İran: Regional vasitəçilər sülh təklifləri təqdim ediblər
Vasitəçi ölkələr İran ilə ABŞ arasında toqquşmaların dayandırılması üçün müxtəlif təkliflər təqdim ediblər. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyir.
Bəqayi iyulun 20-də keçirdiyi mətbuat konfransında Qətərin İran və ABŞ arasında 10 günlük atəşkəs təklifi ilə bağlı sualı belə cavablandırıb:
"Vasitəçilər irəli sürülən təkliflər barədə bizi bilgiləndirib, onları qəbul etmişik. Lakin hazırda detallara toxunmaq istəmirəm".
İyulun 19-da bəzi media orqanları Qətərin İran və ABŞ arasında 10 günlük atəşkəsin elan edilməsi, bu müddətdə Hörmüz boğazının gəmiçilik üçün açılması planı barədə məlumat yayıb
Qətər Xarici İşlər Nazirliyi isə ölkəsinin regionda gərginliyin azaldacaq, uzunmüddətli sülhə gətirib çıxaracaq hərtərəfli razılaşmaya yönəlik bütün səyləri dəstəklədiyini bildirib.
Bəqayi ABŞ dövlət katibi Marko Rubionun Vaşinqtonun diplomatiyaya və Tehranla dialoqa hazır olması barədə son bəyanatına da münasibət bildirib.
"Biz onların bu hazırlığını dəfələrlə görüb sınaqdan keçirmişik. ABŞ diplomatiyadan danışanda bunun mənası diktə, hədə-qorxu, təhdid və sanksiyalardır", – o vurğulayıb.
ABŞ dövlət katibi Marko Rubio iyulun 19-da bildirib ki, Vaşinqton münaqişənin diplomatik yolla həllini dəstəkləməyə davam edir. Bu arada ABŞ ordusu İrandakı hədəflərə dəfələrlə zərbələr endirib.
İranda bir neçə şəhərə yeni hücum xəbərləri gəlir
İran mediası iyulun 20-si səhər saatlarında ölkənin müxtəlif bölgələrinə növbəti zərbələr endirildiyini xəbər verib.
Dövlətə məxsus "Mehr" agentliyi Qərbi Azərbaycan əyalətinin rəsmisinə istinadla bildirib ki, Urmiya şəhərinin Silvana bölgəsi yaxınlığındakı bir məntəqə hədəfə alınıb. Hadisə nəticəsində yaralanan bir neçə nəfər tibb müəssisələrinə çatdırılıb.
Şərqi Azərbaycan əyalətinin rəsmisi isə bildirib ki, iyulun 20-də Təbrizdəki hərbi obyektə zərbə endirilməsi nəticəsində bir nəfər həlak olub, bir neçə şəxs isə yaralanıb.
Şərqi və Qərbi Azərbaycan əyalətləri İranın şimal-qərbində yerləşir. İndiyədək zərbələr əsasən ölkənin cənub sahillərinə yönəlmişdi.
İsfahan şəhərində də güclü partlayış eşidilib. Rəsmilər hadisənin dəqiq səbəbi və mənbəyinin hələ müəyyənləşdirilmədiyini bildiriblər.
Bununla belə, İsfahan əyalətinin rəsmisi ILNA agentliyinə açıqlamasında keçmiş müharibədən qalmış sursatın partladığını iddia edib.
"Fars" agentliyi isə Buşəhr vilayətinin valisinə istinadla yazır ki, şəhər iyulun 20-də iki dəfə zərbələrə məruz qalıb. Buşəhrdə İranın yeganə nüvə elektrik stansiyası yerləşir. Hələlik həmin obyektin hədəf seçilib-seçilmədiyi məlum deyil.
Bu xəbərlərdən bir neçə saat əvvəl ABŞ ordusunun Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı növbəti əməliyyatların başa çatdığını elan etmişdi.
Bəhreyn və Küveytdə hava həyəcanı elan olunub
İyulun 20-si səhər saatlarında Bəhreyn və Küveyt ərazisində yenidən hava həyəcanı siqnalları səslənib. Hər iki ölkə İranın raket və dron hücumları barədə məlumatlardan sonra hava hücumundan müdafiə sistemlərini aktivləşdirib.
Bu arada İran dövlət mediası SEPAH-ın bəyanatını yayıb. Bəyanatda deyilir ki, Küveytdəki Əli əl-Salem aviabazasına növbəti hücum reallaşdırılıb. SEPAH iddia edir ki, bazada avadanlıqlar, hava vasitələri və ABŞ-yə məxsus dronların saxlanıldığı anqar vurulub.
SEPAH-ın məlumatına görə, dron zərbəsi nəticəsində ABŞ-yə məxsus radar sistemi məhv edilib.
Bundan əvvəl SEPAH İordaniyaya da yeni hücumlar təşkil etdiyini bildirib. İddiaya görə, "İordaniya xalqının köməyi ilə" Əqəbə hava limanında ABŞ hərbi-nəqliyyat təyyarələri və komanda-idarəetmə obyektləri ballistik raketlərlə vurulub, onlara ciddi ziyan dəyib.
İordaniya hakimiyyəti bu iddianı təsdiqləməyib.
SEPAH iyulun 19-u gecə Hörmüz boğazında iki neft tankerini hədəf aldığını, onları hərəkətsiz vəziyyətə saldığını da iddia edib. Tankerlərin adları açıqlanmasa da, onların "ABŞ ordusunun təhriki və məcburiyyəti altında" Hörmüz boğazının cənub gəmiçilik marşrutu ilə hərəkətə cəhd göstərdiyi iddia edilib.
Neftin qiyməti bir barel üçün 90 dolları keçib
ABŞ və İranın doqquzuncu gecə ardıcıl olaraq qarşılıqlı zərbələr endirdiyi bir vaxtda "Brent" markalı neftin barelinin qiyməti son bir ayda ilk dəfə 90 dolları keçib.
ABŞ-nin WTI markalı xam neftinin qiyməti də 2 faizdən çox artaraq bir barel üçün 84 dolları ötüb.
Neftin bahalanmasına Hörmüz boğazından keçən gəmilərin sayının azaldığına dair xəbərlər də təsir göstərib.
İyulun 20-də Asiya bazarlarında ABŞ dolları da əsas dünya valyutalarının əksəriyyətinə qarşı bir qədər möhkəmlənib. Ötənhəftəki kəskin qiymət dəyişikliklərindən sonra investorların bazara inamı isə zəif olaraq qalmaqdadır.
ABŞ dolları yapon yeninə qarşı 1 faiz bahalaşaraq 162.48 yen səviyyəsinə yüksəlib. Bu, son 11 günün ən yüksək göstəricisidir. Geosiyasi gərginliyin artması investorları daha təhlükəsiz sayılan aktivlərə yönəldib.
Ümumilikdə isə, Asiya fond bazarları iyulun 20-də iş həftəsinə enişlə başlayıb.
Yanacağın bahalaşması Qərb ölkələrində inflyasiyanın sürətlənə biləcəyi barədə narahatlıqları artırıb.