Keçid linkləri

2026, 25 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 16:21
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.

Vaşinqtonun 10 milyon dollarlıq siyahısındakı SEPAH komandiri apreldə öldürülüb

ABŞ və İsrail fevralın 28-də səhər İrandakı hədəflərə zərbələr endirməyə başlayıb. İran buna İsrail və regiondakı digər ölkələrdə ABŞ bazalarına raket, həmçinin dron hücumları ilə cavab verib. Aprelin 8-də Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında iki həftəlik atəşkəs elan olunub, danışıqlara start verilib.

İran: SEPAH-ın Xəzər sahilindəki hərbi qərargahı vurulub

İyulun 24-də İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Xəzər dənizi sahilində yerləşən Zibakənardakı hərbi-dəniz qərargahına zərbə endirilib. Bu barədə İranın Gilan vilayətinin valisi məlumat verib.

İran mediası Seyidül-Şühəda qərargahına hücumun detallarını açıqlamayıb, həmçinin indiyədək insan tələfatı barədə məlumatın daxil olmadığını bildirib.

Bunun ABŞ hücumu olduğu təsdiqlənərsə, Vaşinqtonun İranın şimalında və ya Xəzər dənizi sahilində yerləşən SEPAH bazasına ilk zərbəsi olacaq.

İran Küveytdəki Amerika hərbi bazasını vurduğunu iddia edir

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) iyulun 24-də ABŞ-nin Küveytdə istifadə etdiyi Əli Əl-Səlim aviabazasına zərbə endirdiyini açıqlayıb

SEPAH-ın iddiasına görə, hücum nəticəsində böyük sursat anbarı və ABŞ hərbçilərinin yerləşdiyi bir neçə bina məhv edilib.

Qurum bildirir ki, altı iri bina tamamilə dağıdılıb, daha üç bina ciddi zədələnib, həmçinin ABŞ hərbçiləri arasında ölən və yaralananlar olub. Onların sayı açıqlanmayıb.

Bu iddiaları müstəqil mənbələrdən təsdiqləmək mümkün olmayıb. ABŞ ordusu və Küveyt hakimiyyəti də hələlik bununla bağlı rəsmi açıqlama verməyib.

ABŞ-nin Əhvaza zərbəsi nəticəsində 4 nəfər həlak olub

İran mediası iyulun 24-də səhər saatlarında ABŞ-nin zərbəsi nəticəsində 4 nəfərin öldüyünü, daha 7 nəfərin yaralandığını bildirib.

Əhvaz şəhəri ətrafına endirilən raket zərbəsi nəticəsində dörd nəfər həlak olub, beş nəfər isə yaralanıb.

Xuzistan vilayətinin rəsmisi Vəliullah Həyati hücumun dəqiq hansı ərazilərə edildiyi barədə məlumat verməyib. O əlavə edib ki, son 14 gün ərzində ABŞ Xuzistan vilayətinin 12 şəhərində bir neçə obyekti hədəfə alıb.

Bəndər-Abbasdan gələn xəbərlərə görə, iyulun 23-də şəhərin "Təppə Allahu Əkbər" adlanan ərazisinə zərbədən 2 nəfər yaralanıb. Hücumdan sonra həmin ərazidə elektrik enerjisinin verilişi dayandırılıb.

İsfahan vilayətinin rəsmisi də ABŞ-nin Nayin rayonundakı bir əraziyə zərbə endirdiyini açıqlayıb. O, hücum nəticəsində ölən və ya yaralanan olmadığını vurğulayıb.

BMT Hörmüz boğazındakı dənizçilərlə bağlı hərəkətə keçməyə çağırdı

BMT-nin İnsan Hüquqları üzrə Ali komissarı Volker Türk Hörmüz boğazında ilişib qalan minlərlə dənizçinin üzləşdiyi humanitar və insan hüquqları böhranının həlli üçün təcili tədbirlər görülməsinə çağırıb.

BMT İnsan Hüquqları üzrə Ali Komissarlığı İdarəsinin (OHCHR) sözçüsü Şabiya Mantunun sözlərinə görə, Hörmüz boğazında sıxışıb qalan təxminən 400 gəmidə azı 6 min dənizçi çıxılmaz vəziyyətdədir. O əlavə edib ki, Beynəlxalq Dəniz Təşkilatının (IMO) açıqladığı bu rəqəmlər də tam deyil: "Bu rəqəm mövcud mənzərəni tam olaraq ortaya qoymur, çünki bir çox dənizçinin taleyi hələ də bəlli deyil. Onların Fars körfəzində müxtəlif kiçik gəmilərdə qaldığı, yaxud yerlərinin müəyyən edilə bilmədiyi bildirilir".

Mantu bildirib ki, OHCHR-ə daxil olan məlumatlara görə, bəzi gəmi sahibləri dənizçiləri dənizdə taleyin ümidinə buraxıblar. Nəticədə onlar vətənlərinə qaytarılmır, hətta onlara ödənilməli olan əmək haqlarını belə ala bilmirlər.

Bəyanatda qeyd olunur ki, sözügedən dənizçilər gəmilərdə ərzaqsız, içməli susuz, yanacaqsız, tibbi yardımsız və elektrik enerjisiz qalıblar; həmçinin ailələri ilə əlaqə saxlamaq imkanından tamamilə məhrumdurlar.

"Bu vəziyyət isə onların həm psixi, həm də fiziki sağlamlığı üçün ciddi təhlükə yaradır", –açıqlamada vurğulanır.

Davamı

XS
SM
MD
LG