Tramp: İranla 'yaxşı' danışıqlar aparılıb
ABŞ prezidenti Donald Tramp iyulun 28-də “Fox News”a müsahibəsində İranla “yaxşı” danışıqların aparıldığını bildirib. Amma o xəbərdarlıq edib ki, Tehran razılaşmaya gəlməsə, ABŞ mülki infrastrukturu hədəfə ala bilər.
Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşündən bir neçə saat əvvəl danışıb. Onun sözlərinə görə, ABŞ hazırda “çox güclü mövqedədir”, baxmayaraq ki, İranı yenidən bombalamaq istəmir.
“Onların artıq razılaşmaları pozmasına imkan verə bilmərik... Biz çox yaxşı danışıqlar aparmışıq”, – prezident vurğulayıb.
ABŞ prezidenti İranın Külüng dağının dərinliyində yerləşən məxfi nüvə obyektində işləri sürətləndirdiyini göstərən peyk görüntülərindən xəbərdar olduğunu söyləyib.
Kəşfiyyat agentliklərinin ehtimalına görə, İran burada gizli uran zənginləşdirmə müəssisəsi tikməyə çalışır.
"Mən Külüngdə nə baş verdiyini dəqiq bilirəm. Bu, böyük problem deyil. Biz onların nüvə obyektlərini məhv etdik. Razılığa gələ bilməsək, Külüngü də məhv etməli olacağıq. Razılaşma olmasa, onu çox asanlıqla sıradan çıxaracağıq", – Tramp deyib.
Omandan Hörmüz təklifi: İranın təkbaşına nəzarətinə son
Oman Hörmüz boğazının birgə regional idarə olunması mexanizmini təklif edib. Bu mexanizmin Malayziya və İndoneziya arasındakı Malakka boğazının idarəetmə modelinə bənzədiyi bildirilir. Məlumatı "Reuters" Fars körfəzi regionundakı mənbəyə istinadla yayıb.
Mənbənin bildirdiyinə görə, plana əsasən, boğazdan istifadə edənlər gəmiçiliyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və axtarış-xilasetmə əməliyyatlarının maliyyələşdirilməsi üçün könüllü vəsait ayıracaqlar.
Mənbə bildirib ki, region ölkələrinin dəstəklədiyi bu planda İranın strateji əhəmiyyətə malik Hörmüz boğazına təkbaşına nəzarət etməsi nəzərdə tutulmur.
Təşəbbüs ABŞ-nin həftəsonu İrana hava zərbələrini dayandırmasından sonra irəli sürülüb. Münaqişədən əvvəl dünyada enerji tədarükünün beşdə biri Hörmüzdən daşınırdı.
ABŞ prezidenti Donald Tramp iyulun 26-da Vaşinqtonun Tehranla "yaxşı" danışıqlar apardığını, razılaşma əldə edilməsi ehtimalının olduğunu bildirib. Amma o xəbərdarlıq edib ki, danışıqlar uğursuz olarsa, ABŞ İrana qarşı zərbələri bərpa edəcək.
Həmin gün İranın xarici işlər naziri Abbas Əraqçi Oman və Səudiyyə Ərəbistanından həmkarları ilə Hörmüz boğazı məsələsini müzakirə edib.
İran Xarici İşlər Nazirliyinin məlumatına görə, Əraqçi bu strateji su yolunda sabitlik və təhlükəsizliyin bərpası üçün region ölkələri arasında əməkdaşlığı genişləndirməyə çağırıb.
SEPAH Hörmüzdən keçməyə çalışan altı gəmini saxladığını bildirir
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) iyulun 27-si səhər tezdən Fars körfəzindən çıxaraq Hörmüz boğazından keçməyə çalışan altı gəminin qarşısını aldığını bildirib. Məlumatı İran dövlət mediası yayıb.
"Bazar ertəsi, iyulun 27-si səhər saatlarında qaydanı pozan altı gəmi naviqasiya və mövqetəyinetmə sistemlərini söndürərək Hörmüz boğazının cənubundakı qanunsuz və təhlükəli marşrut üzrə keçməyə cəhd göstərib", – İranın Dövlət Yayım Agentliyi (IBA) "Telegram" kanalında yazıb.
Məlumatda söhbət Hörmüz boğazının Oman sahillərinə yaxın cənub hissəsindən gedir. Oman rəhbərliyi həmin ərazidə beynəlxalq gəmiçilik qaydalarının tətbiq olunduğunu açıqlayıb. İran isə gəmilərin yalnız SEPAH-ın müəyyən etdiyi marşrut üzrə üzməli olduğunu bildirir.
IBA onu da yazıb ki, altı gəmidən biri "qəza ilə üzləşib". Bu məlumatı hələlik başqa heç bir mənbə təsdiqləməyib.
İyulun 26-da SEPAH-a yaxın "Tasnim" agentliyi Hörmüz boğazında bir neft tankerinin dəniz minasına toxunduqdan sonra partladığını iddia etmişdi.
Pentaqon İranla müharibənin itkilərinin yeni siyahısını yayıb
Pentaqon İranla müharibədə ABŞ ordusunun itkiləri ilə bağlı rəsmi məlumatları yeniləyib.
ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, münaqişə zamanı 14 amerikalı hərbi qulluqçu həlak olub, 400-dən çoxu yaralanıb.
Nazirlik son həftələr itkilərlə bağlı statistikaya bir neçə dəfə düzəliş edib. Yenilənmiş rəqəmlər Pentaqonun döyüş xəsarətlərini təsnif və ictimaiyyətə təqdim etməsi ilə bağlı sualları yenidən gündəmə gətirib.
Müdafiə Nazirliyinin müharibə ilə bağlı ictimaiyyətə məhdud məlumat verməsi tənqid olunur. ABŞ-nin keçmiş müdafiə naziri və Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) sabiq direktoru Leon Panetta "The Guardian" qəzetinə müsahibəsində Pentaqonun itkilərlə bağlı hesabat vermə qaydasını tənqid edib. O, administrasiyanı ictimaiyyətə müharibənin insan itkisi haqda tam məlumat verməməkdə ittiham edib.
Panettanın sözlərinə görə, "Amerika xalqından məlumatı qəsdən gizlətmək cəhdi olub". O, bunu müharibənin real bədəlini ictimaiyyətə çatdırmaq baxımından "utancverici yanaşma" adlandırıb.
Pentaqon ötən həftə bildirmişdi ki, atəşkəsdən bəri İranın cavab hücumları nəticəsində 100-dək amerikalı hərbi qulluqçu xəsarət alıb. Məlumata görə, onların təxminən 96 faizi ambulator müalicədən sonra xidmətə qayıdıb, buna görə də hesabat meyarlarına əsasən, rəsmən "yaralı" kimi qeydə alınmayıb.
ABŞ Müdafiə Nazirliyi əlavə tibbi müayinələr başa çatdıqca itkilərlə bağlı məlumatları yenidən nəzərdən keçirdiyini bildirib.