Keçid linkləri

2026, 09 Avqust, bazar, Bakı vaxtı 21:37
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.

Tramp: İranla müharibə 'çox tezliklə' başa çatacaq

ABŞ və İsrail fevralın 28-də səhər İrandakı hədəflərə zərbələr endirməyə başlayıb. İran buna İsrail və regiondakı digər ölkələrdə ABŞ bazalarına raket, həmçinin dron hücumları ilə cavab verib. Aprelin 8-də Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında iki həftəlik atəşkəs elan olunub, danışıqlara start verilib.

Qalibafdan xəbərdarlıq: İran Anlaşma Memorandumundan çıxa bilər

İran parlamentinin sədri və ölkənin danışıqlarda baş təmsilçisi Məhəmməd Baqir Qalibaf ABŞ ilə danışıqların davam etdirilməsinə dəstək bildirib. O, İslam Respublikasının Vaşinqtonla "ölüm-dirim müharibəsi" apardığını bildirib.

Qalibaf iyulun 15-də İran mediasının yaydığı bəyanatında bildirib ki, İranın milli təhlükəsizliyi Hörmüz boğazında "İranın mexanizmlərinin" qorunmasından, bu strateji su yolunda ticarət gəmilərinin "maksimum təhlükəsiz və maneəsiz hərəkətinin" təmin edilməsindən asılıdır.

Qalibaf İran və ABŞ-nin imzaladığı Anlaşma Memorandumu barədə deyib ki, əgər İran "bu sənəddən fayda əldə etməyəcəksə, onda... belə bir razılaşmaya sadiq qalmağımız üçün heç bir səbəb yoxdur". Son günlərin yeni hərbi qarşıdurmaları fonunda bu sənədin qüvvədən düşdüyü görünür.

İran və ABŞ prezidentləri Anlaşma Memorandumunu iyunun 15-də imzalayıblar. Sənədə əsasən, Hörmüz boğazı yenidən gəmiçiliyə açılıb, ABŞ İran limanlarına dəniz blokadasını qaldırıb.

Ötən həftə SEPAH- Hörmüz boğazında bir neçə gəmiyə hücum edəndən sonra ABŞ İran ərazisindəki hədəflərə zərbələr endirib. Bu həftə döyüşlər daha da şiddətlənib, ABŞ Prezidenti Donald Tramp İrana dəniz blokadasının bərpa olunması göstərişi verib. ABŞ qüvvələri iyulun 14-ü gecə saatlarından blokadanın icrasına başlayıb.

Qalibaf bəyanatında bildirib ki, İran "nə müharibədən, nə də danışıqlardan qorxmalıdır; müharibə də, danışıqlar da milli maraqların qorunmasının iki fərqli üsuludur".

Bu arada İranın ali rəhbərliyinə yaxın sərt xətt tərəfdarları keçmiş ali rəhbər Əli Xameneinin ABŞ-İsrailin birgə zərbələri nəticəsində öldürülməsinə görə Vaşinqtondan "qisas alınmasını" tələb edirlər. Onlar ABŞ ilə danışıqların davam etdirilməsinə qarşı çıxırlar.

Qalibaf belə fikirlərə cavabında bildirib ki, danışıqları "güzəşt" kimi qiymətləndirmək olmaz, bunu danışıqlar və ya müdafiə arasında seçim kimi təqdim etmək "strateji səhv"dir.

CENTCOM: Blokadanın ilk saatlarında 2 gəminin yolu dəyişdirilib

ABŞ ordusunun Mərkəzi Komandanlığı (CENTCOM) İrandan daşımalara qarşı dəniz blokadasının ilk saatlarında iki kommersiya gəmisinin istiqamətini dəyişdirdiyini açıqlayıb.

CENTCOM iyulun 15-də yaydığı bəyanatda bildirib ki, qüvvələri “blokadanı yarmağa cəhd edən” iki gəmini geri qaytarıb.

Komandanlıq əlavə edib ki, İrana qarşı dəniz məhdudiyyətlərinə tam əməl olunmasını təmin etmək üçün “ayıq-sayıqdır, bütün zəruri tədbirləri görməyə hazırdır”.

İran daha mühüm dəniz yollarını bağlamaqla hədələyir

İran iyulun 15-də regionun digər enerji ixrac marşrutlarını bağlamaqla hədələyib. Bu təhdid ABŞ-nin İran limanlarına dəniz blokadasını bərpa etməsi, hər iki tərəfin Hörmüz boğazına nəzarət uğrunda yeni zərbələr endirməsi fonunda səslənir. Bəyanatın Qırmızı dənizə çıxışı təmin edən Bab əl-Məndəb boğazını hədəflədiyi görünür.

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) iyulun 15-də bildirib ki, ABŞ ordusunun zərbələrinə cavab olaraq Bəhreyn, Küveyt və İordaniya daxil ABŞ hərbi obyektlərinə zərbələr endirib.

ABŞ “özünün və müttəfiqlərinin faydalandığı bütün digər ixrac marşrutlarının bağlanmasına hazır olmalıdır”, SEPAH bəyan edib.

“Regionun enerji ixracından ya hamı faydalanacaq, ya da heç kim”, – bəyanatda deyilir.

ABŞ ordusu iyulun 15-də yeddi saat ərzində Hörmüz boğazı ətrafında və İranın sahil bölgələrində onlarla hərbi hədəfə zərbələr endirdyini açıqlayıb. CENTCOM sonradan zərbələrin bərpa olunduğunu açıqlayıb.

Vaşinqton İranın son bir həftə ərzində yeddi kommersiya gəmisinə hücum etdiyini, nəticədə təxminən 12 ekipaj üzvünün öldüyünü, itkin düşdüyünü və ya yaralandığını bildirib.

Təhlilçilərin fikrincə, İran Yəməndəki husi müttəfiqləri vasitəsilə Bab əl-Məndəb boğazını bağlaya biləcəyinə işarə edir. Bu isə Vaşinqtona qarşı yeni cəbhənin açılması, dünyanın ən mühüm iki enerji nəqliyyat dəhlizinin təhlükə altına düşməsi demək olar.

ABŞ ordusu İrana yeni zərbələr endirib

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana yeni zərbələr dalğasının başladığını açıqlayıb. Bir neçə saat əvvəl qurum İrandakı hərbi obyektlərə zərbələrin başa çatdığını bildirmişdi.

"Bu zərbələr İran qüvvələrinin Hörmüz boğazında kommersiya gəmiçiliyinə hücum etmək üçün yararlandığı hərbi imkanları daha da zəiflətmək məqsədi daşıyır", – CENTCOM X sosial şəbəkəsində bildirib.

Zərbələr iyulun 15-də ABŞ-nin Şərq vaxtı ilə saat 06:00-da başlayıb.

Davamı

XS
SM
MD
LG