Hörmüz boğazında yük gəmisi vurulub
Hörmüz boğazında, Oman sahilləri yaxınlığında bir yük gəmisi naməlum mərmi ilə vurulub. Bunu Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzi (UKMTO) bildirib.
UKMTO Bakı vaxtı ilə avqustun 4-ü saat 02:00-da qeydə alınan insidentlə bağlı xəbərdarlıq yayıb: "UKMTO Omanın Əl-Xasab şəhərindən 20 dəniz mili şimal-şərqdə baş vermiş insident barədə məlumat alıb. Yük gəmisi naməlum mərmi ilə vurulduğu barədə VHF 16 rabitə kanalı vasitəsilə məlumat ötürüb".
Qurum insidentlə bağlı araşdırma aparıldığını bildirib.
Tramp: İranın razılaşma əldə etmək üçün 'son şansı' qalır
ABŞ prezidenti Donald Tramp deyib ki, İranın beş aydır davam edən müharibəyə son qoyacaq razılaşmanı əldə etmək üçün “son şansı” var, əks halda ölkə “başsız qalacaq”.
“Düşünürəm ki, bəlkə nəyəsə nail ola bilərik, amma başsız qoymazdan əvvəl onlara sonuncu şansı vermək istəyirəm”, – Tramp avqustun 3-də Ağ evdə Oval kabinetdə jurnalistlərə deyib. O, İrana qarşı genişmiqyaslı hücum təhdidini bir daha təkrarlayıb.
Tramp həftəsonu İrana qarşı “İkinci Dünya müharibəsindən bəri ən böyük hücum”u “təxirə salmaq” qərarına gəldiyini açıqlayıb, Tehranla razılaşmanın “əsas konturlarının” razılaşdırıldığını bildirib.
İran isə avqustun 3-də ABŞ ilə danışıqlar aparmadığını bəyan edib. Buna cavab olaraq Tramp sosial şəbəkədə İran rəhbərliyini “inanılmaz dərəcədə ikiüzlü” adlandırıb.
Danışıqların vəziyyəti ilə bağlı suala cavabında Tramp “hazırda danışıqlar gedir” deyib. O əlavə edib ki, tərəflər İranın, eləcə də ABŞ-ın Fars körfəzindəki müttəfiqləri – Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətərin xahişi ilə danışıq aparırlar.
“Bu, onların yaxşı bir sənədi imzalaması üçün son şansdır”, – Tramp İranı nəzərdə tutaraq deyib.
Vaşinqton və Tehranın əldə etdiyi müvəqqəti sülh sazişi iyulun ortalarında, imzalanandan cəmi bir neçə həftə sonra qüvvədən düşüb.
Neft kəskin ucuzlaşıb
Avqustun 3-də səhər saatlarında neft kəskin ucuzlaşıb. Bu, ABŞ Prezidenti Donald Trampın son açıqlamalarından sonra Yaxın Şərqdə sülhlə bağlı ümidlərin artması fonunda baş verib.
Brent markalı neftin fyuçersləri 6 faizdən çox ucuzlaşaraq bir barel üçün 82,41 dollara düşüb. “West Texas Intermediate” (WTI) nefti isə 4,67 faiz ucuzlaşaraq 80,72 dollar olub.
Tramp bildirib ki, İranla danışıqlar avqustun 3-də yenidən başlayacaq. O, həmçinin İrana qarşı planlaşdırılan "genişmiqyaslı" hücumu ləğv etdiyini deyib. Prezident bunu Hörmüz boğazının yenidən açılması, Tehranın nüvə proqramı ilə bağlı çıxılmaz vəziyyətin həlli yönündə iş getdiyini əsas gətirib. Amma prezident bu razılaşmalar haqda detallı danışmayıb.
Fevralın sonunda ABŞ və İsrail İrana hava zərbələrinə başlayanda neft qiymətlərində kəskin dəyişikliklər baş verib. Hücumlar intensivləşəndə qiymətlər yüksəlib, danışıqlara ümidlər artanda isə enib.
Ər-Riyad Bab əl-Məndəb boğazında dəniz müdafiə alyansı yaradıb
Səudiyyə Ərəbistanı Qırmızı dənizdə strateji əhəmiyyətli Bab əl-Məndəb boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək məqsədilə müdafiə alyansı yaratdığını açıqlayıb. Bu addım Yəməndə İranın dəstəklədiyi husilərin Səudiyyə gəmilərinə hücumları fonunda atılıb.
Husilər ötən həftə Səudiyyə Ərəbistanına dəniz blokadası elan edib, ölkənin neft tankerlərini və neft infrastrukturunu hədəfə alıblar. ABŞ prezidenti Donald Tramp və Avropa liderləri bu hücumları pisləyib.
İyulun 30-da Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi 14 ölkə adından birgə bəyanat yayıb. ABŞ tərəfdaşları Türkiyə, Pakistan, Bəhreyn, İordaniya, Küveyt və Qətərin də qoşulduğu alyansın "dəniz təhlükəsizliyini gücləndirmək" məqsədi daşıdığı açıqlanıb.
Bəyanatda deyilir ki, alyans həmçinin "... Bab əl-Məndəb boğazı, Qırmızı dəniz və Ədən körfəzində ortaq dəniz maraqlarını müdafiə etmək" məqsədi güdür.
Oman və Birləşmiş Ərəb Əmirliklərinin alyansda yer almaması diqqət çəkir. Baxmayaraq ki, bu iki ölkə Səudiyyə Ərəbistanı ilə oxşar təhlükəsizlik maraqlarını bölüşür.
Husilər blokadanın yalnız Səudiyyə Ərəbistanına qarşı yönəldiyini bildiriblər. Amma Qırmızı dənizdə son hadisələr qlobal neft təchizatına, ikinci strateji boğaza təhdid yaradıb. Bu arada İran Hörmüz boğazına nəzarəti gücləndirməyə çalışır.
Bundan əvvəl D.Tramp hücumlar davam edərsə, İranı və husiləri "genişmiqyaslı hərbi cəza" ilə hədələyib.