ABŞ İrana zərbələrin 12-ci gecəsini başa çatdırdığını bildirir
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrandakı hədəflərə qarşı ardıcıl 12-ci gecə zərbələrinin başa çatdığını açıqlayıb. Vaşinqton beynəlxalq gəmilərin strateji su yolundan sərbəst keçidini təmin etmək məqsədilə Hörmüz boğazına tam nəzarəti bərpa etməyə çalışır.
"ABŞ qüvvələri İranın hərbi hədəflərinə, o cümlədən dənizdəki hərbi infrastrukturuna, raket və dronların saxlanıldığı obyektlərə, sahil müşahidə məntəqələrinə, həmçinin hava hücumundan müdafiə sistemlərinə zərbələr endirib. Bu zərbələr İranın mülki dənizçilərə və kommersiya gəmilərinə hücum etmək imkanlarını daha da zəiflədir", - CENTCOM iyulun 23-də bildirib.
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) iyulun 23-də Hörmüz boğazından keçməyə cəhd göstərən üç neft tankerinin hərəkətini dayandırdığını bəyan edib.
ABŞ prezidenti Donald Tramp iyulun 22-də bildirib ki, Tehran boğazdan keçən gəmilərin hərəkətinə mane olmağa davam edərsə, İrana qarşı təzyiqləri gücləndirəcək.
"Bu andan etibarən İran İslam Respublikası Hörmüz boğazında hər hansı bir gəmiyə raket, reaktiv mərmi, dron və ya istənilən digər vasitə yaxud silahla atəş açarsa, Birləşmiş Ştatlar paytaxt Tehranda və ya onun ətrafında yerləşənlər də daxil olmaqla, BİR KÖRPÜNÜ və ya ELEKTRİK STANSİYASINI bombalayaraq sıradan çıxaracaq", - Tramp sosial şəbəkə hesabında yazıb.
CENTCOM: İran Hörmüz boğazına nəzarət etmir
ABŞ-nin Yaxın Şərqdəki qüvvələrinə cavabdeh Mərkəzi Komandanlığı (CENTCOM) bildirir ki, strateji əhəmiyyətli Hörmüz boğazı beynəlxalq su yoludur və Tehranın onu idarə etmək hüququ yoxdur. Qurum bu barədə iyulun 9-da "fakt yoxlaması" hesabatı yayıb.
"İDDİA: İranın dövlət mediası bildirir ki, Hörmüz boğazından keçid yalnız İranın müəyyən etdiyi marşrutlarla mümkündür", – CENTCOM X sosial şəbəkəsində yazıb.
"HƏQİQƏT: İran Hörmüz boğazına nəzarət etmir. Mayın əvvəlindən ABŞ qüvvələri bu mühüm beynəlxalq ticarət dəhlizi vasitəsilə 800-dən çox kommersiya gəmisinin və 380 milyon barel xam neftin uğurla keçməsini təmin edib", – məlumatda deyilir.
Tehran boğazdan keçən gəmilərdən rüsum alınacağını bəyan edib. Dünya ölkələrinin əksəriyyəti bu təklifi rədd edib. Dünyada daşınan xam neft və təbii qazın 20 faizi Hörmüz boğazından keçir. Son aylarda bu strateji su yolu ABŞ ilə İran arasında gərginliyin əsas mənbələrindən birinə çevrilib.
ABŞ-nin İranla müharibəsinin dəyəri 37.5 milyard dollara çatıb
Birləşmiş Ştatların İranla müharibəsinin dəyəri 37.5 milyard dollara yüksəlib. "Reuters"in yazdığına görə, bunu ABŞ müdafiə naziri Pit Heqset iyulun 21-də Konqresdə keçirilən dinləmələrdə bildirib. Onun sözlərinə görə, bu məbləğə hərbi xərclərin bir hissəsi və sentyabrın 30-dək gözlənilən xərclərin proqnozu daxildir. Pentaqonun bu rəqəmi necə hesabladığı açıqlanmayıb.
"Reuters" martda etibarlı mənbəyə istinadla müharibənin yalnız ilk altı gününün ABŞ-yə azı 11.3 milyard dollara başa gəldiyini yazırdı.
Heqset və ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn Konqresdən 87.6 milyard dollarlıq əlavə maliyyələşdirmə paketi istəyiblər. Bu vəsaitin 67 milyard dollardan çoxu birbaşa İranla müharibə ilə bağlıdır. Bunun 46 milyard dolları sursat alınması və istehsalının artırılması, 21 milyard dolları isə hərbçilərin maaşları, yanacaq təminatı və hərbi texnikanın yenilənməsi üçün nəzərdə tutulur.
ABŞ-İran atəşkəsi iyulun əvvəlində pozulub. Pentaqonun məlumatına görə, ötən həftəsonu ABŞ-nin itkiləri artıb. Müharibədə 18 hərbçi həlak olub, təxminən 430 nəfər yaralanıb.
Bu gün ABŞ və İran növbəti qarşılıqlı zərbələr endiriblər.
İran Küveytdəki ABŞ hərbi bazasını dronlarla vurduğunu bildirir
İran ordusu iyulun 22-də Küveytdə yerləşən ABŞ hərbi bazasını hədəf aldığını açıqlayıb.
Ordunun mətbuat xidməti bildirib ki, "ABŞ-nin İrana davam edən hücumlarına cavab olaraq, bir neçə saat əvvəl Küveytin qərbində yerləşən Kemp Doha bazasında ABŞ Quru Qoşunlarının qərargahındakı sursat anbarlarına və logistika avadanlıqlarına dron zərbələri endirilib".
Pentaqon İranın bu iddiasını hələlik şərh etməyib.