İran prezidenti istefa verəcəyinə dair şayiələri təkzib edib
İranın bir neçə xəbər agentliyinin yayımladığı videoda İran prezidenti Məsud Pezeşkian istefa vermək niyyətində olmadığını bildirib. Bununla da o, son həftələrdə siyasi gələcəyi ilə bağlı yayılan iddiaları rədd edib.
Videoda o deyib ki, nə vaxtsa vəzifəsindən getmək qərarı versə, bunu rəsmən elan edəcək.
"Hələlik möhkəm dayanacağam", – Pezeşkian bildirib.
O, həmçinin İranın ali rəhbəri Müctəba Xamenei arasında fikir ayrılığı olduğu barədə iddiaları da rədd edib.
"Onlar elə bir təəssürat yaratmaq istəyirlər ki, guya aramızda fikir ayrılığı var. Ali rəhbər bir söz deyir, onlar isə mənim tamam başqa şey dediyimi iddia edirlər", – Pezeşkian vurğulayıb.
"Xalqa hesabat" adlı videonun tam versiyasının yaxın günlərdə yayımlanacağı gözlənilir.
Fevralın 28-də ABŞ və İsrailin endirdiyi zərbələr nəticəsində İranın ali rəhbəri Əli Xamenei öldürülüb. Bundan sonra onun oğlu Müctəba Xamenei varis elan edilib. O vaxtdan Pezeşkianın istefaya hazırlaşdığı barədə təsdiqlənməmiş məlumatlar yayılmaqdadır.
"Hizbullah İran" Partiyasının baş katibi və Əli Xameneinin oğlu Məsud Xameneinin qaynı Məhəmməd Baqir Xarazi bu yaxınlarda bildirib ki, Müctəba Xamenei rəsmi və açıq xəbərdarlıq edib: Pezeşkian daha bir istefa ərizəsi yazsa, bu dəfə qəbul olunacaq. Xarazi ali rəhbərin bu xəbərdarlığı nə vaxt və kimə etdiyini deməyib.
Müctəba Xamenei atasının yerinə keçdikdən bəri xalq arasında görünməyib. İndiyə qədər onun adından yalnız bir neçə yazılı bəyanat verilib, amma onun təsdiqlənmiş hər hansı video və ya səs yazısı hələ də yoxdur.
Hörmüz boğazında yük gəmisi vurulub
Hörmüz boğazında, Oman sahilləri yaxınlığında bir yük gəmisi naməlum mərmi ilə vurulub. Bunu Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzi (UKMTO) bildirib.
UKMTO Bakı vaxtı ilə avqustun 4-ü saat 02:00-da qeydə alınan insidentlə bağlı xəbərdarlıq yayıb: "UKMTO Omanın Əl-Xasab şəhərindən 20 dəniz mili şimal-şərqdə baş vermiş insident barədə məlumat alıb. Yük gəmisi naməlum mərmi ilə vurulduğu barədə VHF 16 rabitə kanalı vasitəsilə məlumat ötürüb".
Qurum insidentlə bağlı araşdırma aparıldığını bildirib.
Tramp: İranın razılaşma əldə etmək üçün 'son şansı' qalır
ABŞ prezidenti Donald Tramp deyib ki, İranın beş aydır davam edən müharibəyə son qoyacaq razılaşmanı əldə etmək üçün “son şansı” var, əks halda ölkə “başsız qalacaq”.
“Düşünürəm ki, bəlkə nəyəsə nail ola bilərik, amma başsız qoymazdan əvvəl onlara sonuncu şansı vermək istəyirəm”, – Tramp avqustun 3-də Ağ evdə Oval kabinetdə jurnalistlərə deyib. O, İrana qarşı genişmiqyaslı hücum təhdidini bir daha təkrarlayıb.
Tramp həftəsonu İrana qarşı “İkinci Dünya müharibəsindən bəri ən böyük hücum”u “təxirə salmaq” qərarına gəldiyini açıqlayıb, Tehranla razılaşmanın “əsas konturlarının” razılaşdırıldığını bildirib.
İran isə avqustun 3-də ABŞ ilə danışıqlar aparmadığını bəyan edib. Buna cavab olaraq Tramp sosial şəbəkədə İran rəhbərliyini “inanılmaz dərəcədə ikiüzlü” adlandırıb.
Danışıqların vəziyyəti ilə bağlı suala cavabında Tramp “hazırda danışıqlar gedir” deyib. O əlavə edib ki, tərəflər İranın, eləcə də ABŞ-ın Fars körfəzindəki müttəfiqləri – Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətərin xahişi ilə danışıq aparırlar.
“Bu, onların yaxşı bir sənədi imzalaması üçün son şansdır”, – Tramp İranı nəzərdə tutaraq deyib.
Vaşinqton və Tehranın əldə etdiyi müvəqqəti sülh sazişi iyulun ortalarında, imzalanandan cəmi bir neçə həftə sonra qüvvədən düşüb.
Neft kəskin ucuzlaşıb
Avqustun 3-də səhər saatlarında neft kəskin ucuzlaşıb. Bu, ABŞ Prezidenti Donald Trampın son açıqlamalarından sonra Yaxın Şərqdə sülhlə bağlı ümidlərin artması fonunda baş verib.
Brent markalı neftin fyuçersləri 6 faizdən çox ucuzlaşaraq bir barel üçün 82,41 dollara düşüb. “West Texas Intermediate” (WTI) nefti isə 4,67 faiz ucuzlaşaraq 80,72 dollar olub.
Tramp bildirib ki, İranla danışıqlar avqustun 3-də yenidən başlayacaq. O, həmçinin İrana qarşı planlaşdırılan "genişmiqyaslı" hücumu ləğv etdiyini deyib. Prezident bunu Hörmüz boğazının yenidən açılması, Tehranın nüvə proqramı ilə bağlı çıxılmaz vəziyyətin həlli yönündə iş getdiyini əsas gətirib. Amma prezident bu razılaşmalar haqda detallı danışmayıb.
Fevralın sonunda ABŞ və İsrail İrana hava zərbələrinə başlayanda neft qiymətlərində kəskin dəyişikliklər baş verib. Hücumlar intensivləşəndə qiymətlər yüksəlib, danışıqlara ümidlər artanda isə enib.