Keçid linkləri

2026, 09 Avqust, bazar, Bakı vaxtı 20:52
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.

Tramp: İranla müharibə 'çox tezliklə' başa çatacaq

ABŞ və İsrail fevralın 28-də səhər İrandakı hədəflərə zərbələr endirməyə başlayıb. İran buna İsrail və regiondakı digər ölkələrdə ABŞ bazalarına raket, həmçinin dron hücumları ilə cavab verib. Aprelin 8-də Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında iki həftəlik atəşkəs elan olunub, danışıqlara start verilib.

Küveyt: İranın hücumu nəticəsində elektrik stansiyası və duzsuzlaşdırma qurğusu zədələnib

Küveyt iyulun 17-də İranın hücumu nəticəsində ölkədəki elektrik enerjisi istehsalı və dəniz suyunun duzsuzlaşdırılması stansiyalarından birinin zədələndiyini açıqlayıb.

Hücum nəticəsində yanğın baş verib və elektrik istehsal edən bir neçə blokun fəaliyyəti dayanıb. Məlumatı Küveytin Elektrik Enerjisi, Su və Bərpaolunan Enerji Nazirliyi yayıb.

Yanğın söndürülüb, texniki qruplar dəyən ziyanı qiymətləndirir, sıradan çıxmış enerji bloklarının fəaliyyətini bərpa etməyə çalışırlar.

Bu insidentdən əvvəl İran Yaxın Şərqdəki ABŞ obyektlərinə yeni hücumlar həyata keçirdiyini bəyan edib. ABŞ isə bundan öncə İrandakı hərbi hədəflərə ardıcıl altıncı gecə zərbələr endirib.

Ağ ev diplomatiyanın hələ də mümkün variant kimi qaldığını bildirib

İrana daha bir zərbə dalğasına baxmayaraq Ağ ev diplomatiyanın hələ də mümkün variant olduğunu bildirib.

Ağ evin sözçüsü Kerolayn Levitt deyib ki, "son bir neçə gün ərzində endirilən zərbələrin səbəbi İranın bizimlə bağladığı anlaşma memorandumunu pozmasıdır".

"O memorandumda xüsusilə deyilirdi ki, İran Hörmüz boğazından keçən kommersiya gəmilərinə atəş açmayacaq. Təəssüf ki, onlar bunu etməklə bağlı faciəvi qərar verdilər", – Livitt söyləyib.

"Prezident İran rəhbərliyini ABŞ qarşısında verdiyi sözlərdən geri çəkildiyinə görə məsuliyyətə cəlb edəcək. Amma eyni zamanda o, diplomatiyaya da həmişə açıqdır", – Ağ evin sözçüsü jurnalistlərə deyib.

Levitt əlavə edib ki, "İran tərəfi hələ də prezidentlə razılıq əldə etmək istədiyini bildirib. Biz onlarla danışırıq. Amma prezident onların Hörmüz boğazında gəmilərə hücuma görə bədəl ödəməməsinə imkan verməyəcək".

Donald Tramp iyulun 16-da axşam televiziya ilə xalqa müraciətində deyib ki, "Biz İranda böyük uğurlar qazanırıq. Bunun nəticələrini çox yaxın zamanda görəcəksiniz".

O, əlavə açıqlama verməyib.

ABŞ ordusu İrana altıncı gecə zərbələr endirib

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana növbəti genişmiqyaslı zərbələr dalğasını başa çatdırdığını açıqlayıb. ABŞ altıncı gecədir İrana ardıcıl zərbələr endirir.

CENTCOM bildirib ki, qırıcı təyyarələr, dronlar və hərbi gəmilərin iştirakı ilə dəqiq zərbələr həyata keçirilib, İranın hərbi imkanları daha da zəiflədilib. Məqsədin Tehranı son vaxtlar kommersiya gəmilərinə hücumlarına görə məsuliyyətə cəlb etmək olduğu vurğulanıb.

Bəyanatda deyilir ki, hazırda Yaxın Şərqdə 50 mindən çox ABŞ hərbçisi xidmət edir.

Küveyt, Bəhreyn və Qətər iyulun 17-si səhər saatlarında raket və dron hücumlarına məruz qaldıqlarını bildiriblər. Hücumlar Tehranın cavab addımı kimi qiymətləndirilir.

"Küveytin hava hücumundan müdafiə qüvvələri İranın günahkar təcavüzündən sonra düşmən raketləri və dronlarının hücumlarını dəf edir", – Küveyt ordusu X platformasında yazıb.

Bəhreynin Daxili İşlər Nazirliyi ölkədə hava həyəcanı siqnalı verildiyini açıqlayıb, vətəndaşları sığınacaqlara getməyə çağırıb.

İran ordusu isə bəyan edib ki, Bəhreyndəki hərbi bazada ABŞ helikopter və təyyarələrini "düşmənin şəhər infrastrukturunu və dinc insanları hədəfə alan hücumlarına cavab olaraq" vurur.

SEPAH: Küveyt və İordaniyadakı ABŞ bazalarına zərbələr endirilib

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) iyulun 16-da iki ayrı bəyanatda Küveyt və İordaniyadakı ABŞ hərbi bazalarına zərbələr endirdiyini iddia edib.

Birinci bəyanatda SEPAH bildirib ki, ABŞ hərbçiləri əvvəlki gecə İordaniyadakı hava bazalarından İrana hücumlar həyata keçiriblər.

Bəyanata görə, SEPAH cavabında İordaniyanın Əzraq aviabazasındakı "ABŞ qırıcı təyyarələrinin meydançasına və ABŞ-nin yeni komanda-idarəetmə mərkəzinə" raket zərbələri endirib.

SEPAH ikinci bəyanatda Küveytdəki Əli Əl-Salem aviabazasındakı "peyk rabitə mərkəzinə, erkən xəbərdarlıq radar kompleksinə və Şuəybə bölgəsindəki ABŞ hərbi körpüsünə" raket və dronlarla birgə hücum gerçəkləşdirdiyini iddia edib.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM), hələlik, SEPAH-ın bu iddialarına münasibət bildirməyib.

İordaniyanın dövlət xəbər agentliyi isə ölkə ordusuna istinadla gecə saatlarında İrandan buraxılan 8 raketin zərərsizləşdirildiyini bildirib.

CENTCOM da İranın sahil müdafiə sistemləri və raket imkanlarının hədəf götürüldüyünü açıqlayıb.

Qurumun məlumatına görə, İrana son zərbələr Tehranın Hörmüz boğazında kommersiya gəmilərinə təhdid imkanlarını zəiflətmək məqsədi daşıyır. Gecə əməliyyatları zamanı bir neçə hədəfə, o cümlədən İranın cənubundakı Bəndər-Abbas liman şəhərinə zərbələr endirilib. Bundan əvvəl isə Böyük Tunb adasında yerləşən sahil müdafiə sistemləri və qanadlı raket mövqeləri vurulmuşdu.

Davamı

XS
SM
MD
LG