Keçid linkləri

2026, 09 Avqust, bazar, Bakı vaxtı 12:58
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.

Tramp: İranla müharibə 'çox tezliklə' başa çatacaq

ABŞ və İsrail fevralın 28-də səhər İrandakı hədəflərə zərbələr endirməyə başlayıb. İran buna İsrail və regiondakı digər ölkələrdə ABŞ bazalarına raket, həmçinin dron hücumları ilə cavab verib. Aprelin 8-də Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında iki həftəlik atəşkəs elan olunub, danışıqlara start verilib.

İraqda ABŞ-Səudiyyə zərbələrindən 20 silahlının öldüyü bildirilir

İraqdakı Xalq Səfərbərlik Qüvvələri ABŞ və Səudiyyə Ərəbistanının birgə hava zərbələrindən ölənlərin sayının 20-yə çatdığını açıqlayıb. Bu qüvvələr əsasən İrana yaxın silahlı qrupları birləşdirir, 2016-cı ildən rəsmən İraqın təhlükəsizlik qüvvələrinin tərkibindədir.

İyulun 29-da yayılan bəyanatda bu rəqəmin ilkin məlumat olduğu, azı 32 nəfərin yaralandığı bildirilir.

Bəyanata görə, hava zərbələri Bağdad, Vasit, Neynəva, Bəsrə, Kərkük, Kərbəla və Diyala vilayətlərindəki mövqelərə endirilib; hərbi obyektlərə və texnikaya ciddi ziyan dəyib.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) isə bu əməliyyatın iyulun 28-də - son 72 saat ərzində baş vermiş 30-dan çox dron hücumuna cavab olaraq həyata keçirildiyini bildirib.

CENTCOM-un açıqlamasına görə, zərbələrin hədəfi "İranla əlaqəli terrorçular" olub, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) onları ABŞ qüvvələrinə və Səudiyyə Ərəbistanının enerji infrastrukturuna hücumlara yönləndirir.

'Reuters': Çin İrana portativ zenit-raket kompleksləri göndərir

İran yaxın həftələrdə Çin istehsalı olan 400-dək portativ zenit-raket kompleksinin ilk partiyasını alacağını gözləyir. Bu barədə "Reuters" üç məlumatlı mənbəyə istinadla xəbər verib.

Mənbələrin sözlərinə görə, dəyəri 60-70 milyon dollar olan müqavilə çərçivəsində 400-dək QW-12 və FN-16 daşınabilən zenit-raket kompleksinin alınması nəzərdə tutulur. Tehran ABŞ və İsraillə müharibədən sonra İranın qısamənzilli hava hücumundan müdafiə imkanlarını bərpa etməyə çalışır.

Məlumata görə, müqavilə Honqkonqda yerləşən və İran ilə Çin tədarükçüsü arasında vasitəçi qismində çıxış edən 'Zhongqing Baoshang International Investment' şirkəti ilə bağlanıb.

Razılaşdırılmış plana əsasən, yük əvvəlcə Çinin qərbi Urumçi şəhərindən hava yolu ilə daşınacaq, daha sonra isə Pakistan üzərindən İrana çatdırılacaq.

Mənbələr Pakistan ərazisindən İrana daşınmanın hava, yoxsa quru yolu ilə həyata keçiriləcəyini dəqiqləşdirməyiblər.

Çinin Xarici İşlər Nazirliyi (XİN) xəbəri "tamamilə əsassız" adlandırıb. Pakistan ordusunun ictimaiyyətlə əlaqələr xidməti də bu texnikanın İrana daşınmasında hər hansı rol oynadığını təkzib edib.

İran rəsmiləri hələlik bu məlumatlara münasibət bildirməyiblər.

ABŞ və Səudiyyə Ərəbistanı İraqda İranla əlaqəli hədəfləri vurub

ABŞ və Səudiyyə Ərəbistanı qüvvələri iyulun 28-də İraqın şərqində İranla əlaqəli hədəflərə zərbələr endirib. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, əməliyyat ABŞ qüvvələrinə və Səudiyyə Ərəbistanının enerji infrastrukturuna son dron hücumlarına cavab olaraq həyata keçirilib.

CENTCOM-un bəyanatına görə, son 72 saat ərzində 30-dan çox dron hücumundan sonra İranın dəstəklədiyi qrupların istifadə etdiyi logistika və silah anbarları hədəf alınıb. Komandanlıq ABŞ qüvvələrinə hücumların uğursuz olduğunu qeyd edib.

Səudiyyə Ərəbistanı bildirib ki, əməliyyat beynəlxalq hüquqa uyğun olaraq özünümüdafiə məqsədilə həyata keçirilib. Ər-Riyadın məlumatına görə, buna İranın dəstəklədiyi silahlı qrupların krallığın neft obyektlərinə dron hücumları səbəb olub.

Bu zərbələrin İranın iyulun 28-də Yaxın Şərqdəki ABŞ qüvvələrinə doğru ballistik raketlər buraxdığı deyilən hücumdan ayrı baş verdiyi görünür.

CENTCOM bütün raketlərin havada məhv edildiyini açıqlayıb. ABŞ-nin yüksəkvəzifəli rəsmiləri isə hücumun əsas hədəfinin İordaniyadakı ABŞ hərbi bazası olduğunu deyiblər.

Bu arada ABŞ və İran arasında döyüş əməliyyatlarında qısa fasilə verilib. Bundan əvvəl ABŞ ordusu İranın cənubundakı hədəflərə ardıcıl 13 gecə zərbələr endirmişdi. Buna cavab olaraq İran Körfəz bölgəsində ABŞ-yə məxsus olduğunu bildirdiyi hədəflərə raket və dron hücumları həyata keçirib.

Tramp: İranla 'yaxşı' danışıqlar aparılıb

ABŞ prezidenti Donald Tramp iyulun 28-də “Fox News”a müsahibəsində İranla “yaxşı” danışıqların aparıldığını bildirib. Amma o xəbərdarlıq edib ki, Tehran razılaşmaya gəlməsə, ABŞ mülki infrastrukturu hədəfə ala bilər.

Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşündən bir neçə saat əvvəl danışıb. Onun sözlərinə görə, ABŞ hazırda “çox güclü mövqedədir”, baxmayaraq ki, İranı yenidən bombalamaq istəmir.

“Onların artıq razılaşmaları pozmasına imkan verə bilmərik... Biz çox yaxşı danışıqlar aparmışıq”, – prezident vurğulayıb.

ABŞ prezidenti İranın Külüng dağının dərinliyində yerləşən məxfi nüvə obyektində işləri sürətləndirdiyini göstərən peyk görüntülərindən xəbərdar olduğunu söyləyib.

Kəşfiyyat agentliklərinin ehtimalına görə, İran burada gizli uran zənginləşdirmə müəssisəsi tikməyə çalışır.

"Mən Külüngdə nə baş verdiyini dəqiq bilirəm. Bu, böyük problem deyil. Biz onların nüvə obyektlərini məhv etdik. Razılığa gələ bilməsək, Külüngü də məhv etməli olacağıq. Razılaşma olmasa, onu çox asanlıqla sıradan çıxaracağıq", – Tramp deyib.

Davamı

XS
SM
MD
LG