Keçid linkləri

2026, 25 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 17:34
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.

Vaşinqtonun 10 milyon dollarlıq siyahısındakı SEPAH komandiri apreldə öldürülüb

ABŞ və İsrail fevralın 28-də səhər İrandakı hədəflərə zərbələr endirməyə başlayıb. İran buna İsrail və regiondakı digər ölkələrdə ABŞ bazalarına raket, həmçinin dron hücumları ilə cavab verib. Aprelin 8-də Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında iki həftəlik atəşkəs elan olunub, danışıqlara start verilib.

9-cu gecə: ABŞ İrana zərbələr endirib

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iyulun 20-də İrana doqquzuncu gecə ardıcıl zərbələr endirdiyini açıqlayıb. Məqsədin Tehranın Hörmüz boğazında gəmiçiliyə zərbə vurmaq imkanlarını zəiflətmək olduğu bildirilir. ABŞ Prezidenti Donald Tramp deyib ki, bu hücumlar son günlər döyüşlərdə həlak olmuş amerikalı hərbçilərin şərəfinə həyata keçirilib.

"Bu gecə onları yenə çox sərt vurduq, bunu üç böyük vətənpərvərin şərəfinə etdik", – Tramp jurnalistlərə söyləyib.

Prezident bildirib ki, ABŞ həlak olan hərbçilərə görə "böyük kədər hissi keçirir", onlar "İranın nüvə silahına sahib olmaması üçün" döyüşərkən həlak olublar.

CENTCOM isə bəyan edib ki, zərbələr "İranın Hörmüz boğazından keçən ticarət gəmilərinə və mülki dənizçilərə qarşı əl atdığı hərbi imkanlarını zəiflətməyə davam edəcək".

Bundan əvvəl martdan bəri İranla müharibədə ABŞ hərbçiləri arasında ilk döyüş itkiləri barədə məlumat verilib.

Komandanlıq iyulun 17-də İordaniyada açıqlanmayan bir obyektdə İranın raket və dron hücumunun qarşısını alarkən iki amerikalı hərbçinin həlak olduğunu, daha birinin itkin düşdüyünü bildirib. Daha sonra həmin ərazidə kimliyi bilinməyən insan qalıqlarının tapıldığı açıqlanıb. Bu isə İordaniyada həlak olanların sayının üçə çatması ehtimalını artırır.

İyulun 19-da isə CENTCOM İraqda daha bir ABŞ hərbçisinin həlak olduğunu bildirib. Hadisə vurulmuş İran kamikadze dronuna məxsus partlamamış sursatın nəzarətli şəkildə zərərsizləşdirilməsi zamanı baş verib. Daha bir hərbçi yaralanıb, yüngül xəsarətlərdən müalicə olunur.

Küveyt: İranın hücumu nəticəsində elektrik stansiyası və duzsuzlaşdırma qurğusu zədələnib

Küveyt iyulun 17-də İranın hücumu nəticəsində ölkədəki elektrik enerjisi istehsalı və dəniz suyunun duzsuzlaşdırılması stansiyalarından birinin zədələndiyini açıqlayıb.

Hücum nəticəsində yanğın baş verib və elektrik istehsal edən bir neçə blokun fəaliyyəti dayanıb. Məlumatı Küveytin Elektrik Enerjisi, Su və Bərpaolunan Enerji Nazirliyi yayıb.

Yanğın söndürülüb, texniki qruplar dəyən ziyanı qiymətləndirir, sıradan çıxmış enerji bloklarının fəaliyyətini bərpa etməyə çalışırlar.

Bu insidentdən əvvəl İran Yaxın Şərqdəki ABŞ obyektlərinə yeni hücumlar həyata keçirdiyini bəyan edib. ABŞ isə bundan öncə İrandakı hərbi hədəflərə ardıcıl altıncı gecə zərbələr endirib.

Ağ ev diplomatiyanın hələ də mümkün variant kimi qaldığını bildirib

İrana daha bir zərbə dalğasına baxmayaraq Ağ ev diplomatiyanın hələ də mümkün variant olduğunu bildirib.

Ağ evin sözçüsü Kerolayn Levitt deyib ki, "son bir neçə gün ərzində endirilən zərbələrin səbəbi İranın bizimlə bağladığı anlaşma memorandumunu pozmasıdır".

"O memorandumda xüsusilə deyilirdi ki, İran Hörmüz boğazından keçən kommersiya gəmilərinə atəş açmayacaq. Təəssüf ki, onlar bunu etməklə bağlı faciəvi qərar verdilər", – Livitt söyləyib.

"Prezident İran rəhbərliyini ABŞ qarşısında verdiyi sözlərdən geri çəkildiyinə görə məsuliyyətə cəlb edəcək. Amma eyni zamanda o, diplomatiyaya da həmişə açıqdır", – Ağ evin sözçüsü jurnalistlərə deyib.

Levitt əlavə edib ki, "İran tərəfi hələ də prezidentlə razılıq əldə etmək istədiyini bildirib. Biz onlarla danışırıq. Amma prezident onların Hörmüz boğazında gəmilərə hücuma görə bədəl ödəməməsinə imkan verməyəcək".

Donald Tramp iyulun 16-da axşam televiziya ilə xalqa müraciətində deyib ki, "Biz İranda böyük uğurlar qazanırıq. Bunun nəticələrini çox yaxın zamanda görəcəksiniz".

O, əlavə açıqlama verməyib.

ABŞ ordusu İrana altıncı gecə zərbələr endirib

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana növbəti genişmiqyaslı zərbələr dalğasını başa çatdırdığını açıqlayıb. ABŞ altıncı gecədir İrana ardıcıl zərbələr endirir.

CENTCOM bildirib ki, qırıcı təyyarələr, dronlar və hərbi gəmilərin iştirakı ilə dəqiq zərbələr həyata keçirilib, İranın hərbi imkanları daha da zəiflədilib. Məqsədin Tehranı son vaxtlar kommersiya gəmilərinə hücumlarına görə məsuliyyətə cəlb etmək olduğu vurğulanıb.

Bəyanatda deyilir ki, hazırda Yaxın Şərqdə 50 mindən çox ABŞ hərbçisi xidmət edir.

Küveyt, Bəhreyn və Qətər iyulun 17-si səhər saatlarında raket və dron hücumlarına məruz qaldıqlarını bildiriblər. Hücumlar Tehranın cavab addımı kimi qiymətləndirilir.

"Küveytin hava hücumundan müdafiə qüvvələri İranın günahkar təcavüzündən sonra düşmən raketləri və dronlarının hücumlarını dəf edir", – Küveyt ordusu X platformasında yazıb.

Bəhreynin Daxili İşlər Nazirliyi ölkədə hava həyəcanı siqnalı verildiyini açıqlayıb, vətəndaşları sığınacaqlara getməyə çağırıb.

İran ordusu isə bəyan edib ki, Bəhreyndəki hərbi bazada ABŞ helikopter və təyyarələrini "düşmənin şəhər infrastrukturunu və dinc insanları hədəfə alan hücumlarına cavab olaraq" vurur.

Davamı

XS
SM
MD
LG