dron qüvvələrinin yaradıldığını elan edib

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) avqustun 13-də "ilk çoxsahəli, çoxmillətli zərbə dronları üzrə əməliyyat qrupu"nun yaradılması prosesinə başladığını açıqlayıb.

""Task Force Falcon Strike" adlanan bu bölmə kamikadze-dronlarla təchiz ediləcək. Havada, suyun səthində və sualtı mühitdə fəaliyyət göstərən dronların idarə edilməsini ABŞ və regional tərəfdaşların hərbi personajı həyata keçirəcək", – CENTCOM-un bəyanatında deyilir.

Vaşinqton Yaxın Şərqdəki tərəfdaşları ilə məsləhətləşmələrə başlayıb. ABŞ Hərbi Dəniz Qüvvələrinin admiralı Bred Kuper bildirib ki, bu yeni imkanların birgə tətbiqi "üfüqdəki yeni imkanları sürətlə reallaşdırmağa kömək edəcək".

"ABŞ ordusunun regionda çoxlu güclü tərəfdaşları və dostları var. Yeni imkanları inteqrasiya edib birlikdə tətbiq etdikdə birlikdə daha güclü oluruq", – Kuper vurğulayıb.

Heqset: İrana qarşı dəniz blokadası 'qeyri-müəyyən müddətə' qala bilər

ABŞ qüvvələrinin İran limanlarına dəniz blokadasını lazım olduğu qədər saxlamağa yetəcək resursları var. Bunu ABŞ müdafiə naziri Pit Heqset avqustun 13-də bildirib. Bu arada Vaşinqtonla Tehran Hörmüz boğazına nəzarətlə bağlı fərqli açıqlamalar verirlər.

"ABŞ Hərbi Dəniz Qüvvələri blokadanı qeyri-müəyyən müddətə davam etdirə bilər", – Heqset Panamada jurnalistlərə deyib. O, PANAMAX-2026 çoxmillətli hərbi təlimləri zamanı "USS Gridley" esminesinin heyəti qarşısında çıxışından sonra danışıb. İdarəolunan raketlərlə təchiz edilmiş "USS Gridley" bundan əvvəl Yaxın Şərqdə yerləşdirilmişdi.

Heqset əlavə edib ki, ABŞ bölgədəki gəmilərini rotasiya qaydasında saxlamaqla blokadanı davam etdirə bilir və ehtiyac yarandıqca qüvvələrini yenidən qruplaşdırmağa davam edəcək.

Bu arada prezident Donald Tramp ABŞ-nin boğaza nəzarət etdiyini israrla bildirir. İran hərbi rəsmiləri isə bu iddianı rədd edir, nəzarətin hələ də Tehranın əlində olduğunu, İranın boğazda gəmilərin hərəkətini idarə etdiyini deyirlər.

Hörmüz boğazına kim nəzarət edir? — Tramp və İranın söz davası

İranın "Bəsic" qüvvələrinin yeni rəhbəri Hörmüz boğazının İranın tam nəzarətində olduğunu bəyan edib. Vaşinqton isə bundan əvvəl ABŞ qüvvələrinin bu vacib su yoluna nəzarət etdiyini bildirmişdi.

Fevralın sonunda ABŞ və İsrail İranla müharibəyə başlayandan Tehran boğazdan gəmilərin hərəkətini dayandırıb. Bu isə neft ehtiyatlarının azalmasına və dünya üzrə enerji qiymətlərinin yüksəlməsinə səbəb olub.

ABŞ prezidenti Donald Tramp isə israr edir ki, boğaza Amerika nəzarət edir. "Tam nəzarət bizdədir. Ora bizimdir", – Tramp avqustun 12-də jurnalistlərə söyləyib.

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat təşkilatının keçmiş rəhbəri Hüseyn Taib Trampın bu açıqlaması ilə razılaşmayıb. Taib ötən həftə SEPAH-ın "Bəsic" təşkilatının rəhbəri təyin edilib.

"Hörmüz boğazı İran İslam Respublikasının nəzarəti və idarəçiliyi altındadır, ölkə tam təhlükəsizlik şəraitində öz yoluna davam edir", – Taib avqustun 13-də müqəddəs Qum şəhərində dini liderlərlə görüşdə deyib.

İran bu kritik su yolunu bağlayıb, Vaşinqtonla danışıqlarda bundan əsas təzyiq vasitələrindən biri kimi istifadə edir.

Tramp İranla müharibə başlayanda əsas məqsədin Tehranın nüvə təhdidini aradan qaldırmaq olduğunu bildirib. Son həftələr isə diqqət Hörmüzdən gəmilərin sərbəst keçidinin təmin edilməsinə yönəldib. Müharibədən əvvəl dünyada neft və təbii qaz tədarükünün 20 faizi bu boğazdan keçirdi.

Qırmızı dənizdə husilərin hücumunda 3 pakistanlı həlak olub

İranın dəstəklədiyi husi üsyançıların avqustun 11-də Bab əl-Məndəb boğazı yaxınlığında Misirə məxsus yük gəmisinə zərbələrindən ölən altı nəfərdən üçü Pakistan vətəndaşı olub. Bunu avqustun 12-də Pakistanın xarici işlər naziri İshaq Dar bildirib.

"Pakistan husilərin kommersiya gəmisinə hücumunu qətiyyətlə pisləyir", – Dar X platformasında yazıb. O, daha bir Pakistan vətəndaşının yaralandığını əlavə edib.

Birinci zərbədən gəmidə yanğın baş verib, ona böyük ziyan dəyib. Gəmidəki dörd dənizçi həlak olub. Xilasedicilər gəmidəki insanları təxliyə edərkən ikinci zərbə endirilib, iki xilasedici həlak olub.

Husilər iyulda Səudiyyə Ərəbistanına dəniz blokadası elan ediblər. Bundan əvvəl Yəməndə atəşkəs pozulub, döyüşlərin yenidən başlayıb. İlk dəfədir husilərin gəmilərə hücumları nəticəsində insan ölümü qeydə alınır.

Davamı

XS
SM
MD
LG