Husilər Səudiyyə tankerini vurdu, neft yenidən bahalaşdı
Avqustun 5-də dünya bazarında neft yenidən bahalanıb. Bundan əvvəl Yəməndə İranın dəstəklədiyi husi qruplaşması Qırmızı dənizdə Səudiyyə Ərəbistanına məxsus neft tankerinə hücum etdiyini açıqlayıb. Bununla da İranla müharibədə gərginliyin azalacağı, Yaxın Şərqdə gəmiçiliyin və neft tədarükünün bərpa olunacağı ilə bağlı ümidlər zəifləyib.
London birjasında "Brent" markalı neftin fyuçersləri 1.51 dollar və ya 1.9 faiz bahalaşaraq bir barel üçün 80.87 dollara yüksəlib. ABŞ-nin WTI markalı nefti isə 90 sent və ya 1.19 faiz artaraq bareli 76.67 dollara çatıb.
Husilər Səudiyyə Ərəbistanına məxsus neft tankerinə raket zərbəsi endirdiklərini bildiriblər. Hadisə Səudiyyə Ərəbistanının xam neft ixracı üçün əsas limanlarından olan Yanbu sahilləri yaxınlığında baş verib. Səudiyyə rəsmiləri hələlik məsələ ilə bağlı hər hansı şərh verməyiblər.
Hücum xəbərləri investorların Yaxın Şərqdə gərginliyin azalacağına dair ümidlərini zəiflədib. Bu xəbərlər fonunda bir gün öncə "Brent" markalı neft 5 faiz ucuzlaşmış, iyulun 13-dən bəri ilk dəfə bir bareli 80 dollardan aşağı qiymətlə qapanmışdı.
Tehran həmçinin ABŞ prezidenti Donald Trampın iddialarının əksinə olaraq, hər hansı sülh danışıqlarının aparıldığını təkzib edib.
D.Tramp isə danışıqlarda irəliləyiş olduğunu, Hörmüz boğazının yenidən açılması ilə bağlı razılaşmanın "sabah, ya birisi gün" əldə oluna biləcəyini bildirib.
Tramp: Hörmüz boğazı 'sabah, ya birisi gün' açıla bilər
ABŞ prezidenti Donald Tramp bildirib ki, Hörmüz boğazının yenidən açılması ilə bağlı razılaşma "sabah, ya birisi gün" əldə oluna bilər, danışıqlarda irəliləyiş var.
Trampın bu açıqlamasından əvvəl "Axios" mənbələrə istinadla yazıb ki, ABŞ, İran və Oman Hörmüz boğazının yenidən açılmasına dair müvəqqəti razılaşmaya yaxındırlar. Xəbərə görə, bu strateji su yoluna dair razılaşmanın avqustun 5-də elan olunması planlaşdırılır. Müharibədən əvvəl dünya neft ticarətinin 1/5-i bu dəniz yolu ilə daşınırdı.
"Onlar mənə zəng edib "Xahiş edirik, danışaq" dedilər; onlar danışmaq istəyirlər", – Tramp İran tərəfini nəzərdə tutaraq bildirib.
"Onlar razılaşma əldə etmək istəyirlər. Zərbə almaq istəmirlər", – Tramp Los-Ancelesdən Las-Veqasa yola düşməzdən əvvəl "Air Force One" təyyarəsində jurnalistlərə deyib.
O, danışıqların son mərhələsini də müsbət qiymətləndirib: "Onlar olduqca səmərəli bir gün keçirdilər. Danışıqlar yaxşı keçdi".
Bessent: Hörmüz boğazının açılması ilə bağlı razılaşma yaxındır
ABŞ-nin maliyyə naziri Skott Bessent deyib ki, İranla qlobal enerji daşımalarının əsas marşrutlarından biri olan Hörmüz boğazının açılması ilə bağlı razılaşma yaxındır.
"İranlılarla danışıqlar aparırıq və düşünürəm ki, bu gün və ya sabah boğazın açılması və bu münaqişədə daha normal vəziyyətə doğru irəliləmək barədə razılığa gəlmək şansımız var", – Bessent avqustun 4-də CNBC televiziyasına müsahibəsində bildirib.
O, detallı danışmayıb.
Son həftələr ABŞ və İran arasında danışıqların əsas mövzularından biri Hörmüz boğazında gəmiçiliyin sərbəst hərəkətinin bərpası olub.
Müharibədən əvvəl dünya üzrə neft və qaz tədarükünün 20 faizindən çoxu bu boğazdan keçirdi. İran müxtəlif dövrlərdə su yolunu faktiki olaraq bağlayıb, bəzən isə Tehrandan lazımi icazə almadığını bildirdiyi gəmilərə hücum edib. İran həmçinin boğazdan keçən gəmilərdən rüsum almaqla hədələyib.
ABŞ və digər ölkələr Hörmüz boğazının beynəlxalq su yolu olduğunu, heç bir dövlətin nəzarəti altında olmadığını bildirirlər.
İyunda imzalanmış ABŞ-İran atəşkəsi pozulduqdan sonra Vaşinqton Hörmüzdə İrana qarşı dəniz blokadasını yenidən bərpa edib.
İran prezidenti istefa verəcəyinə dair şayiələri təkzib edib
İranın bir neçə xəbər agentliyinin yayımladığı videoda İran prezidenti Məsud Pezeşkian istefa vermək niyyətində olmadığını bildirib. Bununla da o, son həftələrdə siyasi gələcəyi ilə bağlı yayılan iddiaları rədd edib.
Videoda o deyib ki, nə vaxtsa vəzifəsindən getmək qərarı versə, bunu rəsmən elan edəcək.
"Hələlik möhkəm dayanacağam", – Pezeşkian bildirib.
O, həmçinin İranın ali rəhbəri Müctəba Xamenei arasında fikir ayrılığı olduğu barədə iddiaları da rədd edib.
"Onlar elə bir təəssürat yaratmaq istəyirlər ki, guya aramızda fikir ayrılığı var. Ali rəhbər bir söz deyir, onlar isə mənim tamam başqa şey dediyimi iddia edirlər", – Pezeşkian vurğulayıb.
"Xalqa hesabat" adlı videonun tam versiyasının yaxın günlərdə yayımlanacağı gözlənilir.
Fevralın 28-də ABŞ və İsrailin endirdiyi zərbələr nəticəsində İranın ali rəhbəri Əli Xamenei öldürülüb. Bundan sonra onun oğlu Müctəba Xamenei varis elan edilib. O vaxtdan Pezeşkianın istefaya hazırlaşdığı barədə təsdiqlənməmiş məlumatlar yayılmaqdadır.
"Hizbullah İran" Partiyasının baş katibi və Əli Xameneinin oğlu Məsud Xameneinin qaynı Məhəmməd Baqir Xarazi bu yaxınlarda bildirib ki, Müctəba Xamenei rəsmi və açıq xəbərdarlıq edib: Pezeşkian daha bir istefa ərizəsi yazsa, bu dəfə qəbul olunacaq. Xarazi ali rəhbərin bu xəbərdarlığı nə vaxt və kimə etdiyini deməyib.
Müctəba Xamenei atasının yerinə keçdikdən bəri xalq arasında görünməyib. İndiyə qədər onun adından yalnız bir neçə yazılı bəyanat verilib, amma onun təsdiqlənmiş hər hansı video və ya səs yazısı hələ də yoxdur.