Tramp: Gəmilərə dəyən ziyan İranın ABŞ-dəki vəsaitləri hesabına ödəniləcək
ABŞ prezidenti Donald Tramp bildirib ki, Hörmüz boğazında davam edən gərginlik fonunda gəmilərə və ya yüklərə dəyəcək istənilən zərər ABŞ-nin nəzarətində olan İran vəsaitləri hesabına kompensasiya olunacaq. Tehran isə bu bəyanata sərt reaksiya verib.
"Bu andan etibarən gəmilərə, yüklərə dəyən ziyan və ya bununla əlaqəli yaranacaq istənilən maliyyə öhdəliyi ABŞ-nin nəzarətində və sərəncamında olan İran vəsaiti hesabına ödəniləcək", – Tramp iyulun 24-də "Truth Social" platformasında yazıb.
Tehran Trampın bəyanatını kəskin şəkildə pisləyib. İranın xarici işlər naziri Abbas Əraqçi bu addımı "təhlükəli presedent" adlandırıb.
"Başqa bir dövlətin aktivlərini onunla heç bir əlaqəsi olmayan gələcək iddiaların ödənilməsi üçün müsadirə etmək təhrikedici bir presedentdir", – Əraqçi "X" platformasında yazıb.
O xəbərdarlıq edib ki, "belə vəsaitlərin istifadəsini alqışlayan və ya bundan mənfəət götürənlər yadda saxlamalıdırlar: hökumətlər müsadirəni norma halına gətirdikdən sonra artıq heç kimin aktivləri təhlükəsiz olmayacaq".
Əraqçi əlavə edib ki, bunun nəticəsində yaranacaq "xaos nə xoş, nə də dinc olacaq".
İrana ardıcıl 13-cü gecə hava zərbələri endirilib
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) qüvvələrinin İrana qarşı ardıcıl 13-cü gecə də hava zərbələri endirməyi başa çatdırdığını açıqlayıb. Qurum bəyan edib ki, Hörmüz boğazı dəniz nəqliyyatı üçün açıq qalmaqdadır.
"CENTCOM bəyan edir ki, məqsəd İranın mülki dənizçilər və Hörmüz boğazından keçən ticarət gəmiləri üçün yaratdığı təhlükəni daha da azaltmaqdır; bu məqsədlə İranın hərbi komanda mərkəzləri, dron anbarları, rabitə şəbəkələri, sahil müşahidə məntəqələri və dəniz imkanları hədəfə alınıb", – CENTCOM iyulun 24-də "X" platformasında bildirib.
"Bu beynəlxalq su yolu, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) son hücumlarına baxmayaraq, gəmiçilik üçün açıq qalır. ABŞ ordusunun dəstəyi sayəsində ticarət gəmiləri boğazdan sərbəst şəkildə keçməyə davam edir", – açıqlamada vurğulanır.
İran: ABŞ-nin hücumlarında ölənlərin sayı 50-ni keçib
İranın Səhiyyə Nazirliyi ABŞ-nin ölkəyə son zərbələri nəticəsində 50-dən çox insanın öldüyünü açıqlayıb.
Nazirliyin sözçüsü Hüseyn Kərmanpur X sosial şəbəkəsində yazıb ki, iyunun 27-dən iyulun 22-si səhər saatlarınadək ABŞ-nin İrana zərbələri nəticəsində 53 nəfər həlak olub, 592 nəfər yaralanıb.
Onun sözlərinə görə, yaralananlardan 36 nəfər hələ də xəstəxanada müalicə olunur.
O, hücumlar zamanı həlak olan və ya yaralanan hərbçilərin bu rəqəmə daxil olub-olmadığını dəqiqləşdirməyib.
Husilər Səudiyyə gəmisini vurub
Ər-Riyad Səudiyyə şirkətinə məxsus bir gəminin hücuma məruz qaldığını təsdiqləyib. Bundan əvvəl İranın dəstəklədiyi husi üsyançıları gecə saatlarında Qırmızı dənizdə iki neft tankerini vurduqlarını iddia ediblər.
Səudiyyə dövlət mediası iyulun 23-də rəsmi mənbəyə istinadla bildirib ki, ENCELIA adlı gəmini husilər vurub və nəticədə gəminin burun hissəsində yanğın baş verib. Mənbənin sözlərinə görə, ekipaj üzvlərinin hamısı salamatdır.
Digər hücumlarla bağlı təsdiqlənmiş məlumat yoxdur.
Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzi (UKMTO) də naməlum mərminin Səudiyyənin Qırmızı dəniz sahilləri yaxınlığında neft tankerinə dəydiyini, nəticədə yanğın baş verdiyini, amma itki olmadığını açıqlayıb. Qurum gəminin adını açıqlamayıb.
Husilər bu həftənin əvvəlində bildiriblər ki, Səudiyyə Ərəbistanına məxsus gəmilər Qırmızı dənizdən keçməyə cəhd göstərərsə, onlara blokada tətbiq edəcəklər. Səudiyyə ABŞ-nin əsas müttəfiqlərindən biri və dünyanın ən böyük neft ixracatçısıdır.
İran Hörmüz boğazını faktiki bağlayandan Səudiyyə Ərəbistanı milyonlarla barel nefti Fars körfəzindən Qırmızı dənizə yönəldir. Fevralın 28-də ABŞ-İsrail müharibəsi başlayanadək Hörmüz boğazından dünya neft tədarükünün beşdə biri daşınıb.
Yəməndə İranın dəstəklədiyi husi qruplaşması iyulun 20-də Səudiyyə Ərəbistanına dəniz embarqosu elan edib.