İran: Ukrayna gəmiyə zərbəyə görə cavab verəcək
İranın xarici işlər naziri Abbas Əraqçi Ukraynanı ticarət gəmisinə hücumda ittiham edib. Əraqçi iyulun 26-da X sosial şəbəkəsində insident zamanı bir dənizçinin həlak olduğunu yazıb.
Bundan əvvəl yayılan məlumatlara görə, nazir Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasla telefon danışığında Xəzər dənizində baş vermiş insidenti qətiyyətlə pisləyib.
Əraqçi bazar günü (iyulun 26-da) Rusiyanın xarici işlər naziri Sergey Lavrovla vəziyyəti müzakirə etdiyini, insidentə görə birbaşa Ukrayna prezidenti Volodimir Zelenskini günahlandırdığını bildirib.
"Kiyevdəki müftəxorun (Zelenskinin) etdiyi CAVABSIZ QALA BİLMƏZ", – Əraqçi X-də yazıb.
Ukrayna prezidenti iyulun 25-də bildirib ki, Kiyev qüvvələri Xəzər dənizinə uzaqmənzilli zərbələr endirib, Rusiya hərbi gəmisini, eləcə də "İranın iştirakı ilə" hərbi yüklərin daşınmasında istifadə olunan gəmiləri vurub.
Husilərin zərbələrindən sonra Qırmızı dənizdə gəmilərin hərəkəti azalıb
Son günlər Bab əl-Məndəb boğazından keçən gəmilərin sayı azalıb. Bu, Yəməndə İranın dəstəklədiyi husi qiyamçılarının Səudiyyə Ərəbistanının Qırmızı dəniz sahilindəki neft obyektlərinə hücumlarından sonra baş verib. Bundan əvvəl Hörmüz boğazında ayrı-ayrı fasilələr problemlərə səbəb olmuşdu.
Əmtəə bazarları üzrə "Kpler" şirkətinin məlumatına görə, iyulun 26-da Bab əl-Məndəb boğazından cəmi 11 yük gəmisi keçib. Bu, son ayların ən aşağı göstəricisidir.
Son bir həftə ərzində Yəmən sahillərində husilərin fəaliyyəti Qırmızı dənizdə gəmiçiliyi ciddi pozub. Husilər Səudiyyə Ərəbistanı limanlarına blokada elan ediblər. Bu addım artıq ABŞ-İran münaqişəsini daha da genişləndirib.
Husilərin hərbi sözçüsü Yəhya Səri iyulun 25-də qruplaşmanın Səudiyyə Ərəbistanının neft obyektlərinə raket zərbələri endirdiyini bildirib.
"Kpler"in məlumatına görə, Vaşinqton və Tehran həftəsonu Yaxın Şərqdə qarşılıqlı zərbələri dayandırsa da, Hörmüz boğazından 10-dan az yük gəmisi keçib.
Yaxın Şərqdə hücumlara fasilə verilir. Neft ucuzlaşır
İyulun 27-də səhər Asiya bazarlarında neft kəskin ucuzlaşıb. Bu, ABŞ və İran qüvvələrinin artıq ardıcıl üç gecədir qarşılıqlı zərbələr endirməməsi fonunda baş verir.
Brent markalı etalon neftin barelinin qiyməti 5,6 faiz azalaraq 91,38 dollara, ABŞ-nin WTI markalı neftinin qiyməti də təxminən bu qədər enərək 84,43 dollara düşüb.
Bu il fevralın 28-də ABŞ və İsrail İrana qarşı müharibəyə başlayandan dünya bazarlarında enerji daşıyıcılarının qiyməti kəskin artıb. Uzunmüddətli fasilələr və təchizat riskləri ilə bağlı narahatlıqlar qlobal iqtisadiyyata ciddi təsir göstərmişdi. Vaşinqton və Tehran arasında danışıqlarla bağlı gözləntilər artanda qiymətlər müvəqqəti düşüb, hücumların yenidən başlayanda isə yüksəlib.
Vaşinqton həftəsonu 13 gecə ardıcıl zərbələrdən sonra İrana hücumları dayandırıb. Bunun ardından Tehran ABŞ-nin Yaxın Şərqdəki müttəfiqlərinə cavab hücumlarına fasilə verdiyini bəyan edib.
ABŞ-nin BMT-dəki səfiri Mayk Volts iyulun 26-da “NBC News” telekanalına bildirib ki, Prezident Donald Tramp diplomatiyaya imkan vermək məqsədilə İrana hücumları dayandırmaq göstərişi verib.
“Tramp bütün variantları masada saxlayır. Prezident indiyədək gördüyümüz kimi, hazırda danışıqlara vaxt verir. Danışıqlar davam edir. Onlar həm texniki səviyyədə, həm də təbii ki, ən yüksək siyasi səviyyədə aparılır”, – Volts bildirib.
İran: SEPAH-ın Xəzər sahilindəki hərbi qərargahı vurulub
İyulun 24-də İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Xəzər dənizi sahilində yerləşən Zibakənardakı hərbi-dəniz qərargahına zərbə endirilib. Bu barədə İranın Gilan vilayətinin valisi məlumat verib.
İran mediası Seyidül-Şühəda qərargahına hücumun detallarını açıqlamayıb, həmçinin indiyədək insan tələfatı barədə məlumatın daxil olmadığını bildirib.
Bunun ABŞ hücumu olduğu təsdiqlənərsə, Vaşinqtonun İranın şimalında və ya Xəzər dənizi sahilində yerləşən SEPAH bazasına ilk zərbəsi olacaq.