Tramp: ABŞ İrana yenidən zərbələr endirəcək, 'hələ işimiz bitməyib'
ABŞ prezidenti Donald Tramp iyulun 21-də bildirib ki, Vaşinqtonun İranla işi hələ bitməyib və ABŞ ordusu yaxın vaxtlarda Natanz yaxınlığındakı "Kuh-i Kolanq" kimi tanınan dərin yeraltı nüvə obyektini vura bilər.
"Çox yaxın zamanda həmin ərazini çox güclü vuracağıq", – Tramp deyib. O əlavə edib ki, adətən hədəfləri əvvəlcədən açıqlamır, ancaq "onlar bunun qarşısını almaq üçün heç bir addım ata bilməyəcək".
"Külüng dağı" kimi tanınan Kuh-e Kolanq Natanz yaxınlığında yerləşən dərin yeraltı nüvə obyektidir. Qərb kəşfiyyatı hesab edir ki, İran burada gizli uran zənginləşdirmə proqramını genişləndirə bilər. Ekspertlərin fikrincə, ABŞ arsenalındakı ən güclü bunker əleyhinə bombalar daxil, bəzi adi silahlar bu obyektə nüfuz edə bilməyə bilər.
Tramp Ağ evdə Livan prezidenti Cozef Aun ilə görüşərkən bildirib ki, İranın hazırkı münaqişənin vurduğu ziyanı bərpa etməsi onilliklər aparacaq.
"Əgər indi çıxsaq, İranın yenidən qurulması 20-25 il çəkəcək. Amma biz indi getmirik. Hələ işimiz bitməyib", – Tramp vurğulayıb.
Tehranla mümkün danışıqlarla bağlı sualı Tramp belə cavablandırıb: "Onlar bu məsələni qapatmaq üçün danışıqları çox istəyirlər".
Tramp onu da söyləyib ki, Yəməndə İranın dəstəklədiyi husilər Səudiyyə Ərəbistanının limanlarını blokadaya almaq hədələrini gerçəkləşdirsələr, ABŞ buna cavab verəcək.
"Əgər bu baş versə, bununla məşğul olacağıq. Bilirsiniz, biz əvvəllər husilərlə hesablaşmışıq, ilk zərbədən bəri onlardan səs çıxmayıb", – Tramp deyib.
Husilər iyulun 20-də Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası elan ediblər. Bu addım İranla münaqişədə yeni cəbhənin açılmasına, Fars körfəzindən kənarda da regional enerji təchizatına və ticarət marşrutlarına təhdid yaradır.
Pezeşkian: Müctəba Xamenei ilə təmaslar artır
İran prezidenti Məsud Pezeşkian bildirib ki, Ali Rəhbər Müctəba Xameneiyə birbaşa çıxış və onunla təmaslar getdikcə genişlənir. Müctəba fevralın 28-də atası Əli Xameneinin həlak olduğu hava zərbəsindən bəri ictimaiyyət qarşısına çıxmayıb.
Pezeşkian iyulun 21-də bir mərasimdəki çıxışı zamanı deyib ki, ABŞ ilə bağlı həm hərbi, həm də diplomatik addımlar birbaşa M.Xameneinin təlimatları ilə idarə olunur.
Məlumatlara görə, Müctəba atasının həlak olduğu hava hücumunda ağır yaralanıb. O, martda Ali Rəhbər vəzifəsinə keçəndən ictimaiyyət qarşısında görünməyib. Hətta bu ayın əvvəlində atası üçün təşkil edilən matəm mərasimləri və yürüşlərdə də gözə dəyməyib.
56 yaşlı M.Xamenei yalnız yazılı bəyanatlar yayımlayıb. İndiyədək onun heç bir fotoşəkli, video və ya səs yazısı ictimaiyyətə təqdim olunmayıb.
ABŞ kəşfiyyatının qənaətinə görə, kütlə qarşısına çıxmamasına baxmayaraq, M.Xamenei müharibə strategiyasında, eləcə də ABŞ ilə sülh danışıqlarının aparılmasında hələ də mühüm rol oynayır.
İranın hücumlarında 100-ə yaxın ABŞ hərbçisi xəsarət alıb
ABŞ Müdafiə Nazirliyi bildirib ki, son iki həftədə onlarla amerikalı hərbi qulluqçu yaralanıb.
Pentaqonun sözçüsü Şon Parnell iyulun 20-də "X" platformasında yazıb ki, "iyulun 7-dən bəri təxminən 100 hərbçi müxtəlif dərəcəli xəsarətlər alıb". O əlavə edib ki, onların 96 faizi artıq xidmətə qayıdıb və mübarizəni davam etdirməkdə qərarlıdır. Parnell zədələrin böyük əksəriyyətinin "yüngül beyin silkələnməsi" olduğunu qeyd edib.
Son 10 gündə İran ABŞ-nin zərbələrinə cavab olaraq Fars körfəzi regionundakı ərəb ölkələrində yerləşən Amerika hərbi bazalarına raket zərbələri endirib. Bu hücumlarda üç amerikalı hərbçi həlak olub. "The New York Times" qəzeti iyulun 20-də iddia edib ki, Pentaqon İranla qarşıdurmada onlarla hərbçinin yaralanması faktını gizlədir.
Şon Parnell son yaralı sayını açıqlamazdan bir neçə saat əvvəl həmin məqalədəki iddiaları rədd edərək onları "əsassız və qərəzli" adlandırıb.
İran 'Amazon'un Bəhreyndəki data mərkəzini vurduğunu bildirir
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) iyulun 21-nə keçən gecə Bəhreyndə "Amazon" şirkətinin mərkəzi data infrastrukturunu qanadlı raket zərbəsi ilə dağıtdığını iddia edir.
Qurumun Aerokosmik Qüvvələri bundan əvvəl Bəhreynin iki bölgəsində ABŞ ordusuna məxsus "Patriot" hava hücumundan müdafiə sistemləri və radarına qarşı genişmiqyaslı raket və dron hücumları reallaşdırdığını bəyan edib.
SEPAH onu da əlavə edib ki, Küveytdəki "Əhməd Əl-Cabir" aviabazasındakı obyektlər, eləcə də "Əli Əl-Salem" hərbi bazasında ABŞ-nin MQ-9 dronlarının saxlanıldığı anqar da hədəfə alınıb.
ABŞ ordusu, Küveyt və Bəhreyn rəsmiləri hələlik bu iddialarla bağlı açıqlama verməyib.