Rzayi Çin səfiri ilə görüşdə Hörmüzün açılması şərtlərini deyib
Hörmüz boğazının yenidən açılması üçün ABŞ İranla müharibəni dayandırmalı, İranın dondurulmuş vəsaitlərini geri qaytarmalıdır. Bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının yeni katibi Möhsün Rzayi bu vəzifəyə təyin olunandan sonra ilk açıqlamasında deyib.
İran mediasına görə, Rzayi Tehranda Çin səfiri ilə görüşüb. O deyib ki, Hörmüzün açılması üçün ABŞ "davranışını dəyişməli və İranın şərtlərini qəbul etməlidir".
O, müharibənin dayandırılmasını və dondurulmuş pulların geri qaytarılmasını əsas şərtlər kimi sadalayıb.
Rzayinin sələfi Məhəmməd Baqir Zülqədr də ötən həftə oxşar şərtlərdən danışırdı.
ABŞ prezidenti Donald Tramp isə bir gün əvvəl jurnalistlərə demişdi ki, ABŞ Hörmüz boğazını bütünlükdə minalardan təmizləyib və faktiki ona nəzarəti ələ keçirib.
Rzayi İranla Omanın Hörmüz boğazından keçidlə bağlı apardığı danışıqlara da münasibət bildirib. O deyib ki, iki ölkə razılığa gəlsə, "bu razılaşma Hörmüz boğazının bağlı qalması məsələsindən ayrı qiymətləndirilməlidir".
Münaqişə başlayandan İran boğazdan keçidi məhdudlaşdırıb. Hazırda boğazdan müharibədən əvvəlkinin kiçik bir hissəsi sayda gəmi keçir.
Tramp: ABŞ İran iqtisadiyyatının daha da pisləşməsini gözləyə bilər
ABŞ prezidenti Donald Tramp deyib ki, onun İranla müharibədəki variantlarından biri Tehranın iqtisadi vəziyyətinin daha da pisləşməsinə imkan verməkdir. Digər variant isə "onlara gerçəkdən çox, çox ağır zərbə endirməkdir".
Bu arada, tərəflər arasında mümkün razılaşmanın əldə olunması yönündə diplomatik səylər davam edir.
Tramp avqustun 10-da gecə "Real America's Voice News"a telefonla müsahibə verib. O, İranı "çox hiyləgər danışıqlar aparan tərəf" adlandırıb, İranla danışıqların hələ də davam etdirdiyini bildirib.
Vaşinqtonla Tehran arasında vasitəçilik edən Pakistan tərəflərin müəyyən bir razılaşmaya yaxın olduğunu bildirib. Qətər isə Hörmüz boğazının idarə olunması ilə bağlı danışıqlarda irəliləyiş olduğunu açıqlayıb.
Tramp ABŞ-nin sursat ehtiyatlarının azalması ilə bağlı narahatlıqları rədd edib, sursatların "çox sürətlə" istehsal olunduğunu deyib.
"Reuters" ötən həftə xəbər verib ki, ABŞ ordusu müharibədə yüksək dəqiqlikli uzaqmənzilli raket ehtiyatlarının böyük hissəsini tükədib.
Qırmızı dənizdə gəmi vurulub, 4 nəfər ölüb
Avqustun 11-də Bab- əl-Məndəb boğazında Misirə məxsus yük gəmisinə hücumda 4 heyət üzvü həlak olub. Yəmənin Nəqliyyat Nazirliyi hücumu husilərin etdiyini bildirir.
Bu iddia təsdiqlənsə, fevralda İran müharibəsi başlayandan husilərin gəmilərə hücumlarından ilk ölüm halı olacaq.
“Tihamah” gəmisində üç Pakistan vətəndaşı və bir İndoneziya vətəndaşı həlak olub, heyət gəmiyə nəzarəti itirib, Yəmən rəsmiləri və hərbi mənbələr belə deyir. Xilasetmə əməliyyatı zamanı Yəmən sahil mühafizəsinin üç əməkdaşı dron hücumundan yaralanıb.
İranın dəstəklədiyi husilər hücuma görə məsuliyyəti götürməyiblər. Onlar iyulda Səudiyyə Ərəbistanına dəniz blokadası elan ediblər.
Panama bayrağı altında üzən “Vela Nova” konteyner gəmisi isə Oman körfəzinə doğru hərəkət edərkən Pakistan sahilləri yaxınlığında raketlə vurulub.
“Wall Street Journal” yazıb ki, gəmi Vaşinqtonun İranla əlaqəli gəmilərə blokadasından yayınmaq istəyib, ABŞ helikopteri onun sükanına “Hellfire” raketi atıb. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məsələni, hələlik, şərh etməyib.
Münaqişə başlayandan regionun əsas su yollarında gəmi nəqliyyatı kəskin azalıb. Ötən həftə Bab əl-Məndəb boğazından gündə orta hesabla 32 gəmi keçib. Hörmüz boğazından nəqliyyat isə müharibədən əvvəlki səviyyədən xeyli aşağıdır.
Hörmüz böhranı böyüyür: Oman körfəzində konteyner gəmisinə hücum edilib
Oman körfəzində konteyner gəmisi və hərbi qüvvələrin iştirakı ilə insident baş verib. Bu haqda Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yayıb.
UKMTO insidentin detallarını açıqlamayıb, gəmilərə dəniz təhlükəsizliyi ilə bağlı ən son məlumatları nəzərə almağı tövsiyə edib.
"Reuters" dəniz təhlükəsizliyi mənbələrinə istinadla xəbər verib ki, Panama bayrağı altında üzən "Vela Nova" konteyner gəmisi Pakistan sahilləri yaxınlığında raketlə vurulub.
Hörmüz boğazı Oman körfəzi ilə Fars körfəzini birləşdirən su yoludur. ABŞ və İran arasında davam edən gərginlik regionda dəniz nəqliyyatını iflic vəziyyətinə salıb.
İran bu su yolunu bağlayıb, Vaşinqtonla danışıqlarda əsas təzyiq vasitələrindən biri kimi istifadə edir. ABŞ isə Hörmüz boğazında və ətrafındakı İran limanlarına gedən gəmiləri blokadaya alıb.
Fevralın 28-də ABŞ və İsrail İrana zərbələrə başlayanda Tramp müharibənin əsas məqsədinin Tehranın nüvə təhdidini aradan qaldırmaq olduğunu deyirdi. Son həftələr isə diqqəti Hörmüz boğazında gəmilərin sərbəst hərəkətinin təmin edilməsinə yönəldib.