Keçid linkləri

2026, 25 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 15:30
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.

Vaşinqtonun 10 milyon dollarlıq axtarış siyahısında ölmüş şəxs də var

ABŞ və İsrail fevralın 28-də səhər İrandakı hədəflərə zərbələr endirməyə başlayıb. İran buna İsrail və regiondakı digər ölkələrdə ABŞ bazalarına raket, həmçinin dron hücumları ilə cavab verib. Aprelin 8-də Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında iki həftəlik atəşkəs elan olunub, danışıqlara start verilib.

ABŞ İordaniyadakı bazaya hücumdan sonra İrana zərbələr endirib

ABŞ ordusu iyulun 29-u gecə saatlarında İrana zərbələr endirib. Vaşinqton əməliyyatın İranın Yaxın Şərqdə yerləşən ABŞ qüvvələrinə hücumlarına cavab olduğunu bildirib.

"Dünən İranın Yaxın Şərqdə yerləşən ABŞ qüvvələrinə hücum cəhdlərinə güclü cavab veririk", – ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib.

İranın dövlət mediası ölkənin bir sıra bölgələrində ardıcıl partlayışların qeydə alındığını xəbər verib.

ABŞ rəsmilərinin sözlərinə görə, əməliyyat SEPAH-ın iyulun 28-də İordaniyadakı ABŞ hərbi bazasına beş raket atmasından sonra həyata keçirilib. Bir neçə saat sonra ABŞ və Səudiyyə Ərəbistanı İraqda İranın dəstəklədiyi silahlı qruplaşmalara zərbələr endirib və bu, regionda gərginliyi daha da artırıb.

ABŞ prezidenti Donald Tramp iyulun 29-da "Fox News"a müsahibəsində hərbi əməliyyatın qaçılmaz olduğuna işarə etmişdi. O bildirmişdi ki, ABŞ İranın iddia edilən hücumuna qətiyyətlə cavab verəcək.

Tramp həmin gün Ağ evdə jurnalistlərə deyib ki, artıq zərbə endirmək növbəsi ABŞ ordusundadır: "Onlar bunun gələcəyini bilirlər. Bizdən bunu etməməyimizi xahiş edirlər, amma dünən gecə bizə atəş açmağa cəhd göstərdilər".

Həftəsonu Tramp Tehranla mümkün diplomatik təmaslara imkan yaratmaq məqsədilə İrana qarşı hərbi əməliyyatları müvəqqəti dayandırmışdı.

ABŞ-nin hərbi əməliyyatları bərpa etməsi regionda münaqişənin daha da genişlənə biləcəyi sarıdan narahatlıqları gücləndirib.

İraqda ABŞ-Səudiyyə zərbələrindən 20 silahlının öldüyü bildirilir

İraqdakı Xalq Səfərbərlik Qüvvələri ABŞ və Səudiyyə Ərəbistanının birgə hava zərbələrindən ölənlərin sayının 20-yə çatdığını açıqlayıb. Bu qüvvələr əsasən İrana yaxın silahlı qrupları birləşdirir, 2016-cı ildən rəsmən İraqın təhlükəsizlik qüvvələrinin tərkibindədir.

İyulun 29-da yayılan bəyanatda bu rəqəmin ilkin məlumat olduğu, azı 32 nəfərin yaralandığı bildirilir.

Bəyanata görə, hava zərbələri Bağdad, Vasit, Neynəva, Bəsrə, Kərkük, Kərbəla və Diyala vilayətlərindəki mövqelərə endirilib; hərbi obyektlərə və texnikaya ciddi ziyan dəyib.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) isə bu əməliyyatın iyulun 28-də - son 72 saat ərzində baş vermiş 30-dan çox dron hücumuna cavab olaraq həyata keçirildiyini bildirib.

CENTCOM-un açıqlamasına görə, zərbələrin hədəfi "İranla əlaqəli terrorçular" olub, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) onları ABŞ qüvvələrinə və Səudiyyə Ərəbistanının enerji infrastrukturuna hücumlara yönləndirir.

'Reuters': Çin İrana portativ zenit-raket kompleksləri göndərir

İran yaxın həftələrdə Çin istehsalı olan 400-dək portativ zenit-raket kompleksinin ilk partiyasını alacağını gözləyir. Bu barədə "Reuters" üç məlumatlı mənbəyə istinadla xəbər verib.

Mənbələrin sözlərinə görə, dəyəri 60-70 milyon dollar olan müqavilə çərçivəsində 400-dək QW-12 və FN-16 daşınabilən zenit-raket kompleksinin alınması nəzərdə tutulur. Tehran ABŞ və İsraillə müharibədən sonra İranın qısamənzilli hava hücumundan müdafiə imkanlarını bərpa etməyə çalışır.

Məlumata görə, müqavilə Honqkonqda yerləşən və İran ilə Çin tədarükçüsü arasında vasitəçi qismində çıxış edən 'Zhongqing Baoshang International Investment' şirkəti ilə bağlanıb.

Razılaşdırılmış plana əsasən, yük əvvəlcə Çinin qərbi Urumçi şəhərindən hava yolu ilə daşınacaq, daha sonra isə Pakistan üzərindən İrana çatdırılacaq.

Mənbələr Pakistan ərazisindən İrana daşınmanın hava, yoxsa quru yolu ilə həyata keçiriləcəyini dəqiqləşdirməyiblər.

Çinin Xarici İşlər Nazirliyi (XİN) xəbəri "tamamilə əsassız" adlandırıb. Pakistan ordusunun ictimaiyyətlə əlaqələr xidməti də bu texnikanın İrana daşınmasında hər hansı rol oynadığını təkzib edib.

İran rəsmiləri hələlik bu məlumatlara münasibət bildirməyiblər.

ABŞ və Səudiyyə Ərəbistanı İraqda İranla əlaqəli hədəfləri vurub

ABŞ və Səudiyyə Ərəbistanı qüvvələri iyulun 28-də İraqın şərqində İranla əlaqəli hədəflərə zərbələr endirib. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, əməliyyat ABŞ qüvvələrinə və Səudiyyə Ərəbistanının enerji infrastrukturuna son dron hücumlarına cavab olaraq həyata keçirilib.

CENTCOM-un bəyanatına görə, son 72 saat ərzində 30-dan çox dron hücumundan sonra İranın dəstəklədiyi qrupların istifadə etdiyi logistika və silah anbarları hədəf alınıb. Komandanlıq ABŞ qüvvələrinə hücumların uğursuz olduğunu qeyd edib.

Səudiyyə Ərəbistanı bildirib ki, əməliyyat beynəlxalq hüquqa uyğun olaraq özünümüdafiə məqsədilə həyata keçirilib. Ər-Riyadın məlumatına görə, buna İranın dəstəklədiyi silahlı qrupların krallığın neft obyektlərinə dron hücumları səbəb olub.

Bu zərbələrin İranın iyulun 28-də Yaxın Şərqdəki ABŞ qüvvələrinə doğru ballistik raketlər buraxdığı deyilən hücumdan ayrı baş verdiyi görünür.

CENTCOM bütün raketlərin havada məhv edildiyini açıqlayıb. ABŞ-nin yüksəkvəzifəli rəsmiləri isə hücumun əsas hədəfinin İordaniyadakı ABŞ hərbi bazası olduğunu deyiblər.

Bu arada ABŞ və İran arasında döyüş əməliyyatlarında qısa fasilə verilib. Bundan əvvəl ABŞ ordusu İranın cənubundakı hədəflərə ardıcıl 13 gecə zərbələr endirmişdi. Buna cavab olaraq İran Körfəz bölgəsində ABŞ-yə məxsus olduğunu bildirdiyi hədəflərə raket və dron hücumları həyata keçirib.

Davamı

XS
SM
MD
LG