CENTCOM: İran Hörmüz boğazına nəzarət etmir
ABŞ-nin Yaxın Şərqdəki qüvvələrinə cavabdeh Mərkəzi Komandanlığı (CENTCOM) bildirir ki, strateji əhəmiyyətli Hörmüz boğazı beynəlxalq su yoludur və Tehranın onu idarə etmək hüququ yoxdur. Qurum bu barədə iyulun 9-da "fakt yoxlaması" hesabatı yayıb.
"İDDİA: İranın dövlət mediası bildirir ki, Hörmüz boğazından keçid yalnız İranın müəyyən etdiyi marşrutlarla mümkündür", – CENTCOM X sosial şəbəkəsində yazıb.
"HƏQİQƏT: İran Hörmüz boğazına nəzarət etmir. Mayın əvvəlindən ABŞ qüvvələri bu mühüm beynəlxalq ticarət dəhlizi vasitəsilə 800-dən çox kommersiya gəmisinin və 380 milyon barel xam neftin uğurla keçməsini təmin edib", – məlumatda deyilir.
Tehran boğazdan keçən gəmilərdən rüsum alınacağını bəyan edib. Dünya ölkələrinin əksəriyyəti bu təklifi rədd edib. Dünyada daşınan xam neft və təbii qazın 20 faizi Hörmüz boğazından keçir. Son aylarda bu strateji su yolu ABŞ ilə İran arasında gərginliyin əsas mənbələrindən birinə çevrilib.
ABŞ-nin İranla müharibəsinin dəyəri 37.5 milyard dollara çatıb
Birləşmiş Ştatların İranla müharibəsinin dəyəri 37.5 milyard dollara yüksəlib. "Reuters"in yazdığına görə, bunu ABŞ müdafiə naziri Pit Heqset iyulun 21-də Konqresdə keçirilən dinləmələrdə bildirib. Onun sözlərinə görə, bu məbləğə hərbi xərclərin bir hissəsi və sentyabrın 30-dək gözlənilən xərclərin proqnozu daxildir. Pentaqonun bu rəqəmi necə hesabladığı açıqlanmayıb.
"Reuters" martda etibarlı mənbəyə istinadla müharibənin yalnız ilk altı gününün ABŞ-yə azı 11.3 milyard dollara başa gəldiyini yazırdı.
Heqset və ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn Konqresdən 87.6 milyard dollarlıq əlavə maliyyələşdirmə paketi istəyiblər. Bu vəsaitin 67 milyard dollardan çoxu birbaşa İranla müharibə ilə bağlıdır. Bunun 46 milyard dolları sursat alınması və istehsalının artırılması, 21 milyard dolları isə hərbçilərin maaşları, yanacaq təminatı və hərbi texnikanın yenilənməsi üçün nəzərdə tutulur.
ABŞ-İran atəşkəsi iyulun əvvəlində pozulub. Pentaqonun məlumatına görə, ötən həftəsonu ABŞ-nin itkiləri artıb. Müharibədə 18 hərbçi həlak olub, təxminən 430 nəfər yaralanıb.
Bu gün ABŞ və İran növbəti qarşılıqlı zərbələr endiriblər.
İran Küveytdəki ABŞ hərbi bazasını dronlarla vurduğunu bildirir
İran ordusu iyulun 22-də Küveytdə yerləşən ABŞ hərbi bazasını hədəf aldığını açıqlayıb.
Ordunun mətbuat xidməti bildirib ki, "ABŞ-nin İrana davam edən hücumlarına cavab olaraq, bir neçə saat əvvəl Küveytin qərbində yerləşən Kemp Doha bazasında ABŞ Quru Qoşunlarının qərargahındakı sursat anbarlarına və logistika avadanlıqlarına dron zərbələri endirilib".
Pentaqon İranın bu iddiasını hələlik şərh etməyib.
İrana ardıcıl 11-ci gecə zərbələr endirilib
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iyulun 21-də bildirib ki, İrana ardıcıl 11-ci gecə təşkil olunan zərbələr uğurla başa çatıb. Məlumata görə, rəsmi Tehranın əməliyyat mərkəzləri, dəniz qüvvələrinin potensialı, hərbi təyyarə anqarları, dron sığınacaqları və hərbi logistika infrastrukturu hədəfə alınıb.
CENTCOM qeyd edir ki, əməliyyatın məqsədi son üç ay ərzində ticarət gəmilərinə qarşı 30-dan çox hücum gerçəkləşdirən İranın Hörmüz boğazında kommersiya gəmiçiliyini təhdid imkanlarını daha da zəiflətmək olub.
Komandanlıq Hörmüz boğazının açıq qaldığını diqqətə çatdırıb. Qurum həmçinin iddia edib ki, ABŞ qüvvələri mayın əvvəlindən bəri 900-dək kommersiya gəmisinin və 450 milyon barel xam neftin boğazdan təhlükəsiz keçidini təmin edib.