Tramp indi də İrana qarşı iqtisadi təzyiqdən danışır
ABŞ prezidenti Donald Trampın yaxın vaxtlarda İrana qarşı hərbi əməliyyat başlatmaq hədələrindən daşındığı görünür. O bildirib ki, Tehranı sülh razılaşmasına məcbur etmək üçün iqtisadi təzyiq göstərəcək. Bu arada tərəflər arasında Hörmüz boğazı ilə bağlı fikir ayrılıqları qalmaqdadır.
"İşləri sakitcə görürük", – Tramp avqustun 9-da "Axios"a qısa telefon müsahibəsində deyib.
"Onlarla qismən danışıqlar aparırıq. İrandakı nəhəng inflyasiyanı, onların pulunun olmamasını izləyirik", – Tramp deyib. "Axios" yazır ki, Tramp müsahibədə hərbi təhdid səsləndirməyib.
Prezident bildirib ki, İran iqtisadi baxımdan "çox pis vəziyyətdədir", hətta əsgərlərinə maaş verməyə pulu yoxdur. Onun dediyinə görə, ABŞ-nin dəniz blokadası İran hökumətinin üzləşdiyi iqtisadi böhranı daha da dərinləşdirib.
Fevralın sonunda ABŞ və İsrailin İranla müharibəsi başlayandan Tramp həm irimiqyaslı hərbi zərbələrlə hədələyib, həm də uzunmüddətli sülh razılaşmasının mümkünlüyündən danışıb. O, dəfələrlə daimi sülh sazişinin yaxın olduğunu deyib. Tehran isə irəliləyişin olduğunu təkzib edib, sonradan tərəflər qarşılıqlı zərbələr endiriblər.
Avqustun 9-da İranın elit hərbi qüvvəsi bildirib ki, ABŞ Tehranın bütün tələblərini qəbul etməyənədək Hörmüz boğazı açılmayacaq. Bu arada, ABŞ rəsmiləri boğazın açılmasına imkan verəcək razılaşmanın yaxın olduğuna deyirdilər.
İran müharibənin əvvəlindən Hörmüz boğazını bağlayıb. Tehran bu strateji su yolunun bağlı saxlanmasından Vaşinqtonla danışıqlarda əsas təzyiq vasitələrindən biri kimi yararlanır.
Tramp əvvəlcə müharibənin əsas məqsədinin İranın nüvə təhdidini aradan qaldırmaq olduğunu deyirdi. Son həftələr diqqətini Hörmüz boğazından gəmilərin sərbəst keçidinin təmin edilməsinə yönəldib. Müharibədən əvvəl dünya üzrə neft və təbii qaz tədarükünün 20 faizi bu mühüm boğazdan keçirdi.
Tramp: İranla müharibə 'çox tezliklə' başa çatacaq
ABŞ prezidenti Donald Tramp avqustun 6-da deyib ki, İranla müharibənin tezliklə başa çatacağına inanır. O, Hörmüz boğazının yenidən açılması ilə bağlı danışıqların davam etdiyini də söyləyib.
Oval kabinetdə jurnalistlərə danışan Trampa görə, İran münaqişəni daha uzun müddət davam etdirə bilməyəcək.
"Məncə, çox tezliklə başa çatacaq. Düşünmürəm ki, onlar bu vəziyyəti daha uzun müddət davam etdirə bilsinlər", – Tramp İranı nəzərdə tutaraq deyib.
Bu arada, İran və Oman Hörmüz boğazının yenidən açılması ilə bağlı razılaşma üzərində işləyir. Amma bir sıra vacib detallar hələ də razılaşdırılmayıb. "Reuters" avqustun 5-də yazırdı ki, təklif olunan saziş İrana boğaza daxil olan gəmilərin hərəkətinə nəzarət etmək hüququ verə bilər.
ABŞ Oman sularından keçən cənub gəmiçilik marşrutunu Hörmüz boğazından alternativ keçid kimi irəli sürüb. Bu marşrut Hörmüz boğazındakı mərkəzi kanalın minalara görə təhlükəli elan edilməsindən sonra yaradılıb.
ABŞ və İsrail fevralın 28-də İrana zərbələr endirməyə başlayıb. İran Hörmüz boğazı və onun ətrafındakı ticarət gəmilərinə, eləcə də Oman sularından keçən cənub marşrutundan istifadə edən gəmilərə dəfələrlə zərbələr endirib.
Tramp ABŞ ordusunda bəzi silah-sursatların çatışmadığını da etiraf edib.
"Bizim çox güclü bəzi sursat növlərimiz var ki, onların ehtiyatı, demək olar, qeyri-məhduddur. Digər növlər üzrə isə vəziyyət bir qədər gərgindir", – Tramp deyib.
Tramp bildirib ki, ABŞ müdafiə şirkətləri əlavə istehsal müəssisələri, o cümlədən "Patriot" və "Tomahawk" raketlərinin istehsalı üçün zavodlar tikirlər.
"Reuters" avqustun 4-də xəbər vermişdi ki, ABŞ ordusu İranla müharibədə yüksək dəqiqlikli və uzaqmənzilli ATACMS və PrSM raketlərinin qlobal ehtiyatının böyük hissəsini tükədib. İki mənbə "Reuters"ə bildirib ki, ABŞ ordusu bu silahların "demək olar ki, hamısını" istifadə edib.
Husilər Səudiyyə Ərəbistanını vurdu: 11 yaralı
Yəməndə İranın dəstəklədiyi husilərin avqustun 6-da Səudiyyə Ərəbistanının cənubuna hücumu nəticəsində 11 mülki şəxs yaralanıb. Krallıq yaxın vaxtlarda husilərlə İranın İraqda dəstəklədiyi silahlıların koordinasiyalı hücumlar keçirə biləcəyi barədə xəbərdarlıq edib.
Nəcran vilayətinə hücum zamanı yeddi Səudiyyə Ərəbistanı, bir Yəmən, iki Misir və bir Pakistan vətəndaşı yaralanıb. Yaralananlar arasında ikinci dərəcəli yanıq xəsarətləri alan dördyaşlı bir uşaq da var.
Husilər və İran hələlik bu açıqlamaya münasibət bildirməyiblər.
Tramp: 'İranla müharibədənsə, razılaşmaya üstünlük verirəm'
ABŞ prezidenti Donald Tramp avqustun 5-də bildirib ki, İrana qarşı yeni hərbi əməliyyatlara başlamaqdansa, Tehranla diplomatik razılaşma əldə etməyə üstünlük verir. Onu da vurğulayıb ki, İran nüvə silahı əldə etməməlidir.
"Ya razılaşma əldə edəcəyik, ya da işi başa çatdıracağıq. Və onu başa çatdırmaq çətin olmayacaq. Mən razılaşmaya üstünlük verərdim, çünki 91 milyon insana zərər vurmaq istəmirəm", – Las-Veqasda çıxış edən Tramp söyləyib.
Tramp həm də iddia edib ki, ABŞ daha genişmiqyaslı hərbi zərbə endirməyə hazırlaşdığı bir vaxtda İran danışıqlara başlamaq istəyib. Onun sözlərinə görə, məhz hərbi təzyiqlər Tehranı danışıqlar masasına qayıtmağa vadar edib.
Bu arada, Tramp administrasiyası İranla danışıqları davam etdirəcəyini bildirir. Müzakirələrdə Hörmüz boğazının yenidən açılması məsələsi də əsas yer tutur.