Keçid linkləri

2026, 09 Avqust, bazar, Bakı vaxtı 13:50
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.

Tramp: İranla müharibə 'çox tezliklə' başa çatacaq

ABŞ və İsrail fevralın 28-də səhər İrandakı hədəflərə zərbələr endirməyə başlayıb. İran buna İsrail və regiondakı digər ölkələrdə ABŞ bazalarına raket, həmçinin dron hücumları ilə cavab verib. Aprelin 8-də Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında iki həftəlik atəşkəs elan olunub, danışıqlara start verilib.

Omandan Hörmüz təklifi: İranın təkbaşına nəzarətinə son

Oman Hörmüz boğazının birgə regional idarə olunması mexanizmini təklif edib. Bu mexanizmin Malayziya və İndoneziya arasındakı Malakka boğazının idarəetmə modelinə bənzədiyi bildirilir. Məlumatı "Reuters" Fars körfəzi regionundakı mənbəyə istinadla yayıb.

Mənbənin bildirdiyinə görə, plana əsasən, boğazdan istifadə edənlər gəmiçiliyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və axtarış-xilasetmə əməliyyatlarının maliyyələşdirilməsi üçün könüllü vəsait ayıracaqlar.

Mənbə bildirib ki, region ölkələrinin dəstəklədiyi bu planda İranın strateji əhəmiyyətə malik Hörmüz boğazına təkbaşına nəzarət etməsi nəzərdə tutulmur.

Təşəbbüs ABŞ-nin həftəsonu İrana hava zərbələrini dayandırmasından sonra irəli sürülüb. Münaqişədən əvvəl dünyada enerji tədarükünün beşdə biri Hörmüzdən daşınırdı.

ABŞ prezidenti Donald Tramp iyulun 26-da Vaşinqtonun Tehranla "yaxşı" danışıqlar apardığını, razılaşma əldə edilməsi ehtimalının olduğunu bildirib. Amma o xəbərdarlıq edib ki, danışıqlar uğursuz olarsa, ABŞ İrana qarşı zərbələri bərpa edəcək.

Həmin gün İranın xarici işlər naziri Abbas Əraqçi Oman və Səudiyyə Ərəbistanından həmkarları ilə Hörmüz boğazı məsələsini müzakirə edib.

İran Xarici İşlər Nazirliyinin məlumatına görə, Əraqçi bu strateji su yolunda sabitlik və təhlükəsizliyin bərpası üçün region ölkələri arasında əməkdaşlığı genişləndirməyə çağırıb.

SEPAH Hörmüzdən keçməyə çalışan altı gəmini saxladığını bildirir

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) iyulun 27-si səhər tezdən Fars körfəzindən çıxaraq Hörmüz boğazından keçməyə çalışan altı gəminin qarşısını aldığını bildirib. Məlumatı İran dövlət mediası yayıb.

"Bazar ertəsi, iyulun 27-si səhər saatlarında qaydanı pozan altı gəmi naviqasiya və mövqetəyinetmə sistemlərini söndürərək Hörmüz boğazının cənubundakı qanunsuz və təhlükəli marşrut üzrə keçməyə cəhd göstərib", – İranın Dövlət Yayım Agentliyi (IBA) "Telegram" kanalında yazıb.

Məlumatda söhbət Hörmüz boğazının Oman sahillərinə yaxın cənub hissəsindən gedir. Oman rəhbərliyi həmin ərazidə beynəlxalq gəmiçilik qaydalarının tətbiq olunduğunu açıqlayıb. İran isə gəmilərin yalnız SEPAH-ın müəyyən etdiyi marşrut üzrə üzməli olduğunu bildirir.

IBA onu da yazıb ki, altı gəmidən biri "qəza ilə üzləşib". Bu məlumatı hələlik başqa heç bir mənbə təsdiqləməyib.

İyulun 26-da SEPAH-a yaxın "Tasnim" agentliyi Hörmüz boğazında bir neft tankerinin dəniz minasına toxunduqdan sonra partladığını iddia etmişdi.

Pentaqon İranla müharibənin itkilərinin yeni siyahısını yayıb

Pentaqon İranla müharibədə ABŞ ordusunun itkiləri ilə bağlı rəsmi məlumatları yeniləyib.

ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, münaqişə zamanı 14 amerikalı hərbi qulluqçu həlak olub, 400-dən çoxu yaralanıb.

Nazirlik son həftələr itkilərlə bağlı statistikaya bir neçə dəfə düzəliş edib. Yenilənmiş rəqəmlər Pentaqonun döyüş xəsarətlərini təsnif və ictimaiyyətə təqdim etməsi ilə bağlı sualları yenidən gündəmə gətirib.

Müdafiə Nazirliyinin müharibə ilə bağlı ictimaiyyətə məhdud məlumat verməsi tənqid olunur. ABŞ-nin keçmiş müdafiə naziri və Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) sabiq direktoru Leon Panetta "The Guardian" qəzetinə müsahibəsində Pentaqonun itkilərlə bağlı hesabat vermə qaydasını tənqid edib. O, administrasiyanı ictimaiyyətə müharibənin insan itkisi haqda tam məlumat verməməkdə ittiham edib.

Panettanın sözlərinə görə, "Amerika xalqından məlumatı qəsdən gizlətmək cəhdi olub". O, bunu müharibənin real bədəlini ictimaiyyətə çatdırmaq baxımından "utancverici yanaşma" adlandırıb.

Pentaqon ötən həftə bildirmişdi ki, atəşkəsdən bəri İranın cavab hücumları nəticəsində 100-dək amerikalı hərbi qulluqçu xəsarət alıb. Məlumata görə, onların təxminən 96 faizi ambulator müalicədən sonra xidmətə qayıdıb, buna görə də hesabat meyarlarına əsasən, rəsmən "yaralı" kimi qeydə alınmayıb.

ABŞ Müdafiə Nazirliyi əlavə tibbi müayinələr başa çatdıqca itkilərlə bağlı məlumatları yenidən nəzərdən keçirdiyini bildirib.

Xameneiyə aid edilən bəyanatda ABŞ ilə danışıqlar üçün şərtlər sadalanır

İranın öldürülmüş ali rəhbəri Əli Xamenei və onun oğlu, hazırkı ali rəhbər Müctəba Xameneinin portretləri əks olunmuş bayraq
İranın öldürülmüş ali rəhbəri Əli Xamenei və onun oğlu, hazırkı ali rəhbər Müctəba Xameneinin portretləri əks olunmuş bayraq

İranın ali liderinə aid edilən bəyanatda bildirilir ki, Livanın ərazi bütövlüyünün qorunması ABŞ ilə imzalanmış Anlaşma Memorandumunun (MOU) "birinci şərti" olmalıdır.

Müctəba Xameneiyə aid edilən bəyanatı İranın dövlət mediası yayıb. O, İranın əvvəlki ali lideri, fevralın 28-də ABŞ-İsrailin hava zərbələrində həlak olan Əli Xameneinin oğludur. Martın 8-də ali lider postuna keçən Müctəba o vaxtdan ictimaiyyət qarşısına çıxmayıb.

Livanın silahlı "Hizbullah" təşkilatının rəhbərliyinə ünvanlanan bəyanatda deyilir ki, İran Livanın ərazi bütövlüyünün qorunmasını və İsrailin "Hizbullah"a qarşı hücumlarının tam və qeyd-şərtsiz dayandırılmasını Anlaşma Memorandumu üçün əsas şərt sayır.

ABŞ İranın dəstəklədiyi, Livanın cənubunun böyük hissəsinə nəzarət edən "Hizbullah"ı terror təşkilatı sayır. Avropa İttifaqı isə təşkilatın yalnız silahlı qanadını qara siyahıya salıb.

İran və ABŞ prezidentləri Anlaşma Memorandumunu iyunun 17-də imzalayıb. Sənəddə Livandakı münaqişənin başa çatmasına dair bənd yer alıb. "Hizbullah" İsrailin şimalına raketlər atandan sonra İsrail Livanın cənubundakı və paytaxt Beyrutun ətrafındakı "Hizbullah" obyektlərinə qarşı hava və quru əməliyyatları aparıb.

İranın Hörmüz boğazında gəmilərə hərbi hücumlarından, ardınca ABŞ-nin İrana yeni zərbələrindən sonra memorandumun qüvvədə qalması sual altına düşüb. ABŞ üç gündür hücumları dayandırıb, Tehran isə Vaşinqtonun Fars körfəzindəki müttəfiqlərinə qarşı hücumlarına ara verib.

M.Xamenei memorandum imzalanmazdan əvvəl bu razılaşmanı dəstəkləmədiyini açıq bildirmişdi. O, sənədə görə məsuliyyəti İran prezidenti Məsud Pezeşkianın və İranın Ali Milli Təhlükəsizlik Şurasının digər üzvlərinin üzərinə qoymuşdu.

Davamı

XS
SM
MD
LG