Neft qiymətlərində düşüş davam edir
Avqustun 6-d dünya bazarında neftin ucuzlaşması davam edib. Bu, İran və Omanın danışıqlarında irəliləyiş fonunda baş verib.
"Brent" markalı neft fyuçersləri 33 sent və ya 0.42 faiz ucuzlaşaraq bir barel üçün 79.12 ABŞ dollarına düşüb. ABŞ-nin "West Texas Intermediate" (WTI) markalı nefti isə 42 sent və ya 0.56 faiz ucuzlaşaraq 74.80 dollar olub.
Azərbaycan neftinin bir barelinin qiyməti 0.64 dollar və ya 0.7 faiz azalaraq 91.04 dollara düşüb. Builki dövlət büdcəsində "Azeri Light"ın bir barelinin orta qiyməti 65 dollardan hesablanıb.
İran Omanla Hörmüz boğazındakı gəmiçilik marşrutunun coğrafi koordinatları barədə razılığa gəlindiyini açıqlayıb.
"Nomura Securities" şirkətinin iqtisadçısı Yuki Takaşima bildirib ki, qiymətlər ABŞ və İranın iyunun 17-də müvəqqəti sülh razılaşması imzaladığı dövrdəki səviyyəyə qayıdıb, investorlar tərəflərin yekun razılaşma əldə edib-etməyəcəyini diqqətlə izləyirlər.
"Reuters" yüksəkvəzifəli İran rəsmisi və regionda iki mənbəyə istinadla yazıb ki, İran-Oman razılaşması Tehrana Hörmüz boğazı vasitəsilə Fars körfəzinə daxil olan gəmilərə nəzarət imkanı verəcək. Mənbələr bunu İrana edilən ən böyük güzəştlərdən biri kimi qiymətləndiriblər.
ABŞ tərəfi bu təklifə dərhal münasibət bildirməyib. Bundan əvvəl prezident Donald Tramp boğazın yenidən açılması ilə bağlı razılaşmanın yaxın olduğunu demişdi. ABŞ rəsmiləri isə dəfələrlə vurğulayıblar ki, Vaşinqton Hörmüzə çıxışın İranın nəzarətinə verilməsi ilə heç vaxt razılaşmayacaq.
İranda elektrik enerjisi xərcləri 3-4 dəfə artıb
İrandan gələn xəbərlərə görə, bu ilin iyulunda elektrik enerjisi xərcləri əvvəlki ayla müqayisədə üç-dörd dəfə artıb.
İran mediası yazır ki, iyunda təxminən 300 min tümənlik işıqpulu ödəyən bir ailəyə iyulda 800 min tümənlik qəbz təqdim edilib.
Elektrik sənayesinin sözçüsü Mustafa Rəcəbi-Məşhədi deyib ki, "tariflərdə qəfil artım olmayıb, hesabın belə artmasının əsas səbəbi abonentlərin müəyyən edilmiş istehlak normasını aşmasıdır". Onun sözlərinə görə, "istehlak norması" hər bölgədə abonentlərin 75 faizinin orta sərfiyyat səviyyəsi əsas götürülərək müəyyən edilir. Bu normadan az elektrik enerjisi istifadə edənlər subsidiyalardan yararlanır və səmərəli istehlaka görə mükafatlandırılırlar.
Elektrik enerjisi xərclərinin artması İranın əksər bölgəsində havaların son dərəcə isti keçdiyi vaxta təsadüf edir. Eyni zamanda, müharibənin fəsadları, inflyasiyanın sürətlənməsi də vətəndaşların ərzaq, eləcə də digər zəruri mal və xidmətlərə görə xərclərini kəskin artırır.
İran və Oman Hörmüz boğazından keçidlə bağlı irəliləyiş əldə edib
İran və Oman Hörmüz boğazından gəmiçilik marşrutu ilə bağlı danışıqlarda irəliləyiş əldə edib və marşrutun coğrafi koordinatlarını razılaşdırıb. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi avqustun 5-də bildirib.
Bəqayinin sözlərinə görə, Tehran və Məsqət son bir neçə ayda təklif olunan marşrutun müxtəlif aspektlərini müzakirə edir. Onun sözlərinə görə, "bəzi üçüncü tərəflər prosesə mane olmasa", iki ölkə birgə bəyanatı, demək olar, yekunlaşdırıb.
ABŞ prezidenti Donald Tramp həyati əhəmiyyətli su yolunun tezliklə yenidən açılacağını bildirib və Tehran danışıqlardan imtina edərsə, İranı "çox sərt" addımlarla hədələyib.
"Onlar bunu başa düşürlər. Mənim başqa seçimim yoxdur", – Tramp deyib.
Tramp "Fox News"a müsahibəsində İran rəsmiləri ilə "çox yaxşı" müzakirələrin getdiyini də bildirib.
İranın IRNA dövlət xəbər agentliyi isə Xarici İşlər Nazirliyinə istinadla son günlər Vaşinqton və Tehran arasında heç bir danışıq aparılmadığını yazıb.
Bəqayi onu da deyib ki, İran və Oman arasında Hörmüz boğazından təhlükəsiz marşrut üzrə istənilən razılaşma özlüyündə təhlükəsizliyə zəmanət vermir.
Hörmüz boğazının faktiki bağlanması uzun müddətdir ABŞ-İran müharibəsinin əsas mövzularından biridir. Bu məsələ Yaxın Şərqdə daha geniş münaqişəyə son qoymağı hədəfləyən mümkün razılaşma yolunda əsas əngəllərdən sayılır.
Müharibənin ilk günlərindən Tehran boğazdan keçidi məhdudlaşdırıb. Bu, qlobal neft bazarlarını pozub, qiymətlərin kəskin artmasına səbəb olub.
Sonrakı aylarda İran boğazdan keçən gəmilərdən rüsum almağa çalışıb. ABŞ bunu "qəbuledilməz" adlandırıb.
ABŞ SEPAH-la əlaqəli aviaşirkətdən və onun iki təyyarəsindən sanksiyaları götürüb
ABŞ Maliyyə Nazirliyi "Fly Baghdad" ("Iraq Express") aviaşirkətini və ona məxsus iki təyyarəni sanksiya siyahısından çıxarıb. Bununla da həm Bağdadda qeydiyyatdan keçmiş şirkətin özündən, həm də onun "YI-BAF" və "YI-BAN" göyərtə nömrəli iki "Boeing 737" tipli təyyarəsindən sanksiyalar götürülüb.
Buna qədər "Fly Baghdad" sanksiya siyahısında eyni vaxtda üç fərqli adla – "Fly Baghdad", "Fly Baghdad Airlines Company" və "Iraq Express" olaraq göstərilmişdi. ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) bu şirkəti İslam İnqilabı Keşikçiləri Korpusunun xarici qanadı olan "Qüds" qüvvələri ilə əlaqələndirirdi.
ABŞ Maliyyə Nazirliyinin iddiasına görə, aviaşirkət Dəməşqə reyslər vasitəsilə iranmeylli qruplaşmalara – Suriya Respublika Qvardiyası, "Hizbullah" və "Kətaib Hizbullah"a silah daşınmasını təmin edirdi. "Fly Baghdad" isə həmin vaxt bu ittihamları rədd edərək onları mübahisələndirmək niyyətində olduğunu bildirmişdi.
Bu həftə ABŞ prezidenti Donald Tramp Hörmüz boğazının açılması ilə bağlı İranla danışıqların bərpa olunduğunu elan edib. "The Financial Times" nəşrinin mənbələrə istinadən yaydığı məlumata görə, boğazdan sərbəst keçidin bərpasına dair saziş İran limanlarının blokadasının və ABŞ sanksiyalarının ləğvini, həmçinin İran neftinə tətbiq edilən məhdudiyyətlərin yumşaldılmasını nəzərdə tutur.