ABŞ İrana növbəti zərbə dalğasını başa çatdırıb
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana növbəti gecə hava zərbələrini başa çatdırıb. Əməliyyatın məqsədinin “Hörmüz boğazında kommersiya gəmiçiliyinə hücumlarda istifadə olunan İranın hərbi imkanlarını daha da zəiflətmək” olduğu bildirilib.
İran mediası ölkənin bir sıra bölgələrində partlayışların baş verdiyini xəbər verib.
Tramp: İran amerikalı əsgərləri öldürməyə görə bədəl ödəyəcək
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran amerikalı hərbçilərin öldürülməsinin “bədəlini ödəyəcək”.
Həftəsonu üç amerikalı hərbçi həlak olandan sonra Tramp iyulun 20-də “Truth Social” platformasında yazıb: “İran hər dəfə bir amerikalı əsgəri öldürəndə bunun bədəlini dəfələrlə ağır şəkildə ödəyəcək”.
O əlavə edib ki, ABŞ-nin müdafiə naziri Pit Heqsetə və “ordudakı bütün rəhbərlərə” bu barədə göstəriş verib.
İyulun 17-də İordaniyada yerləşən ABŞ hərbi bazasına İranın raket və dron hücumu nəticəsində iki amerikalı hərbçi həlak olub. ABŞ ordusu iyulun 19-da bildirib ki, İraqda İranın dron hücumu nəticəsində daha bir amerikalı hərbçi ölüb.
İran: Regional vasitəçilər sülh təklifləri təqdim ediblər
Vasitəçi ölkələr İran ilə ABŞ arasında toqquşmaların dayandırılması üçün müxtəlif təkliflər təqdim ediblər. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyir.
Bəqayi iyulun 20-də keçirdiyi mətbuat konfransında Qətərin İran və ABŞ arasında 10 günlük atəşkəs təklifi ilə bağlı sualı belə cavablandırıb:
"Vasitəçilər irəli sürülən təkliflər barədə bizi bilgiləndirib, onları qəbul etmişik. Lakin hazırda detallara toxunmaq istəmirəm".
İyulun 19-da bəzi media orqanları Qətərin İran və ABŞ arasında 10 günlük atəşkəsin elan edilməsi, bu müddətdə Hörmüz boğazının gəmiçilik üçün açılması planı barədə məlumat yayıb
Qətər Xarici İşlər Nazirliyi isə ölkəsinin regionda gərginliyin azaldacaq, uzunmüddətli sülhə gətirib çıxaracaq hərtərəfli razılaşmaya yönəlik bütün səyləri dəstəklədiyini bildirib.
Bəqayi ABŞ dövlət katibi Marko Rubionun Vaşinqtonun diplomatiyaya və Tehranla dialoqa hazır olması barədə son bəyanatına da münasibət bildirib.
"Biz onların bu hazırlığını dəfələrlə görüb sınaqdan keçirmişik. ABŞ diplomatiyadan danışanda bunun mənası diktə, hədə-qorxu, təhdid və sanksiyalardır", – o vurğulayıb.
ABŞ dövlət katibi Marko Rubio iyulun 19-da bildirib ki, Vaşinqton münaqişənin diplomatik yolla həllini dəstəkləməyə davam edir. Bu arada ABŞ ordusu İrandakı hədəflərə dəfələrlə zərbələr endirib.