Ər-Riyad Bab əl-Məndəb boğazında dəniz müdafiə alyansı yaradıb
Səudiyyə Ərəbistanı Qırmızı dənizdə strateji əhəmiyyətli Bab əl-Məndəb boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək məqsədilə müdafiə alyansı yaratdığını açıqlayıb. Bu addım Yəməndə İranın dəstəklədiyi husilərin Səudiyyə gəmilərinə hücumları fonunda atılıb.
Husilər ötən həftə Səudiyyə Ərəbistanına dəniz blokadası elan edib, ölkənin neft tankerlərini və neft infrastrukturunu hədəfə alıblar. ABŞ prezidenti Donald Tramp və Avropa liderləri bu hücumları pisləyib.
İyulun 30-da Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi 14 ölkə adından birgə bəyanat yayıb. ABŞ tərəfdaşları Türkiyə, Pakistan, Bəhreyn, İordaniya, Küveyt və Qətərin də qoşulduğu alyansın "dəniz təhlükəsizliyini gücləndirmək" məqsədi daşıdığı açıqlanıb.
Bəyanatda deyilir ki, alyans həmçinin "... Bab əl-Məndəb boğazı, Qırmızı dəniz və Ədən körfəzində ortaq dəniz maraqlarını müdafiə etmək" məqsədi güdür.
Oman və Birləşmiş Ərəb Əmirliklərinin alyansda yer almaması diqqət çəkir. Baxmayaraq ki, bu iki ölkə Səudiyyə Ərəbistanı ilə oxşar təhlükəsizlik maraqlarını bölüşür.
Husilər blokadanın yalnız Səudiyyə Ərəbistanına qarşı yönəldiyini bildiriblər. Amma Qırmızı dənizdə son hadisələr qlobal neft təchizatına, ikinci strateji boğaza təhdid yaradıb. Bu arada İran Hörmüz boğazına nəzarəti gücləndirməyə çalışır.
Bundan əvvəl D.Tramp hücumlar davam edərsə, İranı və husiləri "genişmiqyaslı hərbi cəza" ilə hədələyib.
İran Küveytə zərbə endirib. Bir nəfər həlak olub
İyulun 30-da İranın Küveytin şimalına zərbəsi nəticəsində Çin şirkətinə məxsus binaya raket düşüb. Küveyt rəsmilərinin bildirdiyinə görə, bir işçi həlak olub, binaya isə ciddi ziyan dəyib.
Həlak olan şəxsin vətəndaşlığı hələlik açıqlanmayıb.
Küveyt Müdafiə Nazirliyi hadisəni "İranın iyrənc təcavüzü" adlandırıb, zərbənin binaya ağır maddi ziyan vurduğunu bildirib.
İordaniya ordusu isə iyulun 30-da hava hücumundan müdafiə sistemlərinin İran ərazisindən buraxıldığı bildirilən beş raketi vurduğunu açıqlayıb. Xəsarət alan olmadığı bildirilir.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) və Küveyt hakimiyyəti hələlik bu iddiaya münasibət bildirməyib.
İran hücumu iyulun 29-na keçən gecə ABŞ-nin həyata keçirdiyi zərbələrə cavab kimi qiymətləndirib. Həmin hücumlar zamanı Qeşm adasında yaşayış məhəlləsinin də vurulduğu, İran mediasının iyulun 30-da yaydığı məlumatlara görə, bir neçə mülki şəxsin həlak olduğu bildirilir.
Küveytdəki ABŞ hərbi bazaları İranın son hücum dalğasında əsas hədəflərdən biri sayılır. İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və İran ordusu son günlər, demək olar ki, hər gün bu bazalara raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyini bildirir.
Misir: Aralıq dənizindəki limanda yanğına dron səbəb olub
Misir iyulun 30-da bildirib ki, bir gün öncə ölkənin əsas qaz limanı olan Dəmiyyədə iki gəmidə yanğına mənşəyi naməlum dron səbəb olub. Bunu ilkin araşdırma üzə çıxarıb.
Şübhəli hücuma görə hələlik heç bir tərəf məsuliyyəti üzərinə götürməyib. Misir hakimiyyəti bildirib ki, hadisənin başvermə şəraitini müəyyənləşdirmək, milli təhlükəsizliyi təmin etmək məqsədilə araşdırmalar gedir.
Yanğın mayeləşdirilmiş qazın yenidən qaza çevrildiyi gəmidə və saxlama gəmisində yük boşaldılması zamanı baş verib. Hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb.
Bu insident ABŞ ilə İran arasında gərginliyin daha da artdığı bir dövrdə baş verib.
ABŞ ordusu İrana zərbələr dalğasını yekunlaşdırdı
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iyulun 30-da bildirib ki, İranın ABŞ hərbi qüvvələrinə raket hücumları cəhdinə cavab olaraq İrana "genişmiqyaslı" zərbələr dalğasını başa çatdırıb.
"CENTCOM qüvvələri İranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) onlarla hədəfini, o cümlədən hərbi komanda mərkəzlərini, raket və dron obyektlərini, sahil müşahidə və müdafiə məntəqələrini, həmçinin dəniz əməliyyatları üçün nəzərdə tutulan infrastrukturu vurub", – ABŞ ordusu X platformasında bildirib.
İranın dövlət mediası ölkənin cənub-qərbində yerləşən Xuzistan əyalətinin bir neçə şəhərinə, eləcə də Fars körfəzindəki Qeşm adasına zərbələr endirildiyini bildirib.
CENTCOM-un məlumatına görə, SEPAH qüvvələri iyulun 28-də Yaxın Şərqdəki ABŞ qüvvələrinə qəfil hücum cəhdi edərək İran ərazisindən bir neçə ballistik raket buraxıb. Komandanlıq İranın buraxdığı bütün raketlərin uğurla zərərsizləşdirildiyini açıqlayıb.